Dünən AzadlıqRadiosu tanınmış curnalist Xədicə Ismayılın ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstarla müsahibəsini yayıb. Qərb diplomatları və ayrıca amerikalılar adətən bir xeyli danışırlar və heç nə demirlər. Sanki onlar nəyisə dilə gətirməmək üçün danışırlar, yaxud hansı suallardan yayınmaq məharəti göstərirlər. Və o qədər belə danışıblar ki, onların nitqlərindən bizim yadımızda hər dəfə yalnız “narahatıq” kəlməsi qalır və bu da bizim cəmiyyətdə gülməcəyə çevrilib.
Bu dəfə isə söhbət fərqlidir və hətta “narahatıq” kəlməsi ilə bağlı atmaca-suala da cavab verilib. Təbii ki, yenə də səfirin hər şeyi necə var, çılpaqlığı ilə danışmağından söhbət gedə bilməz. Amma bu müsahibədə deyilənlər ABŞ-ın indiyə qədər Azərbaycanda və regionda yürütdüyü siyasətin çox ciddi səhvlərini təhlil etmək üçün, həm də ABŞ-ın mövqeyində dəyişiklik istəyini sezmək üçün kifayət qədər maraqlıdır.
Açığı, mən hiss etdim ki, ABŞ səfiri indiyədək buraxılmış imkanları hiss etdirir və bilərəkdən hiss etdirir. Təbii ki, ölkəmizdəki avtoritar recimin möhkəmlənməsində rol oynadıqlarını heç vaxt boyunlarına almazlar, amma bununla yanaşı, bəzi buraxılmış imkanları etiraf edir cənab səfir. Həm də səfir daha ötkəm danışır. Çünki vaxt vardı bu fikirlərin bir çoxu hakimiyyətin xətrinə dəyə biləcəyi üçün səsləndirilməzdi. Bu qədər qorxaq mövqe isə bizim toplumda ABŞ-ın Azərbaycandan qorxması kimi başa düşülmədiyindən, ABŞ-ın bizim korrupsioner hakimiyyəti müdafiə etməsi kimi başa düşülürdü. Bunun arxasında hansı mülahizələrin dayanmasından asılı olmayaraq, bu cür mövqe doğrudan mövcud rejimin güclənməsində və uzun müddət yaşamasında rol oynayıb. Sözsüz ki, bu, ABŞ kimi demokratik bir ölkə üçün həmişə utanc məqamı olmalıdır.
Elə götürək cənab səfirin bu fikrini: “Hökumət belə arqument gətirir ki, stabillik naminə bəzi addımları atmağa məcburdur. Deyirlər ki, Azərbaycan çox təhlükəli regionda yerləşir. Bu, doğrudan da belədir. Maşınla 3 saata cənub tərəfə getsəz, Iran sərhəddinə, 2 saat yarıma şimala doğru gedib Dağıstanda ola bilərsiz. Onların arqumenti də budur ki, atdıqları addımlar stabilliyi qorumaq üçün vacibdir. Amma bizim mövqeyimiz başqadır. Biz hesab edirik ki, əgər vətəndaş cəmiyyətinə daha çox açılım olsa, stabillik daha güclü olar. Və bu, uzun müddətli perspektivdə Azərbaycan vətəndaşlarının da marağındadır. Və səmimi deyim ki, bu, həm də Azərbaycan hökumətinin maraqlarına uyğundur. Amma dediyim kimi, biz məsələlərə fərqli yanaşırıq. Və bəzən elə şeylər baş verir ki, tamamilə lazımsızdır – ÿvətəndaşları incidir və heç kimin də maraqlarına xidmət eləmir, hətta hökumətin də”.
Görürsünüz ki, səfir əvvəlkindən xeyli cəsurdur fikirlərində, ən azı, çox da çəkinmir. Belə məqamlarda hətta mövcud səfir Riçard Morningstar keçmiş səfir Rişard Kozlariç kimi görünür. Hakimiyyətin yanlışını açıq deyir, insan haqları və demokratiya məsələlərində hakimiyyətin irəli sürdüyü stabillik dəlillərinin əsassız olduğunu aydınca söyləyir.
Amma elə buraxılmış səhv də burada ortaya çıxır. Son vaxtlaracan hakimiyyətin arqumentlərinin bəhanə olduğunu söyləmirdilər. “Demokratiya məsələlərini qaldırırıq” deyirdilər. Onu da söyləyirdilər ki, bu, ABŞ-ın və Azərbaycanın marağına uyğundur. Amma bəyan etmirdilər ki, hakimiyyətin mövqeyini yanlış sayırlar. “Demokratiya bizim marağımızdadır” demək söz olaraq qalırdı. Sözə qalsa, “Demokratiya bizim marağımızdadır” kəlmələrini elə bu hakimiyyətin nümayəndələrindən də eşitmək olur.
Səfirin daha ötkəm və maraqlı fikirlərinə də rast gəlmək olur müsahibədə. Məsələn, o deyir: “Düşündüyüm budur ki, hökumət monolit deyil. Hökumətdə elələri var ki, ABŞ-Azərbaycan münasibətlərinə ziyan vurmaq istəyir, ona görə də Qərb təşkilatlarının işini çətinləşdirmək, yaxud Birləşmiş Ştatları, Avropanı nədəsə günahlandırmağa çalışırlar…”
“Hakimiyyət monolit deyil” fikrinin arxasında nə durur? Bu kimi incəliklərə görə, müsahibədəki fikirlərə bir daha qayıtmağa dəyər…