Qəzetin çapı iyunun 1-dən dayana bilər
“Azərbaycan” Nəşriyyatı “Azadlıq” qəzetinə iyun ayının 1-nə qədər vaxt verib. Həmin vaxta qədər qəzetin Nəşriyyata olan borcu ödənməsə qəzetin çapı dayandırılacaq. Bu barədə Nəşriyyat rəhbərliyinin qzəetə göndərdiyi məktubda deyilir:
“Azərbaycan” nəşriyyatı ilə redaksiyanız arasında bağlanmış müqavilələrə əsasən, 20.05.2014-cü il tarixinədək redaksiyanızın nəşriyyata çap xərclərinə görə 17018.00 manat, kommunal xəclərinə görə 982.00 manat, cəmi isə 18000.00 manat debitor borcu yaranmışdır.
Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, bu borcun ödənilməsi üçün Sizin tərəfinizdən kifayət qədər tədbir görülməmişdir ki, bunun da nəticəsində “Azərbaycan” nəşriyyatı çətin maliyyə durumuna düşmüşdür.
Yuxarıdakıları nəzərə alaraq, 01.06.2014-cü il tarixinədək debitor borcların hissə-hissə ödənilməsini Sizdən xahiş edirik. Əks halda qəzetinizin çap edilməsi və digər xidmətlərinin göstərilməsi nəşriyyatın maliyyə imkanları xaricində olacaqdır”.
“Azadlıq”ın baş redaktorunun birinci müavini Rahim Hacıyev deyir ki, qəzetin Nəşriyyata mövcud maliyyə imkanları baxımından belə böyük məbləğdə borcunun yaranması ciddi səbəblərlə bağlıdır: “Son illər ərzində “Azadlıq”a qarşı hakimiyyətin apardığı təzyiq kampaniyası qəzetin maliyyə vəziyyətinin hədisz ağırlaşamasına səbəb olub. Məlumat üçün bildirirəm ki, metroda qəzet satışının qadağan edilməsi, əl yayımına qarşı qoyulan yasaqlar, eləcə də KİV-ə dövlət Dəstəyi Fondunun “Azadlıq” qəzetiylə əməkdaşlığı dayandırması qəzeti faktiki olaraq gəlir mənbələrindən məhrum edib. Bütün bunlarla yanaşı qeyd etmək vacibdir ki, Nəşriyyat bizdən ona olan 18 min manat məbləğində borcunu tələb etdiyi vaxtda “Qasid”in bizə olan borcu 70 min manata çatıb. Qəzet satışına yaradılmış süni əngəllər, reklamın yoxluğu mövcud vəziyyətdə “Azadlıq”ın bağlanma təhlükəsinin nə qədər real olduğunu göstərir. Qəzet üçün yaradılmış bu ağır problemlərin həlli naminə biz “Azadlıq”ın kollektivi olaraq ictimaiyyətə üz tutmağa məcburuq. Güman edirik ki, Azərbaycanın demokratik ictimaiyyəti ölkəmizin ictimai-siyasi həyatının böyük fenomeni olan “Azadlıq”ı xilas etmək üçün zəruri addımlar atacaq və biz fəaliyyətimizi davam etdirəcəyik”.
Ramin DEKO