Azərbaycan hakimiyyətini ağır sınaq gözləyir

Gültəkin Hacıbəyli: «Qısa müddət üçün bu addımlar özünü doğrulda bilər, ancaq gələcəyə baxanda bu siyasət perspektivsizdir»

Gələn həftə – 20-23 may tarixlərində Avropa Şurasının baş katibi Tyorbörn Yaqland Azərbaycana rəsmi səfər edəcək və Bakıda bir sıra görüşlər keçirəcək. T.Yaqland mayın 20-21-də Azərbaycanın dövlət başçısı, eləcə də baş nazir, xarici işlər, ədliyyə naziri və digər rəsmi şəxslərlə görüşəcək. Xatırladaq ki, Yaqlandın Bakı səfəri Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etdiyi dövrə təsadüf edəcək.

Diqqət çəkən məqam ondan ibarətdir ki, Azərbaycanın bu qurumda sədrliyə başladığı ilk gündə, saxta ittihamlarla həbs olunmuş jurnalist Pərviz Həşimliyə 8 il həbs cəzası verildi. Insan haqlarının müdafiəçisi rolunda çıxış edən bir quruma sədrliyi, insan haqlarının kobud şəkildə pozulduğu ölkə həyata keçirir. Əslində, belə faktların müşahidə olunması Avropa Şurası üçün də qəbuledilməz olmalıdır.

Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da etiraf edib ki, bu qurumda 6 ay rəhbərlik etmək asan olmayacaq: “Avropa bu gün çox çətin, gərgin və böhranlı bir dövrünü yaşayır. Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinə – 47 ölkəni birləşdirən bir təşkilata məhz belə bir dövrdə sədrlik etməyə başlayır. Azərbaycanın belə bir çətin və mürəkkəb dövrdə Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməsi heç də adi, asan iş deyil. Bu da o deməkdir ki, 47 ölkənin birgə gəldiyi fikirləri ifadə, təhlil və təqdim edən Azərbaycan olacaq”.

Görünür, Azərbaycan hakimiyyəti də ağır məsuliyyətin altına girdiyini dərk edir. Ancaq, öz repressiv siyasətindən də əl çəkmək istəmir.

Böyük ehtimalla Tyorbörn Yaqlandın Bakı səfərində də bu məsələlər müzakirə mövzusu olacaq və Azərbaycana üzərinə götürdüyü öhdəliklər xatırladılacaq.

Milli Şuranın Beynəlxalq Əlaqələr Komitəsinin sədri Gültəkin Hacıbəyli hesab edir ki, hakimiyyətin indiki siyasəti uzunmüddətli uğur gətirməyəcək və hakimiyyət üçün qarşıda çətin sınaqlar var: “Yaqlandın Bakı səfəri əvvəlcədən planlaşdırılmış səfərdi. Bir qayda olaraq AŞ-da sədrlik edən ölkələrdə həmin qurumun tədbirləri keçirilir. Bu il may ayının 23-də də Bakıda AŞ daimi komitəsinin iclası keçiriləcək. Yaqland da bu tədbirdə iştirak edəcək. Bu sədrlik dövrü hələ ki, Azərbaycana mənfi mənada təsir edib. Repressiyalar şiddətlənib, həbs müddətləri daha da artıb, təzyiqlər çoxalıb. Ümumiyyətlə, Azərbaycan hakimiyyətinin addımlarında məntiq görünmür. Qısa müddət üçün bu addımlar özünü doğrulda bilər, ancaq gələcəyə baxanda bu siyasət perspektivsizdir. Hakimiyyət yayın daha çox sıxılmasını stimullaşdırır. Dünya tarixi göstərir ki, müqavimət enerjisi heç vaxt bitmir və son anda bu enerji idarəolunmaz mərhələyə keçir. Bu mərəhələ isə çox təhlükəlidir”.

Gültəkin Hacıbəyli ona da əlavə etdi ki, istənilən halda bu dövr hakimiyyət üçün problemli olacaq: “Azərbaycanda ”Eurovision” yarışması keçiriləndə hakimiyyət çox həvəsli görünürdü. Ancaq tədbirin vaxtı yaxınlaşdıqca Azərbaycanla bağlı neqativ vəziyyət dünyanın gündəminə gəldi və hakimiyyət narahat olmağa başladı. Bu baxımdan AŞ-da sədrlik dövründə də Azərbaycan diqqət mərkəzində olacaq və Azərbaycan hakimiyyəti üçün çətin proseslər baş verəcək. Azərbaycanda indiki siyasətin davam edəcəyi təqdirdə, Avropa Şurası ilə münasibətlərdə də müəyyən gərginliklər yaranacaq”.

Akif