Rəsmi Bakı Kremlin təsir dairəsində özü və region üçün təhlükəyə çevrilir
Fransa prezidenti Fransua Ollandın Bakıya səfəri bitər-bitməz məlum oldu ki, Rusiya parlamentinin sədri Sergey Natişkin də ölkəmizə gələcək. Bu arada yayılan digər xəbərlərdə isə Isveçrə prezidentinin və Avropa Kommissiyasının prezidenti Barrozonun da Azərbaycana gələcəyi özünə yer tapdı. Siyasi get-gəlin belə intensivləşməsini bölgədəki vəziyyətlə əlaqələndirmək olarmı, yoxsa bu adi vəziyyətdir? Yaxın tarix sübut edir ki, bu adi vəziyyət deyil, sonuncu dəfə regiona belə yüksək rütbəli Qərb təmsilçiləri Gürcüstan üçün Rusiya təhlükəsi olanda gəlmişdilər. O zaman hazırkı aktivliyi nə ilə izah etməli?
Fransa prezidenti Bakıdan Moskvaya
Fransua Olland açıq bəyan etdi: “Azərbaycana Ukrayna və Rusiya arasında baş verənlər kontekstində səfər etmişəm”. Bu fikir son dərəcə vacib idi, ona görə ki, burada makrosiyasi elementlər çox qabardılmaqla prosesin ümumi miqyasından diqqəti yayındırmaq cəhdləri də oldu. Amma məsələ çox aydındır. Qərb Rusiyaya deyir ki, bura toxunulmazdır. Isveçrə prezidentinin də səfəri bu istiqamətdə növbəti siyasi dəstəkdir. Və yuxarıda dediyimiz kimi, bu səfərlər açıq şəkildə Kremlə irəliləyə biləcəyi sərhədləri göstərməkdir. Daha doğrusu, irəliləməsi qadağan olan sərhəddi.
Narışkin niyə gəlir?
Narışkin deyib ki, ATƏT Parlament Assambleyasında çıxış edəcək. Bu qurumun rolunun mühümlüyündən danışacaq. Maraqlıdır, BMT daha az mühüm strukturdurmu? Bu açıqlama ilə Moskva demək istəyir ki, BMT artıq onlar üçün mühüm tribuna deyil. Görünür, hələ ATƏT spekulyasiya imkanları bitməmiş yerdir. Bunu düşünmək üçün yetərincə əsaslarımız var, məsələn, Azərbaycanla Rusiyanı bir-birinə qaynaq edən “Qarabağ” adlanan – Azərbaycan ərazilərinin işğalı problemini həll etmək üçün yaradılmış ATƏT-in diplomatik vasitəçi missiyasında Rusiya Fransa və ABŞ-la yanaşı həmsədrdir. Bura həm də Rusiyanın avtoritar Yerevan və Bakıya arxayın olub sərbəst at oynada biləcəyi yerdir. Kremldə aydın görürlər ki, onlar Avropada uzun zaman təsir imkanında olan ölkə kimi qala bilməyəcəklər və ATƏT-dəki fəallıq niyyəti Cənubi Qafqazdakı nisbi üstünlüyü saxlamaq niyyəti güdür. Gürcüstanın təkbaşına Qərbə doğru getməsinə rəğmən, Ermənistan və Azərbaycanı hər vasitə ilə təsirdə saxlamaq planından söhbət gedir.
Barrozo ümumi fikri ifadə edəcək
AB yetkilisinin səfəri Ollandın və Isveçrə prezidentinin mesajlarından fərqli olaraq Qərbin ümumi fikrini ifadə edəcək. Bu, Rusiyaya və Şərqi Avropaya bir mesaj olacaq. Rusiyaya olan mesajda bu məna var ki, Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın önəmi təkcə iki ölkənin diqqətində deyil, bütün AB-nin diqqətindədir. Onlar isə xüsusi məşğuldurlar. Şərqi Avropa isə artıq demokratiyanı yaymaq məsləsində təşviq edilməlidir. Demokratiyanın və AB-nin genişlənməsinin ucqar sərhəddindən təkan nöqtəsinə çevrilməli olan Şərqi Avropa hazırkı siyasi proseslərin əsas oyunçuları olmalıdır. Ona görə ki, Rusiyanın uğurlu revanşı ilk növbədə onlar üçün ciddi fəsadlar yaradacaq. Buna görə də Barrozonun Azərbaycana səfəri bütün tərəddüd edənlər üçün yeni yol xəritəsi olacaq.
Hakimiyyəti tərifləmək “vərdişi”
Ictimai fikrin daha çox hansı Qərb diplomatının iqtidarın xeyrinə hansısa bəyanatı verib-verməməsinə köklənməsi olduqca yanlışdır. Bu proses bütün cəmiyyətin marağında olan bir məsələ olmalıdır. Həqiqi proses naminə hakimiyyətlə, müxalifətlə Qərb strukturlarının açıq danışa bilmək imkanı. Söhbət, həqiqi regional təhlükədən və demokratikləşmə istiqamətindəki addımlardan gedir. Qərb strukturları bu “kompliment demək” üsulunu niyə seçdiklərini yalnız özləri açıqlaya bilərlər, amma ABŞ səfirinin “Azadlıq” radiosuna verdiyi müsahibədə bir məqam diqqətimi çəkdi. Bu həm də imkan verəcək ki, biz məsələlərə daha soyuq təhlillə yanaşa bilək. ABŞ səfiri jurnalistin “Azərbaycanda baş verənlərə ancaq ”narahatıq” mövqeyi bildirməyiniz cəmiyyətdə birmənalı qarşılanmır” məzmunlu sualına belə cavab verir: “Onda gərək mən sizdən soruşum ki, hansı sözləri işlətməyimizi istərdiniz? Mən deməliydim ki, Azərbaycan belə dəhşətli, qəbuledilməz işləri gördüyü üçün dəhşətli bir yerdir və ABŞ-la münasibətlərini məhv edir? Məndən deməyimi gözlədiyiniz budur?
Məncə, biz baş verənlərdən nə qədər dərindən – narahatlıq sözünü işlətmək istəmirəm – təşviş keçirdiyimizi kifayət qədər aydın ifadə edirik. Bunu hökumətə də kifayət qədər aydın ifadə etmişik. Və az da olsa, ayrı-ayrı işlər üzrə hansısa nəticələr əldə edirik.
Eyni zamanda, məncə “elədiyiniz xoşumuza gəlmir” deyib, qapını çırpıb getsək, bu, Azərbaycanın, vətəndaş cəmiyyətinin, vətəndaşların da marağında olmaz. Yaxud insan haqları ilə bağlı məsələlərin müzakirəsi o qədər çətinləşsə və münasibətlər tamamilə mümkünsüz olsa, bu heç kimə fayda verməz.
Rusiya qarşısında Azərbaycanın müstəqilliyi və suverenliyi üçün kim səsini ucaldar o zaman? Xüsusilə də Ukraynadan sonra. Kim Dağlıq Qarabağ danışıqlarının ədalətli davam etməsi, pis məcraya yönəlməməsi üçün bufer rolunu oynayar o zaman? Azərbaycanla terror əleyhinə fəaliyyətlərdə kim əməkdaşlıq edər?”.
Səfir aydın deyir ki, biz burada Rusiyanın qarşısını alırıq. Bu fikrin təsadüfi və məhz son olaylarla bağlı olmadığını bildirmək üçün “Vikiliks” teleqramlarında baş nazir Artur Rəsizadənin ABŞ diplomatlarına dediyi bir fikri xatırlamaq yerinə düşər: “Biz başa düşürük ki, sizin regionda mövcudluğunuz bizim müstəqilliyimizin qarantiyasıdır”. Göründüyü kimi, səfirin iddiası birtərəfli fikir deyil, həm də Azərbaycan hökumətində dərk edilmiş zərurətdir. Səfir həm də onu demək istəyir ki, yox, elə birbaşa deyir ki, ABŞ olmasa, Rusiya Qarabağ məsələsində əzər keçər. Bunu ona görə belə açıq mətnlə qeyd etməyi vacib bildim ki, bundan sonra Qərb diplomatlarının və siyasilərinin Azərbaycana səfərləri artacaq, biz isə öz növbəmizdə spekulyant dairələrin cəmiyyəti hansısa söz ətrafında səfərbər edib antiQərb ovqatı yaratmasına imkan verməməliyik. Bunu ona görə etmirik ki, Qərb bura gəlir, ona görə edirik ki, biz bir siyasi iqtisadi dəyərlər sistemi kimi Qərbi seçmişik və ora gedirik. Hər halda Riçard Morninqstarın bu müsahibəsindən sonra Narışkin Bakıya gəlməməli idi. Rusiya bax buna görə maraqlı ölkədir, məntiqin “yox” dediyi şeyləri edir.
Seymur Həzi