Yəqin ki, çoxlarınız “Uzaq sahillərdə” filminin qəhrəmanları Mixaylo və Karrantinin son görüşünü xatırlayırsınız. Buna qədər ölümü haqq etmiş Karranti yaşamaq üçün min oyundan çıxmağa cəhd etsə də, Mixaylo onu bağışlamadı. Bəlkə də Karrantinin cüzi də olsa sağ qalma şansı var idi, lakin o bundan istifadə edə bilmədi. Əksinə, onun haqlı olduğunu sübut etmək cəhdi Mixaylonu özündən çıxardı. Onun son sözləri “mən alman deyiləm, mən italyan deyiləm…” sözləri oldu.
Karrantinin sözlərində həqiqət var idi, o nə alman kimi alman idi, nə italyan kimi italyan, nə də ki, partizan kimi partizan idi. Onun yalnız bir amalı var idi – mümkün qədər çox sərvət əldə etmək və sağ qalmaq. Birinci məqsədinə nail oldu, amma sağ qala bilmədi. Onu həm faşistlər, həm də partizanlar axtarırdı, o hər iki tərəfə xəyanət etmişdi. Yəni Mixaylo da olmasa, onu faşistlər cəhənnəmə vasil edəcəkdilər. Odur ki, hər ikisindən qaçmağa çalışırdı…
Qüdrət Həsənquliyevin məlum Rusiyameylli çıxışı isə, obrazlı desək, Karrantinin Mixaylonu, yaxud da faşistləri soraqlayıb axtarmasına(!) bənzəyir.
Deputatın heç bir vaxt müstəqil fikir sahibi olmadığını nəzərə alsaq, asanlıqla söyləyə bilərik ki, bu birbaşa hakimiyyətin tapşırığıdır. Onun prezident seçkilərində namizədliyini yadınıza salın. Ilham Əliyevin vəkillərini, demək olar, oyundankənar vəziyyətə salmışdı. Hər cümləsinin mübtədası da, xəbəri də prezident idi. Biz Qüdrət Həsənquliyevi müxtəlif amplualarda çox görmüşük, gah türkçü, gah qərbçi, gah da neytrallığın vacibliyini müdafiə edən mövsümi çıxışlarını dəfələrlə eşitmişik. Hazırda deputatın qəlbi Donbasda “atır”…
Əslində Ukraynadakı hadisələrə qədər, Azərbaycanın müstəqilliyi haqqında iqtidar qətiyyən narahat olmurdu. Ölkədə bir “balanslı xarici siyasət” və bir də “qüdrətli ordu” mifi hakim idi. Gələn-gedənə də kürüdən-zaddan (məlum oldu ki, “zad” icarə haqqı imiş – X.Ə.) verirdilər…
Qüdrət Həsənquliyevin, “Azərbaycanın torpaqları hərbi yolla azad eləməsinə nə Türkiyə razı olar, nə Iran buna imkan verər, nə də Rusiya və Qərb…” fikrini 20 illik nağılın sonu da hesab etmək olar. Ukraynanın bir-iki vilayətində rus separatçıların at oynatması Əliyevlər rejimini o qədər qorxuya saldı ki, onlar hadisələri bir neçə min kilometr(!) qabaqlayaraq, bu deputatının dili ilə ölkəni, sözün əsl mənasında başqa bir dövlətə təklif etdilər.
Mən bilərəkdən bu yazını gecikdirdim, gözlədim ki, rəsmi dairələr hansısa bir formada bu rüsvayçı açıqlamadan imtina edər, onu deputatın sərsəmləməsi kimi qələmə verməyə çalışarlar. Lakin bu belə olmadı. Məlum oldu ki, onlar doğrudan da ölkəni açıq-aşkar təklif edirlər.
Prezident seçkiləri ərəfəsində Milli Şuranı Kremlin layihəsi kimi qələmə verən böyük bir vələddüzna ordusunun susmasından da danışmaq istərdim. Bir vaxtlar Əli Kərimlidənsə, Ilham Əliyevi tərcih edənlərin başı bu günlər simic “avtoş” atalarına qarışıb. Əslində buna Əli Kərimli-Ilham Əliyev tərcihi də demək olmaz, bu, demokratik cəmiyyətlə… “cibi dolu avtoş ataları” arasında edilən bir seçim idi…
Mən istər Qüdrət Həsənquliyevə, eləcə də Azərbaycanı yenidən Rusiyanın vassal dövlətinə çevirmək istəyənlərin yadına Çingiz Ildırımın yaşadığı faciəni salmaq istəyirəm…
1918-20-ci illərdə Azərbaycan milli hökumətinin nazirlərindən biri olmuş Çingiz Ildırım bolşeviklərlə birləşərək əqidə yoldaşlarına xəyanət edir və rus donanmasının Bakı buxtasına girişində müstəsna rol oynayır. Bu “xidmətinə” görə ruslar Çingiz Ildırıma özünəməxsus şəkildə təşəkkür edirlər. Əvvəlcə onu metallurgiya kombinatı tikmək(!) adı ilə mədəni şəkildə Sibirə göndərirlər. Daha sonra isə ona “pantürkist” damğası vuraraq, Vətən xaini kimi güllələyirlər.
Nə qədər böyük xidmətləri olsa da, vaxtilə M.Rəsulzadənin silahdaşı olmasını ona bağışlamadılar. Səhv etmirəmsə.., Q.Həsənquliyev hələ də özünü Ə.Elçibəyə sadiq adam hesab edir. Yuxarıda bəhs etdiyim vələddüznalara da inansaq, onların qəlbində halən bir Elçibəy “sevgisi” vardır…
Nəhayət, “Milli Məclisdəki 125 mütinin içindən niyə məhz Q.Həsənquliyev?”.
…Ataların ibrətamiz bir sözü var: “Iti öldürənə sürüdərlər”.
Məsələ burasındadır ki, dünənə qədər, müxalifətdə rus agentlərini “axtaran” ləpirçilərin başında məhz o gəlirdi…