Yaxud ARDNŞ prezidenti niyə «uğurun memarı»dır?
Son vaxtlar rəqibləri tərəfindən mediada ağır zərbələr alan Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev özünü reklam etməyə başlayıb. Artıq “Ekspress” qəzetində ARDNŞ prezidenti barədə “Uğurun memarı” başlıqlı iri həcmli məqalə dərc edilib.
Məqalə Rövnəq Abdullayevin ARDNŞ-dəki, AFFA-dakı fəaliyyətinə həsr olunub. Azərbaycanda digər sahələr kimi futbol sahəsində vəziyyətin ürəkaçan olmadığı bəllidir. Lakin məqalədən bəlli olur ki, “uğurun memarı” olan Rövnəq Abdullayevin Azərbaycan futbolunu zirvələrə qaldırıb. Həmçinin inşa edilən stadionlar da onun adına yazılır. “Abdullayevin uğurlarından çox danışmaq olar. Amma kim nə deyir-desin, AFFA prezidentinin konkret gördüyü işlər arasında yeni stadionların tikilməsi və böyük şirkətlərlə bağlanan müqavilələr əsas rol oynayır. Əvvəllər klublarımız və yığmamız yalnız Tofiq Bəhramov adına Respublika stadionuna qısılırdısa, indi Bakıda iynəni atsan, stadiona düşər.
Paytaxtımızın müxtəlif guşələrində yeni arenaların istifadəyə verilməsi və Böyükşor qəsəbəsində nəhəng stadionun tikilməsi sırf Abdullayevin zəhməti sayəsində həyata keçir”, – deyə məqalədə bildirilir. Görünür, Rövnəq Abdullayev mediada özünə qarşı hücumların onun üçün ciddi başağrısına çevriləcəyinin fərqindədir. Ona görə də, mətbuatda özünün “piarı”nı qurmaqla məşğuldur.