Siz bu gün dünyanın yenidən şəkilləndirilməsi məsələsinə necə baxırsınız, bilmirəm. Amma mənim gördüyüm dünya dünyalıqdan çıxıb şəklini itirə-itirə gedir. Doğrusu, işıqlı bir tərəfə getdiyinə də əmin deyiləm. Deyəsən, “dünya köhnə dünyadı”, oyunları təzədir. Ölkələr dağılır, parçalanır, daxili və xarici müharibələr millətlərin qanını içir, ah-nalə ərşə dirənib. Kimsə kimsənin vecinə deyil, alan almağında, satan satmağında. Bu oyun çətin bitər…
Ukraynada alovlar sönmür. Putin Rusiyası burada istədiyi cəhənnəmi yaratmaq üçün əlindən gələni edir. Pyotrun varisi öz işğal planı ilə qərbdən acıq çıxır. Krımın dərdi heç deyiləsi deyil. Burada artıq tatarlara qarşı əməlli-başlı diskriminasiya başlanıb. Tatarların lideri Mustafa Cəmiloğlu belə həyatını qoyduğu ana yurduna gedə bilmir. Iki gün əvvəlki görüşdə Putin Krımın tarixi tatar torpağı olduğunu xatırladanlara inanılmaz bir mesaj verib. O, bu yerlərdə qədim yunanların yaşadığını açıqlayıb. Əcəb işdir! Amma təəccüblü də deyil. Guya sabah eyni yalanı Qarabağ haqqında söyləməz ki?
Keçən yazıların birində yazmışdım. Tatarlar həmin xalqdır ki, əfsanəvi hökmdarı Mehmed Giray 1521-ci ildə Moskvanı mühasirəyə alıb rusları məğlub edərək, onları I Pyotr zamanına kimi vergi verməyə məcbur etmişdi. O dövrdə Krım xanlığı üçün ən önəmli gəlir qaynaqlarından biri köləlik və bunun əsas qaynağı Rusiya idi. Tarixi mənbələrə görə Krım xanlığı dövründə bazara çıxarılan belə kölələrin sayı 3 milyona çatmışdı.
1783-cü ildə Krım işğal edildikdən sonra belə bu əsarəti qəbul etməyən xalqın mücadiləsi 10 ilə yaxın sürüb.
Bəli, indiki halda Krımla Qarabağın məsələsi hardasa bir-birinə bənzəyir. Rusiya zatən bu məsələ haqqında öz sözünü deyib. Çünki o münaqişənin yaradıcısı və dəstəkçisi birbaşa özüdür. “Erməni”, sadəcə, əsrlər öncə ruslar tərəfindən Qarabağ torpağına yoluxdurulmuş xəstəliyin adıdır. On illərdir bu məsələdə erməni işğalının havadarı kimi çıxış edən Rusiya onların tərəfində olduğunu heç gizlətmir də. Hələlik, onlar üçün Qarabağ ermənilərin, dolayısı ilə onlarındır. Amma problem tatarların məsələsində olduğu kimi, nə vaxtsa tarix müstəvisində müzakirə edilsə, Putin Qarabağda min illər öncə hinduların yaşadığını da söyləyə bilər.
Söz vaxtına çəkər. Dünən Laçının da işğalından 22 il ötdü. Bu şəhər Qarabağa aparan əsas yoldur. Elə ona görə də, uzun illər bu münaqişə ilə bağlı müzakirə masasında əsas mübahisə predmeti sayılıb. Guya Laçın dəhlizi olmasa, Qarabağ məsələsi danışıqlar yolu ilə rahatca həll olunub gedəcəkdi. Kim bilmir ki, bu kartı da bütün bəlaların başında dayanan Rusiya oyunu pozmaq üçün atıb ortalığa. Və kim bilmir ki, o, öz təcavüzkar əlini bu məsələnin üstündən çəkməyincə, onun dinc yolla həll olunması haqqında xəyallara aldanmağa dəyməz.
“Böyük qardaş” bu 25 ildə keçmiş sovet respublikaları birliyinə daxil olan xalqlardan qisas almaq üçün hər cür pisliyə əl atıb. Ukraynada baş verənlərin bənzərini biz 80-ci illərdən yaşamışıq. Insan itkisinin də, torpaq itkisinin də acısını yaxşı bilirik. Amma deyəsən hələ anlaya bilmədiyimiz çox şey var. Ən azı, faciələrimizdən yaxşı dərs ala bilmədiyimiz hər kəsə bəlli…