Məsələ ilə Ramiz Mehdiyev məşğul olur…

Təsəvvür edin ki, Azərbaycan Vyetnam və yaxud Şimali Koreya ilə qonşu ölkədir. Üstəlik, dünyanı təhdid edə biləcək silahı da var. Indiki iqtidar, yəni Əliyevlər sülaləsi də hakimiyyətdədir. Ermənistan kimi qonşumuz da yoxdur, Qarabağ problemimiz də yoxdur, Nizami və Füzuli də bizim olub. Əlqərəz, xəyalınızda canlandırın ki, ABŞ və Qərb etiraz etmir, YAP hakimiyyəti da bildiyini edir…

Dəhşətli yuxudur, deyilmi? Odur ki, gəlin bir az naşükür olmayaq, yaşadığımız siyasi-coğrafi məkanı və iqtidarın yalnız öz xalqımızı təhdid etməsini “dəyərləndirməyi”(!) bacaraq.

Dünyanın yenidən cızılan siyasi xəritəsində, birmənalı şəkildə avtoritar Azərbaycan yoxdur. Bu prosesin üç və yaxud beş il çəkəcəyi dəqiq bilinməsə də, onun həyata keçəcəyi dəqiqdir. Artıq avtoritar rejimlərin əksəriyyəti bunu anlayır. Hətta Ukrayna hadisələrindən sonra Şərqi Avropanın alınmaz diktatura qalası sayılan Belarus da yumşalıb. Bunu Aleksandr Lukaşenkonun son açıqlamalarında açıq-aşkar hiss etmək mümkündür. O, Ukrayna ilə Rusiya arasında seçim etməkdə zorlanır, “nə şiş yansın, nə kabab” ritorikasından çıxış edir. Digər postsovet respublikalarının əksəriyyəti də “gözləmə” mövqeyindədir və Rusiya-Ukrayna qarşıdurmasının nə ilə qurtaracağını gözləyirlər…

Azərbaycan iqtidarının vəziyyəti isə, tamam başqadır. Başqa dillə desək, Əliyev iqtidarı demokratiyaya keçidin hər hansı bir formasına hazır deyil. Bu səbəbdən iqtidarın tərcihi Rusiyadır və hələlik başqa varianta hazır deyil. Yadınızdadırsa, təxminən bir ay əvvəl, rejimə bağlı deputat Qüdrət Həsənquliyev Rusiyanın maraqları naminə suveren hüquqlarımızın bir çoxundan imtina etməyi (!) təklif etdi. Ardından başqa bir deputat Eldar Ibrahimov isə, açıq şəkildə Putini Əliyev hakimiyyətinin qarantı adlandırdı. Hər iki deputat açıq dövlətçiliyin əleyhinə çıxışa görə məsuliyyətə cəlb edilməli idi, amma bu baş vermədi. Çünki bu, onların deyil, rejimin mövqeyi idi.

Hazırda iqtidarın siyasi mətbəxindən müxtəlif mətbu orqanlarına təxminən eyni mövzuda yazılar ötürülməkdədir. Daxili auditoriyaya hesablanan bu “analitik” yazılar Azərbaycanın Rusiya ilə Qərb arasında “çətin seçiminə” həsr olunub. Guya Azərbaycan “iki od”, yəni ABŞ və Rusiya arasında qalıb. Əlqərəz, müstəqil və balanslı siyasət təhlükədədir və Azərbaycan iqtidarı “götür-qoy” edir… 

Son günlər Azərbaycanın Rusiyanın təsir dairəsindən aralanıb Qərbə inteqrasiya edə biləcəyindən çox danışırlar. Bu o deməkdir ki, Azərbaycan Qərblə enerji tərəfdaşlığı ilə bərabər, siyasi islahatlara da getməlidir. Bu isə Əliyevlər rejimini qane etmir. Iqtidarın mövcud sistem üçün Qərbdən qarantiya almaq cəhdləri hər dəfə uğursuzluqla nəticələnir. 

Ədalət naminə deməliyik ki, nə ABŞ, nə də Qərb indiyədək müstəqilliyimizi təhdid edən hər hansı bir addım atmamışdır, əksinə, onlar Qarabağı Azərbaycanın ərazisi kimi qəbul edirlər. Mütəmadi olaraq torpaqlarımızın azad edilməli olduğunu vurğulayır, bu istiqamətdə mühüm sənədlər qəbul edirlər. 

Qərbin Azərbaycandan, daha doğrusu Əliyevlər rejimindən tələbi bunlardır: demokratik azadlıqlar və korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə… 

Milyonlarla Azərbaycan vətəndaşının korrrupsiya və rüvətxorluqdan əziyyət çəkməsini nəzərə alsaq, bunun nəyi pisdir?

Başqa cür desək, bunun harası Azərbaycanı təhdid etməkdir? Ölkədə korrupsiyanın kökü kəsilsə, bəyəm dünya dağılar?.. 

Prezident Adminstrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ABŞ səfiri Riçard Morninqstara verdiyi cavabdan məlum oldu ki, korrupsiyanın kökünün kəsilməsi Əliyevlər rejiminin sonu deməkdir və nə qədər ki, onlar iş başındadır, bu mümkün deyil. Novruz Məmmədov bir az da irəli gedərək, ABŞ-ı korrupsiyada(!) ittiham etdi. Bu həm də Azərbaycanın “iki od” arasında qalması haqqında gedən təbliğatın nağıl olmasına işarə idi.

Novruz Məmmədova qədər bütün rəsmilər korrupsiya məsələsində Qərblə sözün əsl mənasında məzələnirdilər. Deyirdilər ki, mübarizə gedir, inşallah, bu yaxınlarda kökünü kəsəcəyik, artıq məsələ ilə şəxsən Ramiz Mehdiyev məşğul olur və s.

Novruz Məmmədov isə son açıqlaması ilə Qərbi çıxılmaz vəziyyətə saldı. O, korrupsiya və demokratiyadan başqa istənilən mövzuya açıq olduqlarını bildirdi. 

Yerdə qalan isə 9 milyonluq xalqın acı taleyidir…