Dünən bir iş adamının Azərbaycanda çox rastlanmayan bir etiraz üsuluna əl atdığını öyrəndik. Bununla bağlı xəbərin özəti belədir: rejimin tanıdığı imkanlar, imtiyazlar sayəsində kifayət qədər şişmiş sahibkarların öndə gələnlərindən biri Hacı Ibrahim Nehrəmliyə iki mənzil almaq üçün ödədiyi 355 min manatı ala bilməyən Qazax rayon sakini, sahibkar Elşad Məmmədov mayın 18-də rayonda yaşadığı mənzildə ağzını tikərək etiraz aksiyasına başlayıb.
Nə demək olar? Əgər bir meşə yanarsa, oradakı bütün canlılar yanar. Kimsə ölkədəki bu zülm, haqsızlıq, soyğunçuluq maşınının təkərləri altında qalmayacağını düşünürsə, yanılır. Ölkədə sadəcə, bir ovuc adamı xoşbəxt etməyə, onların qaz vurub qazan doldurmasına xidmət edən sistem yaradılıb. Bu sistemin qəzəbinə gəlmək, ondan şapalaq yemək hamının nəsibi olacaq. Sadəcə, bir az gec-tezi var. Hamı öz növbəsini gözləsin. Hər kəsə sıra çatacaq.
Mənə aksiya üçün seçilən metod maraqlı gəldi. Səhv etmirəmsə, bir-iki il əvvəl də oxşar etiraz üsulu seçilmişdi və mən o zaman yazdıqlarımı təxmini də olsa xatırlayıram. Əslində, 20 ildir Azərbaycanda çoxluğun ağzı tikilib, danışmaq yasaqlanıb. Hər kəsdən susmaq tələb edilir. Nəticə göz önündədir: kütləvi susqunluq, Azərbaycanı ağuşuna alan qəbiristanlıq sükutu artıq ağızları fiziki olaraq tikməkdən başqa çıxış yolu qoymur.
Azərbaycanda xeyli adam hesab edir ki, o, susmaqla özünün və ailəsinin təhlükəsizliyini qoruyur, onları qəddar rejimin pisliklərindən sığortalayır. Bir xeyli adam isə fikirləşir ki, heç olmasa, susmaqla Şərin güclənməsində, möhkəmlənməsində iştirak etmir.
Hər iki yanaşma kökündən səhvdir. Əvvəla, bu ölkədə kifayət qədər adam var ki, onlar getdikcə daha geniş qol-budaq atan zülm ağacının meyvələrini dərməkdədir, hansı ki, heç vaxt vətəndaş mövqeyi, həssaslığı göstərməyiblər, öz təbirlərincə desək, “başlarını aşağı salıb bir tikə çörəklərini qazanmaqla” məşğul olublar, ağa “sür dərəyə” deyəndə dərəyə sürüblər. Amma bu, günlərin bir günü onları, doğmalarını hər hansı formada Sistemin qurbanına çevrilməkdən xilas etməyib.
Bəzən belə görüntü yaradılır ki, guya, ancaq müxalifətçi olanlar, Azərbaycanın pis, çağdışı idarə olunmasına təpki göstərənlər, etiraz səsi qaldıranlar haqsızlıqla üzləşir. Qətiyyən. Susqun, taleyi ilə barışmış, ictimai laqeyd insanlar arasında rejimin ədalətsizliyinə tuş gələnlər daha çoxdur. Yəni, susmağın bədəli bəzən, hətta susmamağın bədəlindən daha ağır ödənilir.
Ikincisi, guya susmaqla ölkədə Şərin çiçəklənməsində iştirakdan imtina etdiklərini düşünənlər də yanılırlar. Vəziyyət elə bir həddə çatıb ki, artıq susmaq da yalan danışmaqdır. Ictimai etinasızlığın, siyasi laqeydliyin, sosial biganəliyin heç bir bəraəti yoxdur. Heç oğul-uşaqları üzünə tutalğac edib, onlara bir qismət çörək qazandığını əsas gətirib susmaq da olmaz. Çünki artıq iş yalnız özümüzün də yaşamağı arzuladığımız firavan, azad, çağdaş, ədalətli bir ölkə qurmaqdan keçib. Artıq get-gedə övladlarımızın biz yaşadığımız acıları, ağrıları, əzabları, məhrumiyyətləri yaşamayacaqları bir gələcək yaratmaq arzusu da mümkünsüzə çevrilməkdədir. Onları daha ağır, məşəqqətli bir həyat gözlədiyi qaçılmaza dönüşməkdədir.
Əgər bu gün dilimizi dinməz saxlamağa davam etsək, pis, çirkin gedişata ağzımızı açıb iki kəlmə ilə üsyan etməsək, sabah hər yerdən əli üzülüb, əlacsızlıqdan, çarəsizlikdən ağzını tikmək məcburiyyətində qalan bizim övladımız ola bilər.
Bəli, bu gün yalan danışmamaq özü böyük hünər, alqışa layiq mərifətdir.
Amma yalan danışmamaq üçün susmağı seçmək də yolverilməzdir, zərərlidir.
Artıq susmaq da yalan danışmaqdır.