Morninqstar düzmü söylədi?

ABŞ səfiri Riçard Morninqstar “Azadlıq” radiosuna müsahibə verib. Razıyam, müsahibədəki bəzi fikirlər ilk baxışda qulağa xoş gəlir, bir çox məqamlarda isə bütün bunları bir Qərb səfirinin söylədiyinə inanmaqda çətinlik çəkirsən. Əvvəlki illərlə müqayisədə üslubda bir xeyli dəyişiklik hiss etmək olur.

Amma təsəvvür edin ki, bu halda belə, Morninstarın dedikləri böyük səs-küy yarada bilmir, geniş təqdir toplamır. Niyə? Iki sadə səbəbdən. 

Bir: Morninqstar həmin müsahibəsində bundan kəskin danışsa belə, yenə də rejimin aqressiyası, xalqa düşmən münasibəti fonunda onun sözləri çox yumşaq görünəcəkdi. ABŞ səfiri bir çox aydın mətləbləri dilə gətirməkdə çox gecikib. Məsələn, 10 il əvvəl bu müsahibə demokratiya, azadlıqlar uğrunda mübarizə aparan insanlarda tamam fərqli bir ovqat yaradar, aydın səmada şimşək effekti verərdi. Indi isə səfirin söylədikləri olsa-olsa, aşırı qərbçilərin, amerikançıların “görürsünüz, Qərb demokratik, bəşəri dəyərləri sizin fikirləşdiyiniz qədər satmayıb” tipli bəraət cümlələri qurmasından başqa heç bir effekt yarada bilməz.    

Iki: Azərbaycan cəmiyyətinin aktiv, mübariz kəsimində Qərbə qarşı inamsızlıq, etimadsızlıq heç vaxt indiki qədər güclü olmayıb. Bəli, biz həmişə demişik ki, demokratiya Azərbaycana heç vaxt qaranquş kimi başqa ölkələrdən uçub gələ bilməz, bu ölkə ancaq öz insanlarının əzmi, fədakarlığı sayəsində aydın, modern, mədəni, azad bir dünya ölkəsinə çevrilə bilər. Heç kim Qərbdən bizim əvəzimizə dəyişiklik təmənnasında olmayıb. Yeganə gözlənti onunla bağlı olub ki, rejimlə kirli ittifaqlardan, qaranlıq sövdələşmələrdən uzaq dayansınlar, yetər. Bu gözlənti özünü doğrultmayınca ən qatı liberalların özündə də ciddi xəyal qırıqlıqları yaranıb, onlar üçün çox inandıqları Qərb mənfi assosiasiyalar doğurmaya başlayıb. Bunu hər hansı bir müsahibədə bir neçə açıq tənqidi mülahizə aradan qaldırmaq gücündə ola bilməz.

Yeri gəlmişkən, çoxlarına görə, Morninqstarın müsahibəsində ən diqqət çəkən, gözlənilməz cümlələr budur: “Hökumət monolit deyil, hökumətdə elələri var ki, ABŞ-Azərbaycan münasibətlərininə ziyan vurmaq istəyir, ona görə də Qərb təşkilatlarının işini çətinləşdirmək, yaxud Birləşmiş Ştatları, Avropanı nədəsə günahlandırmağa çalışırlar. Amma hökumətdə başqa mövqedə olan çoxlu adam da var”.

Bir ara bizdə özünü “konstruktiv müxalifət” adlandıranlar da tez-tez belə deyirdilər ki, guya rejimin içində “mürtəcelər” və “islahatçılar” var, ölkədə repressiyaların gücləndirilməsini birincilər sifariş edirlər, ikincilərlə isə əməkdaşlıq edib müsbətə doğru nəticələr qazanmağa, bir növ sistemi içəridən çökdürməyə nail olmaq lazımdır. Indi eyni qənaətdə ABŞ səfirinin olduğunu görmək çox ironikdir. Niyə?

Bəli, ola bilsin, hökumət monolit deyil, amma bu qeyri-monolitlik nə zaman, necə ortaya çıxır? Hakimiyyət içində daha güclü nüfuza, təsir imkanlarına sahib olmaq məsələsində, neft pullarının pay bölgüsündə, biznes sahələrinin, hətta və hətta deputat mandatlarının və rayonların icra hakimiyyətlərinin bölüşdürülməsində. Seçkiləri saxtalaşdırmağa, fərqli səsləri boğmağa, müxalifəti sıradan çıxarmağa, bir sözlə, sülalə hakimiyyətinin ömrünü uzatmaq üçün gərəkən ən qəddar və qanunsuz addımları atmaq lazım olanda isə rejim kifayət qədər monolit olur.

Illərdir gözümüz qarşısında yaşanan bu gerçəkliyi belə, doğru dəyərləndirməyən, özünü rejimin içində proqressiv qrupların olduğuna inandıran, sistemin islahına ümid edən Qərbdən hansı müsbət gözləntidə olmaq, onun şərlə əməkdaşlığı dayandıracağına inanmaq mümkündür? Qoy bu suala da hər kəs öz vicdanı ilə cavab arasın.