Soma bizə dedi ki…

Türkiyədə yüzlərlə əməkçinin öldüyü mədən qəzasının baş verdiyi Somadan gələn o qədər ağrılı xəbərin içərisində biri həm də xeyli düşündürücü idi. Baş nazir Ərdoğan faciə yerinə gəldikdə qəzəbli camaat onun maşınını təpikləyib, “istefa” qışqırıb. Qəzəbin böyüdüyünü görən Ərdoğanın mühafizəçiləri baş naziri yaxınlıqdakı marketdə gizlətməli olublar. 

Halbuki cəmi ay yarım öncə keçirilən bələdiyyə seçkilərində elə həmin bu Somada Ərdoğanın partiyası qalib gəlmişdi. Ilk baxışda burada təəccüblü heç nə yoxdur, elə deyilmi? Kimsə fikirləşə bilər ki, Somalılar bir neçə həftə sonra başlarına belə dəhşətli olayın gələcəyini, elliklə yığılıb səs verdikləri partiyaya, onun rəhbərinə öfkə qusacaqlarını hardan bilə bilərdilər. Amma nə yazıq ki, məsələ bu qədər sadə deyil.

Həmin seçki Ərdoğanın özünün, övladlarının, nazirlərinin bulaşdığı, milyonlarla, milyardlarla dolların, avronun havada uçuşduğu korrupsiya əməliyyatlarının gün işığına çıxması fonunda keçirilmişdi. Normal ölkədə buna görə hökumətin istefası, cinayətləri faş edilənlərin isə ədalət divanı önündə əyləşməsi gərəkməzmi? Amma içi Soma qarışıq, Türkiyə xalqı Ərdoğanın partiyasını seçkinin qalibi etdi. 

Korrupsiyaya bulaşmış bir idarəetmənin var olduğu istənilən ölkədə kimsənin mal və can güvənliyinin qalmadığı gün kimi aşkardır. Hər an bir fəlakətlə, təhlükə ilə üzləşməyiniz qaçılmazdır. Bunu anlamaq üçün xüsusi zəka sahibi olmağa-zada ehtiyac yoxdur. Bunu bilmək iki vur ikinin dörd etdiyini bilməkdən də asandır. 

Qətiyyən özümüzə umac ovmaq gərəkirkən oturub Türkiyə türklərinə əriştə kəsmək fikrində olduğumu zənn etməyin. Əksinə, indi “bir millət, iki dövlət” deyib Soma üçün göz yaşı axıdanların heç olmasa, Türkiyə timsalında korrupsiyaya, hüquqsuzluğa bulaşmış bir ölkənin hər an hansı qorxunc fəlakətlərlə qarşı-qarşıya qala biləcəyini anlamalarını istəyirəm. Dünən əksər saytlarda bizim baş nazir müavini Abid Şərifovun başsağlığı üçün getdiyi Türkiyə səfirliyində göz yaşı tökdüyü barədə videokadr vardı. Illərdir tutduğu dövlət vəzifəsindən gen-bol yararlanıb, korrupsiyadan mayalanıb oliqarxa çevrilərək sonra da sadəcə alın təri ilə, min bir zəhmətlə evinə bir tikə çörək aparan əməkçilərin faciəsinə ağlamaq – bunun gerçək adını siz qoyun. Amma bu zaman əlinizi ürəyinizin üstünə qoymağı da unutmayın!

Yeri gəlmişkən, Türkiyədə 300-dək əməkçinin ölümü ilə nəticələnən dəhşətli mədən qəzasından sonra bu ölkə saytlarında maraqlı bir müqayisə ilə rastlaşdım. Belə məlum olurdu ki, dünyanın ən iri kömür istehsalçısı Almaniya olduğu halda, mədənlərdəki işçi ölümü baxımından rekord göstərici kömür istehsalına görə dünyada son yerlərdən birini tutan Türkiyəyə aiddir. Bəli, buna bənzər “rekord göstəricilər” korrupsiyanın idarəetmə norması olan ölkələr üçün adi haldır. 

Məsələn, bizim yaptokratların təbirincə desək, yol qəzaları dünyanın hər yerində baş verir. Amma bu statistikada birincilik hansı ölkədədir, bilirsinizmi? Əhalisi cəmi 6 milyona çatan, korrupsiya səviyyəsinə görə isə dünyada “ad” qazanmış Qərbi Avropa ölkəsi Syerra Leonedə!   

Qoy indi Azərbaycan nümunəsində bir çox adi, aydın həqiqətləri dərk etməyənlər barı başqalarının timsalında anlamağa çalışsınlar. Başa düşsünlər ki, korrupsiyanın var olduğu, yuxarıya qədər dırmaşdığı, korrupsiyaya laqeydliyin isə ictimai norma kimi qəbul edildiyi ölkələrdə əsla və əsla rifah olmaz.

Sevinc olmaz.

Sevgi olmaz.

Işıq olmaz.

Hüzur olmaz.

Ümid olmaz.

Bin-bərəkət olmaz.

Yüksəliş olmaz.

Heç bir gözəl iş olmaz.

Korrupsiya da, korrupsiyaya biganəlik də yalnız və yalnız öldürür. Hər yerdə. Hər zaman.

Türkiyədə – Somada olduğu kimi.

Lap bizim əsgər ölümlərində, saya-hesaba gəlməyən intiharlarda, yanlış diaqnozların, səhv müalicələrin yol açdığı insan faciələrində olduğu kimi.