Bir səfirin tənqidinə belə reaksiya verilirsə, tənqidi fikir səsləndirən sıravi vətəndaşı hansı aqibət gözləyir?
Azərbaycandakı real vəziyyət ölkə ictimaiyyəti ilə yanaşı, beynəlxalq aləmə də məlumdur. Ancaq, bir qayda olaraq hakimiyyət yerli və beynəlxalq ictimaiyyəti aldatmaq yolunu tutur və ölkədə demokratik dəyərlərin inkişafı görüntüsünü yaratmağa çalışır.
Ölkə başçısı Ilham Əliyev dəfələrlə müşavirələrdə, xarici səfərlərdə, ölkə ictimaiyyəti ilə görüşlərdə bildirib ki, Azərbaycanda fikir müxtəlifliyinə hörmətlə yanaşılır, söz azadlığı yüksək şəkildə təmin edilir, tənqidə dözümlülük var.
Ancaq, hər dəfə bu fikirlər real faktlar qarşısında iflasa uğrayır və rejimin ifşası ilə nəticələnir.
Bir müddət öncə Almaniya mətbuatı Azərbaycan hakimiyyəti haqqında tənqidi materiallar yaydı. Bu məqalələr kifayət etdi ki, hökumətin nəzarətində olan qəzetlər, televiziya kanalları Almaniyanı düşmən elan etsin. Vəziyyət o həddə çatdı ki, Almaniya səhiyyəsinin, iqtisadiyyatının, təhsilinin bərbad vəziyyətdə olması haqqında “ekspert” rəyləri ölkəni bürüdü.
Daha sonra eyni hal Türkiyəyə , Irana qarşı da müşahidə olundu. “Milyarderlər Ittifaqı” yarananda hökumət Rusiyaya qarşı da “qara piar” a başladı və bu ölkənin Azərbaycanda iğtişaş yaratmaq istədiyini bildirdilər.
Eyni zamanda beynəlxalq təşkilatlar “Human Right Watch”, “Amnesty International”, “Freedom Hause” Azərbaycan hakimiyyətini tənqid etdiyinə görə ermənipərəstlikdə ittiham olundu. Xatırladaq ki, hər 3 təşkilat dəfələrlə öz hesabatlarında Azərbaycanla bağlı konkret faktlara istinad edib və ölkədə insan haqlarının tapdanmasını, siyasi məhbusların olmasını, demokratik mühitin olmamasını göstəriblər.
Son olaraq isə ABŞ səfiri Riçard Morninqstarın “Azadlıq” radisuna müsahibəsi hökumətdə “soyuq duş” effekti yaratdı. ABŞ səfirinin “hökumət monolit deyil” ifadəsi kifayət etdi ki, hakimiyyət bu ölkəyə qarşı ağlagəlməz ittihamlar səsləndirsin. Belə ki, PA rəsmisi Novruz Məmmədov “Molotov kokteyli”nin hazırlanmasında və Ukraynadakı inqilabda ABŞ-ı günahlandırdı. Vitse-spiker Valeh Ələsgərov isə ABŞ səfirini diplomatik etikaya əməl etmədiyini bildirdi və səfirin yaşlandıqca başını itirdiyinə eyham vurdu. Millət vəkili Mübariz Qurbanlı ABŞ səfirinin fikirlərinin əsassız olduğunu, Səməd Seyidov isə bu fikirlərin qəbuledilməzliyini ifadə etdi.
Yuxarıda sadaladığımız faktlar Azərbaycan hakimiyyətinin tənqidə nə qədər “dözümlü” olduğunu göstərmək üçün kifayətdir.
Məsələnin başqa tərəfi ondan ibarətdir ki, hakimiyyət baş verənlərə belə aqressiv münasibət sərgiləməklə, həm də özü haqqında formalaşdırmaq istədiyi imicə zərbə vurur.
Bir anlıq düşünün ki, dünyanın nəhəng dövlətlərinin tənqidinə, nüfuzlu təşkilatların hesabatına dözüm gətirə bilməyən hakimiyyət, yerli tənqidçilərinə qarşı hansı “tədbir”ləri görür.
Xırda bir tənqidə görə ABŞ-ı iğtişaşlar törətməkdə ittiham edən hökumətin, kəskin tənqidə görə müxalifətçinin cibinə narkotik atması inanadırıcı deyilmi?
Beynəlxalq aləmin haqlı iradına qarşı bu qədər qəzəb nümayiş etdirənlər, yerli jurnalistin tənqidi məqaləsinə, hüquqşünasın ədalətli mövqeyinə, müxalifət partiyalarının fəaliyyətinə necə münasibət göstərər?
Əslində ABŞ səfirinə qarşı baş verənlər və bundan əvvəlki təcrübələr, Azərbaycan hakimiyyətinin fərqli fikrə, alternativ mövqeyə nə qədər nifrət etdiyinin göstəricisidir.
Azərbaycanda 130-dan çox siyasi məhbusun olması, azad mətbuatın barmaqla sayılması, vətəndaş cəmiyyətinin sıradan çıxarılması da, tənqidi fikirə münasibətin göstəricisidir.
Bir sözlə, hakimiyyət dünyanın ən güclü ölkəsinin tənqidinə verdiyi reaksiya ilə göstərdi ki, bu ölkədə sıravi vətəndaşın tənqid etmək imkanı nə qədərdi. Baş verənləri müqayisə edəndə, ölkədə real vəziyətin hansı səviyyəsə olduğunu təsəvvür etmək çətin deyil.
Bu reallıqdan həm yerli ictimaiyyət, həm də beynəlxalq aləm ciddi dərs götürməlidir.
İlham Hüseyn
P.S. Bəzən hökumətə təşəkkür etmək lazımdır. Çünki, həqiqəti üzə çıxarmaq üçün əziyyət çəkib, sübutlar axtarmağa ehtiyac qalmır. Hakimiyyət öz fəaliyyəti ilə şəffaf şəkildə özünü ifşa edə bilir.


