Hüquq müdafiəçiləri fərqli fikirdədir
Prezidentin əfv fərmanı barədə cəmiyyətdə müxtəlif fikirlər söylənir. Bəziləri əfv köhnə ssenari ilə gediləcəyini, bəziləri isə siyasi məhbusların adının ora salınacağına sadəcə, inanmadığını bildirir. Milli Məclisin deputatı Çingiz Qənizadə “Amerikanın Səsi”nə müsahibəsində mayın 28-dək əfv olacağını bildirib.
Onun sözlərinə görə, əfv komissiyasının artıq bununla bağlı iki dəfə iclası keçirilib. Qənizadə bildirib ki, əfv komissiyasında məhbuslardan, onların ailələri, hüquq müdafiə təşkilatlarından daxil olan yüzlərlə müraciət müzakirə olunur. O, hüquq müdafiə təşkilatlarının monitorinq qrupunun müraciətindən danışarkən deyib ki, Avropa Şurasının qış sessiyası zamanı Leyla Yunus və digərlərinin siyahısına görə 140 nəfər siyasi məhbus olub: “O zaman bizim araşdırmamız zamanı məlum oldu ki, bunların böyük əksəriyyəti ümumiyyətlə, siyasətə aid olmayan insanlardır. Burada radikal dindarlar, terrorçular, Ermənistan və digər dövlətlərin xüsusi xidmət orqanlarına işləyib həbs olunan şəxslər var. Amma hüquq müdafiə təşkilatlarının monitorinq qrupu xeyli müddət əvvəl prezidentə müraciət edib. Müraciətimizdə ölkənin ictimai-siyasi həyatında iştirak edən, ictimai-siyasi proseslər zamanı həbs olunan 20-dən çox insanın adının bu əfv fərmanına salınmasını xahiş etmişik. Bundan sonra da mübahisəli həbslər var ki, onlarla bağlı da müraciət etmişik. Ümumiyyətlə, NIDA-çılar, digər ictimai-siyasi fəallara qarşı əvvəllər də əfv tətbiq olunurdu”.
Hüquq müdafiəçisi Əsabəli Mustafayev “Azadlıq”a açıqlamasında siyasi məhbusların hamısının siyahıya salınmasını arzu etdiyini deyir, ancaq bunun inandırıcı olmadığını söyləyir. Həmsöhbətimizə görə, hakimiyyətin müəyyən addım və davranışlarına baxanda, bəyanatlarını eşidəndə birmənalı fikir yürütmək olmur: “Bu mənada istər-istəməz bəzi şəxslərin əfv siyahısına salınsa da, bir çoxlarının ora salınmayacağı fikri yaranır”.
Vəkil Vidadi Mirkamalın fikrincə, Azərbaycanın 14 may tarixindən sonra AŞ Nazirlər Şurasının iclasına rəhbərlik edəcəyi altı ay ərzində qurum qarşısında götürdüyü öhdəliklərə görə əsas devizi “Siyasi məhbuslarsız Azərbaycan” olmalıdır: “Bu mənada hakimiyyət nə isə etməlidir. Hakimiyyət bununla bağlı müəyyən iş görmək mənasında Avropada müəyyən görüntü yaratmalıdır. Azərbaycanda söz azadlığı, demokratiya yolunda fəaliyyət göstərən və müxtəlif maddələrlə həbs edilən şəxsləriə güman ki, əfv şamil olunmayacaq. Ona görə ki, əfvin özünün müəyyən şərtləri var. Əfvi prezident edir və həmin şəxslərin Prezident Administrasiyasına verdiyi ərizə əsasında müzakirə olunur. Inanmıram ki, müəyyən şəxslər bu qaydada əfv olunmaq istəməyəcək. Çünki bütün cəmiyyət hesab edir ki, onlar cinayətkar deyillər. Ona görə də belə əfvin verilməsindənsə, verilməməsi daha yaxşıdır. Elə şəxslərin ərizəsi müzakirə olunacaq ki, onlar artıq PA-ya müraciət edib və həmin şəxslər özlərini cinayətkar hesab edir. Eyni zamanda onlar prezidentdən əfv diləyirlər”. Hüquqşünas Azərbaycanın demokratikliyi və söz, mətbuat azadlığı yolunda həbs olunan açıq düşüncəli şəxslərə birmənalı qaydada əfvin şamil olunmayacağını deyir. O, Azərbaycanın Nazirlər Şurasına sədrlik etdiyi dönəmdə ölkədə çox böyük amnistiya olacağını gözlədiklərini vurğulayır. Həmsöhbətimiz siyasi əqidələrinə görə həbs olunan şəxslərin, 130 nəfər siyasi məhbus barədə geniş amnistiya verilməsini hakimiyyət üçün böyük divident adlandırır. Hüquq müdafiəçisi Leyla Yunusun sözügedən məsələ barədə fikirlərisə olduqca lakonikdir. Leyla xanım proqnoz verməyin əleyhinə olduğunu söyləyir: “Mən falçı deyiləm. Yalnız əfv komissiyasının üzvləri hansı məsələləri müzakirə etdiklərini deyə bilər. Mən bu barədə heç bir tərəfdə deyiləm və nə isə deyə bilmərəm”.
Nigar


