Yaxud, rus ordusunu Azərbaycana çağırmaqla Silahlı Qüvvələrimizdəki həbslərin nə əlaqəsi var?
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın müsahibəsi əsl laborator effekt verdi. Tibbin belə bir yoxlama metodu var. Hansısa bir xəstəliyin potensial təhlükə olduğundan şübhələnəndə orqanizmə onu cücərdən iynə vurulur. Xəstəlik varsa, tezliklə və vaxtından əvvəl baş qaldırır. Müalicə də uğurlu olur.
Səfir heç bir ad çəkmədən Azərbaycan hakimiyyətindəki rusiyapərəstlərdən danışdı və onun açıqlamaları rusiyapərəstlərin əksəriyyətini hərəkətə gətirdi. Hamı hesab elədi ki, bir söz tapıb səfirə deməlidir. Yoxsa, komandir görər və düz başa düşməz.
“Komandir” deyəndə Ilham Əliyevi nəzərdə tutmadığımı bildiyinizi düşünsəm də, bunu vurğulamağı həm də ona görə özümə borc bilirəm ki, Əliyev hələlik, gecələr Bakı küçələrində sürətlə maşın sürən məmur uşaqları ilə məşğuldur. Bu mənada, Yevlaxın Gömrük Idarəsinin rəisini işdən çıxara bildi, Ziya Məmmədovun qardaşı Elton Məmmədovla ciddi mübarizə gedir… Sözümün canı odur ki, dövlət başçısı indi Daxili Işlər Nazirliyinin Yol Patrul Xidmətinə kömək edir.
Bunu da xatırlatmaqda məqsədim, Ilham Əliyevin daxili yolları tənzimləməklə məşğul olduğunu, Rusiya və ABŞ kimi məsələlərə girişmədiyini diqqətinizə çatdırmaqdır. Necə deyərlər, əvvəl məscidin içi, sonra çölü. Belə qlobal məsələlərlə isə Azərbaycanda Rusiyanın medallarını almış akademiklər, generallar məşğuldur.
Bəli, Azərbaycanda işləyə-işləyə “Rusiyaya xidmətlərinə görə” medalı almaq balaca iş deyil. Elə ona görə biz də Azərbaycanda sözügedən “rusiyameyllilər problemi”ni xırda iş saymırıq. Bəli, ölkənin hər bir yerində bu adamlardan tapmaq olardı, indi isə özləri hücuma keçirlər.
Eldar İbrahimov – köhnə kadr
Azərbaycanın Müstəqillik Bəyannaməsinin əleyhinə səs verənlərdən biri olan Eldar Ibrahimov oturub parlamentdə və açıq şəkildə Putinə müraciətlər, mədhiyyələr yollayır. Onun bu hərəkətləri həmkarları və partiyadaşları tərəfindən heç bir tənqidə məruz qalmadı. Onların Eldar Ibrahimovun fikrini bölüşüb-bölüşmədikləri barədə suallar çox açıq qalmadı. ABŞ səfirinin müsahibəsindən sonra məlum oldu ki, YAP-çı parlamentin əksəriyyəti bu fikirdə imiş. Hətta bu sicilləmənin Qüdrət Həsənquliyevi Azərbaycana rus ordusunu çağıranda da bu qədər açıq mövqe yox idi. Vitse-spiker Valeh Əsgərovun səfiri aşağılayan açıqlaması isə söhbətin başını bağladı. Hakimiyyət demək istədi ki, “biz beləyik”. Valeh Əsgərov açıq hədədən də istifadə elədi: “ABŞ istəsə də, bizim daxili işlərimizə qarışa bilməz, çünki enerji və təhlükəsizlik dəhlizi məsələsində Azərbaycan mühüm rol oynayır”.
Nəymiş daxili işimiz? Rusiya ilə birləşib avtoritarizmin qalalarına diktatura qapıları qoymaqmı? Bu necə daxili iş ola bilər? Qapalı sistemlər kəndin qırağındakı sıx vəhşi meşə kimidir. Oradan hər an hansısa yırtıcı çıxıb sizin həyətə soxula və ziyan vura bilər. Qaranlıqda yırtıcıdan xilas olmağın tək yolu isə ocaq qalamaqdır. Yəni, işıq tutmaq. Bir sözlə, açıq sistem. Indi, meşədə kimisə parçalamağı yırtıcı öz daxili, hətta şəxsi işi saya bilər, amma biz parçalananlar adından deyə bilərik ki, bu heç kimin şəxsi işi ola bilməz. Bu qədər sadə!
Mehdiyevin və Sadıqovun medalları
Ilham Əliyev bəlkə də Ramiz Mehdiyevdən soruşub ki, “bu necə olan işdir, maaşı bizdən alırsan, amma sənə ”xidmətlərə görə” medalı Rusiya verir?” Yəni, “bizdən pul alıb onlara işləmisən?” Bəlkə də soruşub. O da ehtimal olunan ən yaxşı cavabı verib: “Mən əmr quluyam, siz bu sualı Vladimir Vladimiroviçə verin”. Ya da Ilham Əliyev üçün hər şey aydın olduğundan, o heç bu mövzunun üstünü vurmayıb.
Vəzifədən adam vurmaq məsələsi gələndə istefaya Rusiyanın (Dağıstanın) Milli Qəhrəmanı medalı almış Nəcməddin Sadıqovu deyil, NATO ilə əməkdaşlıqda maraqlı olan Səfər Əbiyevi göndərmək də bir mövqe nümayişi idi.
Daha maraqlı məqam isə vəzifəyə yenicə gələn müdafiə naziri Zakir Həsənovun haqqında bir tək “Azərbaycana işləyir” dosyesi çıxmadı. Zakir Həsənov Silahlı Qüvvələrə “Şuşadan və Laçından çıxmaq” barədə qanunsuz əmri verən Elbrus Orucovu Müdafiə Nazirliyinin Əməliyyat Idarəsinin rəisi təyin edib. Orduda baş verənlər təkcə bir nazirin özündən əvvəlkinin adamlarını “vurmaq” əməliyyatı deyil. Bu, indiyə kimi sübut olunub ki, Azərbaycanda heç kim özünə müstəqil aparat qurmaq səlahiyyətində olmayıb və bu barədə düşünməyib də…
Baş verənlər onu deməyə əsas verir ki, ordudakı proses böyük hərbi əməliyyatdır. Və bu əməliyyatı hansısa kənar qüvvə həyata keçirir. Əvvəla, necə ola bilər ki, Silahlı Qüvvələrdə bu qədər “türməlik” adam xidmət etsin? Ikincisi, Silahlı Qüvvələrin sıra nizamnaməsinə görə, bütün tədris və əməliyyat işlərinə cavabdeh olan Baş Qərargah rəisi, necə olur ki, bu məsuliyyətdən kənarda qalır?
Mən iddia etmək fikrində deyiləm ki, həbs edilən generalların hamısı süddən çıxmış ağ qaşıqlardır. Onların, əlbəttə, cavab verməli olduqları xeyli suallar var. Amma kim deyə bilər ki, Şahin Sultanov elə iddia edilən məsələlərə görə həbs edilib? Bundan sonra da Azərbaycanın dənizçi zabitləri Türkiyədə və ABŞ-da oxuyacaqlarmı? Belə olacaqsa, biz o zaman başqa suallara cavab axtararıq. Hər halda, bütün bunlar bizim üçün Rusiya məsələsində açıq suallardır.
Hələ bu prsesin iqtisadiyyat və media şəbəkəsi barədə danışmaq istəsək, xeyli yeniliklərlə qarşılaşarıq. Hərçənd, biz Azərbaycanda təbliğat aparan rus mediası barədə də açıq bir yazı yazmaq fikrindəyik.
İlham Əliyev ruspərəstdirmi?
Bu suala cavab vermək həqiqətən də çətindir. Bu kontekstdə heç Putin də ruspərəst deyil. Əgər o, həqiqi rusiyasevər olsa, bütün dünyanı Rusiyaya qarşı birləşdirməz. Rusiya bu kontekstdə Putinin, Əliyevin, hətta Kim Çen Inin arxasında gizləndiyi qara dəmir zirehdir. Ilham Əliyev öz pullarını qorumaq üçün Rusiyaya yaxınlaşmaz. Putinlə şərikli pul işinə girişmək təhlükəlidir. Amma o, Qərblə də yaxınlaşa bilmir. Çünki Qərb də artıq qaranlıq yollarla qazananlar üçün qorxuya çevrilib.
Bir sözlə, dünya sonuncu diktatorlar üçün təndirə çevrilib. Ilham Əliyevin də bu mənada, üz tutmağa yeri yoxdur. O, sadəcə, sərvətsevərdir. Sərvətləri isə Qərbdədir.
Seymur Həzi