Seçki vaxtı Rusiya və İran təhlükəsindən danışan deputat indi əks fikirlər səsləndirir
“Amerika səfirinin Azərbaycan hakimiyyətini tənqid edərək, hökumətimiz haqqında ”monolit deyil” fikrini səsələndirməsi mənim üçün qəbuledilməzdir”. Bu sözləri Modern.az saytına açıqlmasında deputat Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov ABŞ-ın Bakıdakı diplomatik korpusunun rəhbəri Riçard Morninqstarın Azadlıq radiosuna müsahibəni şərh edərkən bildirib.
Səməd Seyidovun sözlərinə görə, Azərbaycanın bugünkü uğurları və onun dünyada yüksək səviyyədə yer tutması ən əsası iki amillə bağlıdır.
“Birincisi Heydər Əliyevin bizə qoyub getdiyi Azərbaycandır ki, bu gün də onun davamçısı cənab prezident həmin siyasəti çox uğurla aparır. Azərbaycan hazırda çox güclü və məntiqli siyasəti nəticəsində dünyaya güclü tellərlə bağlıdır, bunu isə prezidentin uzaqgörənliyi sayəsində əldə etmişik.
Ikincisi isə siyasətin, uğurlarımızın yüksək səviyyədə özünü göstərməsi, ölkəmizdə ziddiyətlərin olmaması ilə bağlıdır. Bu gün əldə olunan uğurlar birliymizin və bütövlüyümüzün göstəricisidir. Biz Azərbaycanın maraqlarını heç bir ölkənin maraqlarına aşılaya bilmərik, öncə ölkəmizin maraqlarını düşünməliyik. Qonşu ölkələrdə yaşanan ziddiyətlərin sonda nəyə gətirib çıxardığının hər birimiz şahidi olduq.
Bəli, Amerika böyük dövlətdir, güclüdür, dünyaya təsir edəcək qüvvəyə malikdir, amma bu təsirlərin nə formada olması bizim ölkəmizdə də çox ciddi təhlil olunmalıdır. Düşünürəm ki, Azərbaycanı başqa ölkələrlə üz-üzə qoymaq, qonşuluq siyasətinə hansısa bir xələl gətimək heç cür qəbulolunmazdır”.
Azərbaycan-ABŞ dostluq qrupunun sədri kimi Vaşinqtonda etdiyi çıxışlardan danışan deputat bildirib ki, ABŞ-ın vaxtilə Dağlıq Qarabağa münasibəti obyektiv olsaydı, ölkəmizin maraqları ilə üst-üstə düşsəydi, bəlkə də bu gün nə Gürcüstanda, nə də Ukraynada belə münaqişələr yaşanmazdı.
Qeyd edək ki, Riçard Morninqstar “hökumət monolit deyil” fikrini iqtidarın qərbpərəst və ruspərəst qüvvələrə bölünməsi konteksində səsləndirib. Səfir həmçinin Rusiyadan Azərbaycana təhlükə olduğuna açıq işarə vurub. Maraqlıdır ki, Səməd Seyidov da bir müddət əvvəl Riçard Morninqstarla eyni mövqe sərgiləyib. Hər halda 2013-cü ilin prezident seçkisi ərərfəsi Qərbin beyin mərkəzlərində keçirilən görüşlər Rusiya və Irandan Azərbaycana təhlükə olduğunu həyəcanlı şəkildə diqqətə çatdıranlardan biri Səməd Seyidov idi. “Azərbaycanı sendviç kimi əzirlər” bəyənatı yaddan çıxmayıb.