İlham Əliyevin mövqe göstərisi, yaxud səfir niyə qəzəbə gəldi
Azərbaycan hakimiyyəti növbəti dəfə ABŞ-a qarşı hücuma keçib. Hücuma ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstarın AzadlıqRadiosuna müsahibəsindən dərhal sonra start verilib. Səbəb səfirin müsahibədə Azərbaycan hakimiyyətinə yönəlik bəzi fikirlər səsləndirməsidir. Məsələn, səfir deyib ki, hakimiyyət monolit deyil. O, iqtidarın qərbpərəst və ruspərəst qüvvələrə bölündüyünə, ikincilərin bir qədər güclü olduğuna və hətta hakimiyyətin ziyanına addımlar atdığına işarə vurub.
“Bəzən elə şeylər baş verir ki, tamamilə lazımsızdır -vətəndaşları incidir və heç kimin də maraqlarına xidmət eləmir, hətta hökumətin də. Yenə də vurğulamaq istəyirəm: Biz demokratiya və insan haqları barədə ciddi danışırıq və bu mövzuda hər zaman səsimizi qaldıracağıq, necə ki, əvvəllər də bunu etmişik. Mən ABŞ-Azərbaycan Forumunda da bunu dedim. Elə vəziyyətdir ki, biz demokratiya məsələsində bir-birimizi eşitmirik. Aydındır ki, biz məsələlərə fərqli baxırıq. Məncə, biz baş verənlərdən nə qədər dərindən – narahatlıq sözünü işlətmək istəmirəm – təşviş keçirdiyimizi kifayət qədər aydın ifadə edirik. Bunu hökumətə də kifayət qədər aydın ifadə etmişik. Hökumətdə elələri var ki, ABŞ-Azərbaycan münasibətlərinə ziyan vurmaq istəyir. Ukraynada baş verənlərin Azərbaycanda da təkrarlanmaması üçün, vətəndaş cəmiyyətinin işini çətinləşdirməmək lazımdır” – deyə səfir bildirib.
Riçar Morninqstar ölkə başçısı Ilham Əliyevin hansı qüvvələrin yanında olduğunu söylməkdə çətinlik çəkib. Lakin müsahibədən sonrakı hücumlar Ilham Əliyevin məhz ruspərəst qüvvələrin yanında olduğunu deməyə əsas verir. Hər halda Prezident Administrasiyası rəhbəri Novruz Məmmədovun, vitse-spiker Valeh Ələsgərovun, deputat və AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun, onun YAP-çı həmkarı Mübariz Qurbanlının ABŞ-ı asıb-kəsən açıqlamalarının Ilham Əliyevlə razılaşdırılmadığına inanmaq çətindir. Əvvəlcə həmin açıqlamalardan sitatları təqdim edək:
Novruz Məmmədov:
“Azərbaycan üçün bu, qəbul edilməzdir. Müsahibənin tonu düz deyil. Səfir öz sözünü deyə bilər, amma səfir bizə dərs keçə bilməz. Azərbaycan müstəqil siyasət yürüdən dövlətdir. Biz ABŞ səfirinin müsahibəsində bu tonu qəbul etmirik. Ukraynada meydan hadisələrini yaradan məhz ABŞ-ın özüdür. Bunu dünya mediası da dəfələrlə bəyan edib. ”Molotov kokteyli”nin istifadəsinə də ABŞ dəfələrlə dəstək verib. Bu qəbul edilməzdir. Indiyədək ABŞ Dağlıq Qarabağ münaqişənin həllinə heç bir kömək göstərməyib. Amma işğalçı Ermənistana indiyədək 2 milyardlıq yardım edib. Biz bunu bilirik”.
Valeh Ələsgərov:
“ABŞ səfiri Riçard Morninqstarın müsahibədə dedikləri qəbuledilməzdir. Bu yaşda və bu vəzifədə olan adamın diplomatik etikaya və diplomatik normaların çərçivəsinə sığmayan sözlər işlətməsi təəcübldür.
Mən Riçard Morninqstarı çoxdan tanıyıram. Dövlət Neft Şirkətində çalışdığım zaman o, ABŞ Dövlət Departamentinin Xəzər dənizi üzrə enerji məsələlərinə dair xüsusi nümayəndəsi idi. Tez-tez Bakıya, Tiflisə, Ankaraya gəlirdi. Azərbaycanın bu sahədə apardığı siyasəti tam dəstəkləyirdi və bu barədə ağızdolusu danışırdı. Adam var yaşlaşdıqca təcrübəsi artır, adam da var ki, onda başqa proseslər gedir. İndi səfirdə bunların hansı biri baş verib bilmirəm. Morninqstar böyük ölkənin səfiri kimi Azərbaycana yaraşmayan, öz ölkəsinə isə utanc gətirən ifadələr işlədib.
Cənab Morninqstar və onun başında duranlar istəsələr də Azərbaycanın daxilini işlərinə qarışa bilməzlər. Çünki beynəlxalq siyasətdə hamı bir-birindən asılıdır. Təhlükəsizlik, nəqliyyat, enerji məsələlərində Amerika üçün əhəmiyyətli tərəfdaşıq.
Ordan bura gələnlər qaşımıza-gözümüzə vurulmayıblar ki! ABŞ və Avropa Birliyi Azərbaycan ilə yaxşı münasibətlərdədir. Ona görə də bu müsahibə, anlaşılmaz bir hərəkət, qəbuledilməz sözlər ilk növbədə özü və ölkəsi üçün biabırçılıqdı. Bizə ağıl öyrətmək lazım deyil.
Səfrin Azərbaycanla Ukraynadakı hadisələr arasında paralellər aparması təəccüblüdür. Ukraynadakı Maydan hara, Azərbaycan hara? Səfirin yadına salmaq istərdim ki, artıq 10 ildir, Ukrayna siyasətçiləri Maydandan kabinetlərə, kabinetlərdən meydanlara qaçmaqla məşğul olurlar. Görün, Ukrayna ordusu hansı biabırçı vəziyyətdədir. Morninqstar bunu nə üçün demir? Doğrudan da Ukraynada demokratiya istəyən qüvvələr var idisə, həmin məsələlərin həllində Ukraynaya kömək edərdilər. Nə üçün etmədilər? Yəqin ki, məqsədlər başqa idi. Ümumiyyətlə, Ukraynanın adını Azərbaycanla paralel çəkmək qəbuledilməzdir”.
Səməd Seyidov:
“Amerika səfirinin Azərbaycan hakimiyyətini tənqid edərək, hökumətimiz haqqında “monolit deyil” fikrini səsələndirməsi mənim üçün qəbuledilməzdir.
Uğurlarımızın yüksək səviyyədə özünü göstərməsi, ölkəmizdə ziddiyətlərin olmaması ilə bağlıdır. Bu gün əldə olunan uğurlar birliymizin və bütövlüyümüzün göstəricisidir. Biz Azərbaycanın maraqlarını heç bir ölkənin maraqlarına aşılaya bilmərik, öncə ölkəmizin maraqlarını düşünməliyik. Qonşu ölkələrdə yaşanan ziddiyətlərin sonda nəyə gətirib çıxardığının hər birimiz şahidi olduq.
Bəli, Amerika böyük dövlətdir, güclüdür, dünyaya təsir edəcək qüvvəyə malikdir, amma bu təsirlərin nə formada olması bizim ölkəmizdə də çox ciddi təhlil olunmalıdır. Düşünürəm ki, Azərbaycanı başqa ölkələrlə üz-üzə qoymaq, qonşuluq siyasətinə hansısa bir xələl gətimək heç cür qəbul olunmazdır”.
ABŞ-ın vaxtilə Dağlıq Qarabağa münasibəti obyektiv olsaydı, ölkəmizin maraqları ilə üst-üstə düşsəydi, bəlkə də bu gün nə Gürcüstanda, nə də Ukraynada belə münaqişələr yaşanmazdı. Amma o vaxt münaqişə başlayanda heç bir reaksiya vermədilər, ümumi sözlərdən başqa heç bir fikir bidirmədilər. İndi isə başa düşürlər ki, Azərbaycanın mövqeyi düzgün mövqedir və hazırda əsas hədəflərimizdən biri də bütün qonşu ölkələrlə münasibətləri qurmaq, inkişaf etdirməkdir. Bu nöqteyi-nəzərdən hansısa ölkələri üz-üzə qoymaq düzgün deyil”.
Mübariz Qurbanlı:
“Azərbaycanda heç bir qarışıqlıq və qarşıdurma yaranması ehtimalları yoxdur. Çünki Azərbaycan dövləti kifayət qədər güclüdür. Hesab edirəm ki, ABŞ səfiri bu fikirləri obyektiv vəziyyəti ətraflı təhlil etmədən səsləndirib”.
Əgər bu açıqlamalar İlham Əliyevlə razılaşdırılmadan səsləndirilibsə, onda Azərbaycan-ABŞ münasibətlərinə xələl gətirən bu adamları cəzalandırılmalıdır. Cəzalandırmırsa və ya cəzalandırmayacaqsa, deməli, ya komandaya nəzarət imkanlarını itirdiyini etiraf etməlidir, ya da anti-Amerika kampaniyasına özünün razılıq verdiyini.
Diplomatik mənbələrdən də daxil olan məlumatlarda Ilham Əliyevin ruspərəst qüvvələri qoruduğu aydın olur. Həmin məlumatlarda bildirilir ki, Riçard Morninqstarın müsahibədə üstüörtülü fikirlər Ilham Əliyevlə görüşlərdə açıq mətnlə onun diqqətinə çatdırılıb. Ölkə başçısına ruspərəst qüvvələrin zərərsizləşdirilməsinin vacibliyi izah edilib.
Ukraynadakı hadisələrdən sonra Azərbaycan hakimiyyətində ruspərəst qüvvələr daha da fəallaşıb. YAP-çı deputat Eldar Ibrahimovun, həmkarı Qüdrət Həsənquliyevin və digərlərinin Rusiya barədə “böyük qardaş” nağılları da bu fəallığın təzahürüdür. Riçard Morninqstarın müsahibədəki fikirləri də bunun mümkün təhlükələrini üstüörtülü də olsa, diqqətə çatdırmaq məqsədi daşıyır. Lakin göründüyü kimi Əliyev bu barədə düşünmür. Əksinə, bu təhlükələri dilə gətirənlərə qarşı hücum əmri verir.
Ekspertlər Morninqstarı haqlı sayır
Yaxşı, bəs, ABŞ səfrinin məlum müsahibəsi hökuməti niyə belə narahat edib?
“Turan” Informasiya Agentliyinin rəhbəri Mehman Əliyev bildirdi ki, Azərbaycan hökuməti bu lazımsız demoqogiyadan əl çəkməlidir və haqlı iradlara adekvat münasibət bildirməlidir:
“ABŞ səfirinin səsləndirdiyi fikirlər reallığı əks etdirir. ABŞ hər zaman Azərbaycan üzərində təhlükəsizlik çətiri rolunu oynayıb. Azərbaycanın Bişkek protokoluna imza atmaması üçün Rusiyadan xeyli təzyiqlər var idi. Ancaq Heydər Əliyev Qərbin qarantiyasını aldı və bu protokola imza atdı. Yaxud, ruslar tələb edirdilər ki, sərhədlərin birgə qorunması həyata keçirilsin, rus qoşunları sərhəddə xidmət aparsın və.s. Ancaq, Heydər Əliyev Istambulda ABŞ dövlət katibi ilə görüşüb, ondan şəxsən yardım istəmişdi. O zaman ABŞ növbəti dəfə Azərbaycana dəstək oldu və təhlükəsziliyinə təminat verdi. Yəni, son 20 ildə Azərbaycan ABŞ-ın dəstəyi nəticəsində ayaqda qalıb. Novruz Məmmədovun, Mübariz Qurbanlının fikirləri boş və mənasızdır. Əgər belədirsə, ABŞ-la diplomatik əlaqələri kəssinlər. Bu demoqogiyadan qurtarmaq lazımdır. Sadəcə olaraq dünya bunlardan dəyişiklik tələb edir. Bunlar isə bunu istəmir. Çünki, hakimiyyətin siyasəti xalqın maraqları üzərində deyil, yalan üzərində qurulub. Ona görə də sona qədər müqavimət göstərirlər, özlərini şıltaq aparırlar”.
Politoloq Hikmət Hacızadə də ABŞ səfirinin səsləndirdiyi fikirləri tamamilə düzgün hesab edir: “ABŞ səfirinin dedikləri fikirlər, həm də onun fikirlərinə aqressiv cavab verənlərə yönəlib. Çünki, ABŞ səfirinin dedikləri həqiqətdir. Ona hədəli cavab verənlər isə bu xalqı, dövləti pis günə qoyanlardı. Əminəm ki, səfir tənqidi fikirlər səsləndirərkən, həmin bu adamları nəzərdə tutaraq danışıb. Yəqin hökumətin bu nümayəndələri də başa düşüb ki, söhbət bunların özlərindən gedir və buna görə də inciyirlər”.
Siyasət şöbəsi