Sülhəddin Əkbər: «Hakimiyyətin Rusiyaya meyil etməyə başlaması qrup maraqlarından irəli gəlir»
Hazırda Qərbin Azərbaycana diqqətinin artdığını ölkəmizə olan səfərlər də sübut edir. Fransa prezidenti Fransua Ollandın Bakıya səfərindən və burada demokratik düşərgənin təmsilçiləri ilə görüşündən sonra AB-nın Azərbaycana marağını ifadə edəcək digər səfərlər də reallaşıb. Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın Azərbaycana səfəri zamanı verdiyi mühüm bəyanatlar, Qərbin Azərbaycanı Avropanın bir hissəsi kimi görmək istəyini ifadə etməsi birmənalı qarşılanmamalıdır.
İsveçrə Konfederasiyasının Prezidenti, ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalterin isə Azərbaycana rəsmi səfəri iyunun 2-də reallaşacaq. Yəni həm səfərlər, həm də AB təmsilçilərinin verdiyi bəyanatlar da Azərbaycanın geosiyasi əhəmiyyəti qabardılmaqla yanaşı, rəsmi Bakıdan Avropaya inteqrasiya yolunda bir sıra addımlar atılmasını gözlədiklərini gizlətmirlər. Amma Azərbaycana göstərilən bu diqqətin qarşılığında rəsmi Bakının apardığı siyasət maraq doğurur.
Azərbaycan hakimiyyətinin xarici siyasət vektorundakı qeyri-müəyyənliyi və Avropa ilə əməkdaşlıqda maraqlı olmamağı dövlət başçısının son səfəri də sübut edir. İ.Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 4-cü Zirvə Toplantısında iştirak etmək üçün mayın 19-da Çinə səfər edib. Bundan öncə isə İ.Əliyev Vyetnamda səfərdə idi. O zaman Azərbaycana ciddi diqqətin olduğu bir zamanda hakimiyyətin atdığı addımlar maraq doğurur.
Azad Demokratlar Partiyasının təşkilat komitəsinin sədri Sülhəddin Əkbər vurğuladı ki, hazırda regionda baş verən proseslərə qiymət verərkən Rusiya ilə Qərbin bölgəyə münasibətinə diqqət yetirmək lazımdır. Hazırda Rusiyanın Cənubi Qafqazı özünün maraq dairəsi hesab etdiyini deyən S.Əkbər vurğuladı ki, Kreml maraqlarını təmin etmək üçün regionda hərbi qüvvə işlətməkdən belə çəkinmir. Amma Qərb üçünsə Azərbaycanın strateji önəmi artsa da, bu «həyatı maraq» səviyyəsində deyil: «İyunun 27-dən sonra Moldova, Gürcüstan və Ukrayna Avropa Birliyi ilə əməkdaşlığı dərinləşdirdikdən sonra Qərbin Cənubi Qafqaza münasibəti tam formada dəyişə bilər. Amma Ukraynada baş verənlər göstərdi ki, Avropa Birliyi, Qərb maraqlarını təmin etməkdən ötrü hələlik sərt, hərbi gücdən istifadə etmək fikrində deyil. Ona görə də region ölkələri, xüsusilə də Azərbaycan hakimiyyəti Rusiyaya meyil etməyə başlayıb. Təəssüf ki, Qərbin 2008-ci ildə Gürcüstanı, bu il isə Ukraynanı Rusiyadan qoruya bilməmələri istər-istəməz yerli hakimiyyətlərin siyasətinə təsir edir. Və Azərbaycan hakimiyyəti həm öz iqtidarını qorumaq, həm də Rusiyadan gələn təzyiqlərdən yayınmaq üçün bu cür addımlar atır».
Azərbaycanın dövlət başçısının Çində Putinin də qatıldığı qatıldığı toplantıda iştirakına məhz bu kontekstdən yanaşmağın tərəfdarı olan S.Əkbər vurğuladı ki, Azərbaycan hakimiyyəti üçün hazırda prioritet olan iqtidarın maraqlarıdır: «Milli maraqlarla hakimiyyət maraqları üst-üstə düşəndə hakimiyyət milli maraqlardan da çıxış edir. Amma əgər seçim olarsa, diktatuorlar, avtoritar rejimlər həmişə milli maraqları deyil, öz qrup maraqlarını üstün tuturlar».
Xəyal


