İlham Əliyev Morninqstarın müsahibəsini əldə bayraq edərək Qərblə qarşıdurmaya gedir
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın AzadlıqRadiosuna müsahibəsindən sonra başlanan anti-Qərb kampaniyası daha da şiddətlənib. Dünən Prezident Administrasiyası və Xarici Işlər Nazirliyindən də səfirin müsahibəsinə reaksiya gəlib. Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov APA-ya müsahibəsində Morninqstarın və bütövlükdə ABŞ-ın ünvanına sərt ittihamlar səsləndirib.
“Hesab edirəm ki, nə ABŞ-ın, nə də başqa bir böyük dövlətin və ya beynəlxalq qurumun Azərbaycanın daxili işlərinə, yaxud xarici siyasətinə hər hansı formada müdaxilə cəhdi, onu idarə etməyə çalışması, ”bu xalqa neçə yaşamağı öyrətməsi” heç də yaxşı hal deyil. Düşünürəm ki, belə cəhdlərin səmərəsi də olmayacaq”, – deyə Əli Həsənov bildirib.
Şöbə müdiri daha sonra Morninqstarı qeyri-peşəkarlıqda ittiham edib: “Azərbaycanın daxili və xarici siyasət məsələlərini qeyri-obyektiv və qərəzli şərh etmək, yolverilməz ritorikadan istifadə, müstəqil bir ölkənin hakimiyyəti daxilində təsnifat aparmaq, öz dünyagörüşünü, ölkəsinin maraqlarını digər bir müstəqil dövlətə qəbul etdirmək cəhdləri, əlbəttə ki, peşəkar diplomatiya nümunəsi sayıla bilməz. Riçrad Morninqstarın müsahibəsində irəli sürülən bir çox iddialar erməni diasporunun təsiri altında neçə illərdir ki, öz anti-Azərbaycan mövqeyi ilə ad çıxarmış bəzi xarici QHT-lərin hesabatlarındakı subyektiv mülahizələri xatırladır. Açıq söyləyim, bu paralellik bizi olduqca narahat edir və düşündürür. Bu gün dünyanın müxtəlif nöqtələrində ABŞ və Qərbin yaxından iştirakı ilə elə hadisələr baş verir ki, təkcə biz yox, bütün dünya bunların məntiqini başa düşməkdə çətinlik çəkir. Iraq, Liviya, Misir, Suriya, Ukrayna və bəzi digər ölkələrdə baş verən ”Maydan” hərəkatları müasir beynəlxalq münasibətlər sistemində mövcud olan bütün mütərəqqi prinsiplərin üzərindən xətt çəkir”.
Əli Həsənov səfirin “hökumət monolit deyil” fikrinə də xüsusi olaraq toxunub: “O ki qaldı Azərbaycanda hakimiyyətin qeyri-monolit olması fikrinə, düşünürəm ki, bu da cənab səfirin subyektiv mülahizəsindən başqa bir şey deyil.
Azərbaycanın daxili və xarici siyasəti hansısa dairələrin istək və arzularına uyğunlaşdırılmış formada deyil, milli maraqlar nəzərə alınmaqla həyata keçirilir”.
Şöbə müdiri daha sonra beynəlxalq gücləri Ukraynada baş verənlərə görə ittiham edib: “Ukraynadakı ”Maydan” hərəkatı da bəzi beynəlxalq güclərin layihəsidir və onlar hazırda bu ölkədə baş verənlərə – vətəndaş qarşıdurması, xaos və anarxiyaya, dövlətin parçalanmasına görə birbaşa məsuliyyət daşıyırlar. Əgər həmin dairələr Azərbaycanda da analoji proseslərin baş verməsini istəyirlərsə, bunun qarşısını almaq da bizim vəzifəmiz və borcumuzdur. Azərbaycan iqtidarı dövlətin təhlükəsizliyini təhdid edən istənilən addıma layiqli cavab verməyə hazırdır və heç bir isterik bəyanat, çərçivəni aşan ritorika dövlətin iradəsini sarsıda bilməz”.
“Azərbaycan üçün onun daxili işlərinə qarışma və ya istiqamət vermə cəhdləri qəbuledilməzdir. Azərbaycan öz siyasətində digər dövlətlərin daxili işlərinə qarışmaqdan kənar durur və bu əsasda da digər dövlətlərin, eləcə də ABŞ-ın eyni cür davranış nümayiş etdirməsini zəruri sayır”.
Bu sözləri isə APA-ya Xarici Işlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.
O, bildirib ki, dövlətlərarası münasibətlər bərabərhüquqluluq prinsipinə əsaslanmalıdır: “Müstəqil inkişaf xəttimiz, o cümlədən uğurlu islahatlarımız, hüquqi dövlət quruculuğu, güclü vətəndaş cəmiyyətinin yaradılması və möhkəmləndirilməsi istiqamətində gördüyümüz işlər göz qabağındadır. Biz bir çox sahələrdə islahatlar həyata keçirərək, böyük uğurlara imza atmış bir dövlətik. Bu gün beynəlxalq ictimaiyyətə uğurlu bir model kimi nümayiş etdirilmiş ölkəyik. Dünyanın bir çox nüfuzlu ölkələri Azərbaycanın uğurlu inkişaf modelini çox bəyənir və əksər hallarda çox müdrik daxili və xarici siyasət həyata keçirildiyini vurğulayırlar. Bir çox Qərb ölkələrinin, o cümlədən ABŞ-ın onilliklər ərzində görə bilmədikləri işləri Azərbaycan qısa müddət ərzində görüb. Dəfələrlə bildirmişik ki, bu cür siyasi motivli bəyanatların verilməsi və müstəqil məhkəmələrin işinə müdaxilə etmək cəhdləri ölkələrimiz arasındakı münasibətlərə kölgə salır”.
Bundan başa dünən Riçard Morninqstarın Azərbaycandan qovulması təklifilə də çıxış edənlər olub. Bu sırada Qüdrət Həsənquliyevin sədri olduğu hökumətyönlü Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının adını qeyd etmək olar.
Riçard Morninqstarın müsahibəsinə hakimiyyət düşərgəsindən gələn reaksiyalardan belə anlaşılır ki, iqtidar Qərblə münasibətləri gərginləşdirmək xəttini tutub. Eyni zamanda bu kampaniyaya xüsusi olaraq Qərblə müəyyən ilişgiləri olan iqtidar təmsilçilərini də qoşublar. Məsələn, deputatlar Səməd Seyidovu, Əli Hüseynovu nümunə göstərmək olar. Görünür, Ilham Əliyev bununla həm də səfirin “hökumət monolit deyil” fikrinin əsassız olduğunu sübut etmək istəyir.