Məzhəkənin acı finalı

Azərbaycanda illərdir insanların “məhkəmə” sözünü “məzhəkə” formasında ifadə etməsinə haqq verməyə bilmirsən. Bu həftə iştirak etdiyim iki məhkəmə işi o qənaətimi bir daha möhkəmləndirdi. Bilirsiniz, hazırda ictimai fəallardan  4-5 nəfərin məhkəməsi gedir. Dünən artıq Pərviz Həşimliyə hökm oxundu və o, 8 il azadlıqdan məhrum  edildi. Pərvizin son məhkəmə iclasındakı müşahidə və qeydlərim, gerçəkdən də, ürək yandırır…

Həmin gün Pərviz son söz deyirdi. O danışdıqca iclası aparan hakimlərin üzünə baxıb, nə düşündüklərini təsəvvür etməyə çalışıram. İnsanların üzündə heç bir ifadə yoxdur və bu halda onların ürəyindən keçənləri oxumağa çalışmaq belə anlamsız məsələdir. Bir anlıq Markesin “Patriarxın payızı” əsərində nəzərdə tutduğu diktator obrazını tapmaq üçün məhkəmələri dolaşması yadıma düşür. O yazırdı ki, buna illəri gedib və sonda aradığını Batista diktatorunun simasında tapıb. Yazıçı “şöhrətli” diktatora ölüm hökmü oxunan zaman, onun dizlərinin əsdiyini müşahidə edib və axtarışlarına nöqtə qoyub. Bəli, onun əsərində görmək istədiyi obraz buydu!.. 

Pərviz o qədər təsirli və ağrılı şeylər danışırdı ki, normal insan üçün onu həyəcansız dinləmək imkansızdı. Amma bu üç hakimin gözündə o, sadəcə  bir müttəhimdi və onlar öz “qurban”larını donuq sifətlə səssizcə izləyəcək qədər sakitdirlər. Həmin o ifadəsiz üzlü hakimlərdən ədalət istəyən müttəhim sonda “mən bu zala Quran gətirmək istədim ki, bəlkə Allahdan qorxub vicdanlı hökm çıxarasınız” deyir. Zalda gülüş səsləri eşidilir və hakim də özünü saxlaya bilməyib gülməyə başlayır. Onun nədən güldüyünü bilmədim, yəqin Allahı çoxdan unutduğuna görə… 

İnsanların haqq arayışı ilə üz tutduqları məhkəmələr işini sifariş düyməsi əsasında qurursa, hakim Allahı çoxdan unutmuş deməkdir. Onun üçün nə fərqi, qarşısındakı qatı bir cinayətkardır, yoxsa məsum bir günahsız. Artıq insanların taleyini o düymə həll edirsə, həmin kürsüdə oturan hakimin adi kukladan fərqi nə? Nəticə də özünü çox gözlətmədi. Nə onun gətirdiyi dəlillərə, nə himayəsində olan azyaşlı uşağa, nə də məruz qaldığı işgəncələrə baxan oldu. Pərviz Həşimli məhz əvvəlcədən təyin olunmuş cəzanı aldı-8 il.  

Anar Məmmədlinin məhkəməsi bir az fərqli tərzdə gedir. Bu hər halda hakimin sərt üslubundan irəli gəlir. Zalda milçək vızıltısı eşidilsə, möhtərəm hakim “o nə səsdir” deyə reaksiya verir. Arada A. Məmmədlinin müdafiəçilərinə irad tutmağı, onun əleyhinə ifadə verənləri dəstəkləməyi də unutmur. Bəlkə də, ürəyi yumşaq insanın hakim olması zordur, doğru. Amma əsl hakim qanunların tətbiqində sərt olmalıdır, tərəfkeşlik etdiyi şəxslərin müdafiəsində yox. Zalda öz statusundan bir diktator kimi istifadə edən hakim, ən azı, vəzifə səlahiyyətlərinə münasibətdə də  o qədər ciddi olmalıdır. O qədər ciddi ki, heç kimsə cəsarət göstərib onu sifarişli qərar çıxarmağa məcbur edə bilməsin. Təəssüf ki, biz on illərdir sadə insanlar qarşısında şirə dönüb, bahalılar qarşısında cücə kimi büzüşən və onların verdiyi “konspekt”dən bir nöqtə belə kənara çıxa bilməyən hakimlər ordusu ilə üz-üzəyik. O səbəbdən, ölkəmiz günahsız məhbusların sayına görə getdikcə dünya rekordmenləri sırasında ön sıralarda  yer alaraq irəliləyir. 

“Məzhəkə” yerinə düşmüş ifadədir. Çünki bizdəki məhkəmə deyilən şey bir oyundur. Ssenarisi başqa yerdə yazılır. Əvvəl ssenari müəllifləri finalı maksimum 4 illik cəzayla yekunlaşdırırdılar. İndi həyəcan bir az da artıb. Qəhrəmanlar üçün aşağı-yuxarı 8 il həbs nəzərdə tutulur!