Avropa Əliyevdən nə istəyəcək?

«Bundan sonra Avropa Birliyinin diqqəti daha çox Azərbaycana yönələcək»

 

Gültəkin Hacıbəyli: «Azərbaycan Avropa Birliyi ilə münasibətlərini fərqli müstəviyə keçirmək barədə düşünməlidir»

 

Avropa Birliyi (AB) artıq bu ilin yayında Azərbaycan ilə viza rejiminin sadələşdirilməsi haqqında sazişin qüvvəyə minəcəyinə ümid edir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib.

Onun sözlərinə görə, habelə assosiasiya haqqında saziş və sənədə əlavə üzrə danışıqlar gedir.

Qeyd edək ki, keçən ilin noyabrında Vilnüsdə keçirilən Avropa Birliyinin sammiti çərçivəsində Azərbaycan və AB arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalanıb. Fevralın 28-də isə Azərbaycan Avropa Birliyi ilə readmissiya haqqında saziş imzalayıb.

Amma maraqlıdır ki, AB ilə Azərbaycan arasında istər assosiasiya haqqında, istərsə də viza sadələşdirilməsi barədə sazişin imzalanmasına dair müzakirələrin getdiyi bir zamanda rəsmi Bakı ilə Qərbin münasibətləri yenidən gərginləşib. Münasibətlərdəki soyuqluq xüsusilə Fransa prezidentinin Bakıya səfərindən və ABŞ səfirinin hakimiyyətə mesajlarla dolu müsahibəsindən sonra müşahidə olunur. Sonuncu hadisəyə hakimiyyət təmsilçilərinin reaksiyası daha sərt oldu. Müsahibədəki fikirləri süngü ilə qarşılayan iqtidar təmsilçiləri hətta cavablarında ifrata varmaqdan belə çəkinməyiblər.

Ekspertlərin fikrincə, hakimiyyətin bu cür davranışı təsadüfi deyil. Çünki iyunun 27-də AB-nın Gürcüstan, Moldova və Ukrayna ilə assosiasiya sazişini imzalamasından sonra Qərbin postsovet məkanındakı müttəfiqlərinin birləşdiyi GUAM təşkilatında bu müqaviləyə imza atmayan yeganə dövlət Azərbaycan olacaq. «Şərq Tərəfdaşlığı»na daxil olan ölkələrdən Ermənistan və Belarusun durumu bir qədər Azərbaycandan fərqli olduğundan AB-ya inteqrasiya məsələsində Azərbaycanın növbəti hədəf olacağı gözləniləndir.

2013-cü il prezident seçkilərindən sonra hakimiyyətin ciddi legetimlik problemi yaşamasını İ.Əliyevə Fransa, Almaniya və ABŞ-dan gələn  «təbriklər» də sübut edirdi. Çünki təbriklərin mətnindəki ritorika Azərbaycanı açıq formada AB ilə əməkdaşlığa çağırırdı. Məhz bu cür təzyiqlərdən sonra Azərbaycan Vilnüsdə AB ilə bir sıra müqavilələrə imza atmağa razılıq verdi. Hazırda isə iyunun 27-də Gürcüstan, Moldova və Ukraynanın AB ilə əməkdaşlıqlarını bir qədər dərinləşdirməsinin fonunda Azərbaycandan da bir sıra gözləntilər var. Ona görə aktual suallardan biri Azərbaycanın AB-nın növbəti toplantısına necə gedəcəyi ilə bağlıdır?

Milli Şuranın Beynəlxalq Əlaqələr Komitəsinin sədri Gültəkin Hacıbəyli vurğuladı ki, «Şərq Tərəfdaşlığı» ölkələrindən artıq 3-ü iyunun 27-də AB ilə inteqrasiyasını birmənalı olaraq təsdiqləyəcəklər. Bu addımdan sonra həmin dövlətlərin AB ilə əməkdaşlığının dönməz xarakter alacağını deyən G.Hacıbəyli vurğuladı ki, bundan sonra «Şərq Tərəfdaşlığı» ölkələri sırasında AB ilə əməkdaşlığı dərinləşdirməyən yalnız Azərbaycan, Ermənistan və Belarus qalacaq: «Belarusun Avropa Birliyi ilə əməkdaşlığı bir qədər fərqlidir. Belarusa münasibətdə Avropa institutlarının mövqeyi fərqlidir. Amma Azərbaycanın Avropa Birliyinə üzvlüyü ilə bağlı Brüssel kifayət qədər israrlıdır. ABŞ səfirinin müsahibəsində deyildiyi kimi Belarusdan fərqli olaraq Azərbaycan dünyaya özünü demokratik dövlət kimi təqdim etməyə çalışır. Bu üzdən Azərbaycan da müvafiq addımlar atmalıdır. Ona görə azərbaycana olan tələb də Belarusa olan tələbdən, eyni zamanda Avrasiya İttifaqına yaxınlaşma yolunu seçmiş Ermənistandan tam fərqli olacaq».

G.Hacıbəyli bu baxımdan hesab edir ki, regionda yaranmış durum nəzərə alınarsa, AB-nın diqqəti daha çox Azərbaycana yönələcək. Gürcüstan, Moldova və Ukraynadan sonra birmənalı hədəfin məhz Azərbaycan olacağını deyən G.Hacıbəyli vurğuladı ki, amma Morninqstarın dediyi kimi hakimiyyətin daxilində bu siyasətə mane olan kifayət qədər Rusiyapərəst qüvvələr var: «İstisna etmirəm ki, hazırda ABŞ-a qarşı yönələn təbliğatın arxasında da Rusiyapərəst qüvvələr dayanır. Amma ABŞ səfiri dövlət başçısını Rusiyaprərəst qüvvələrə aid etmədi. O dedi ki, İlham Əliyevlə onun çox yaxşı ünsiyyəti var. Bu əslində İlham Əliyevə bir mesaj idi və bundan sonra dövlət başçısı ilə ABŞ-ın ciddi işləmək istəməsinə bir işarədir».

Amma kimin hansı fikirdə olmasından asılı olmayaraq Azərbaycanın Avropaya inteqrasiyasının dövlətimizin strateji seçimi olduğunu deyən G.Hacıbəyli vurğuladı ki, Avropaya inteqrasiya Azərbaycanın xarici siyasətində prioritetlərdən biridir: «Azərbaycanın mənafeyini düşünən heç bir hakimiyyət ölkəni Avropaya inteqrasiya kursundan döndərməməlidir. Əslində bu milli maraqlara xidmət göstərməyən siyasət olardı. Digər bir tərəfdən bölgədə baş verən prosesləri görürük. Ukraynada prezident seçkiləri yaxınlaşır. Böyük əminliklə deyə bilərik ki, Ukraynanın Avropa ailəsinin üzvü olması kəsinləşir. Belə olan halda Avropa Birliyinin mövqeləri daha güclənir. Bundan sonra Azərbaycan da Avropa Birliyi ilə münasibətlərini fərqli müstəviyə keçirmək barədə düşünməlidir. İyunda Gürcüstan, Ukrayna, Moldava ilə saziş imzalanandan sonra Azərbaycan anlamalıdır ki, növbəti addım məhz ondan gözlənilir».

Xəyal