Yaxud Ejen Ionesko deyir ki, fransız jurnalistləri Bakıda Fransa prezidenti saxlatdırıb
Dünən xəbər yayıldı ki, Fransa prezidenti Fransua Ollandın Bakıya rəsmi səfərini işıqlandıran iki jurnalist Bakıdan gedərkən hava limanında saxlanılıb. Prezidentin səfəri bitəndən sonra daha iki gün burada qalan Laurent Riçardÿvə Emmanuel Baçın hava limanında çamadanları yoxlanılıb, çəkiliş avadanlığı və materialları, yaddaş kartları əllərindən alınıb. Onlar materiallarsız geri dönmək istəməyiblər, lakin zorla təyyarəyə mindirilib Fransaya yola salınıblar.
Fransadan özəl mənbədən aldığımız xəbərə görə isə, bu jurnalistlərin həbsinin arxasında heç də Azərbaycan hakimiyyəti yox, Fransa prezidentinin özü dayanır. Xəbəri bizə çatdıran fransız yazar Ejen Ionesko qətiyyətlə təsdiqləyir ki, “Bakı aeroportunda jurnalistləri Fransa prezidenti saxlatdırıb və bunu həyata keçirməyi cənab Olland Azərbaycan tərəfindən şəxsən xahiş edib. Sabah Fransa qəzetlərində yazarın bu barədə ”Çamadanlı adam” (“L’Homme aux valises”) adlı yazısı dərc olunacaq.
Bəs bu inanılmaz olaya səbəb nədir? Olland bu addımı niyə atıb?
Fransanın rəsmi dairələrində və diplomatiya korpusu arasında ciddi əlaqələri olan Ejen Ionesko qeyd edir ki, Bakıya səfərdən sonra cənab Ollandda əcaib dəyişikliklər baş verib. Buna səbəb də onun müxalif baxışlı insanlarla görüşü olub.
Görüş zamanı Azərbaycandan olan jurnalist Xədicə Ismayıl cənab Ollanda deyib ki, siz bu ölkədə prezident olmaq istəməzdinizmi? Cənab Ollanda da sualın nə üçün verildiyini xəbər alıb. Onda da Xədicə Ismayıl söyləyib ki, bəs bizim ölkədə seçkilər yoxdur, ömürlük prezident ola bilərsiniz, gəlir deklarasiyası verməzsiniz və s. Bu, çox asan prezidentlikdir və sizə də sərf edə bilər.
Bundan sonra Olland özünü qəribə aparmağa başlayıb. Hətta o, partiyasının rəhbərliyində olan adamlarla prezident seçilməyin limitsiz olmağı barədə təcili müzakirə aparıb. Olland 2008-ci ildə Fransa qanunlarına edilən “heç kim iki dəfədən çox prezident seçilə bilməz” əlavəsini pisləyib və bunun ləğvi yollarını təklif edib. Olland deyib ki, bununla böyük fransız xalqının hüququ pozulur. Bəlkə fransız xalqı kiminsə daha çox müddətdə prezident olmasını istəyir və biz niyə buna mane olmalıyıq?!
Fransız yazar prezident Ollandın səfərini “La leçon” (“Dərs”) adlandırıb. Ejen Ionesko deyir ki, o özünün “Rhinoc’ros” adlı kitabında insanlarda baş verəcək qəfil dəyişiklikləri qələmə alıb. Ona görə də, baş verənlərdə təəccüblü heç nə görmür.
Onda olan məlumata görə, cənab Ollandın köməkçilərindən biri Xədicə Ismayıldan daha geniş məsləhət almaq istəyib, amma sonradan onun jurnalist olduğu nəzərə alınıb, başqa ekspertlər axtarılmasına qərar verilib. Hazırda Azərbaycandan ciddi bir politoloq qrupunun Fransaya səfəri hazırlanır və burada məqsəd təcrübəni öyrənməkdir. Həmin qrup Luvr muzeyini gəzmək adı ilə Parisə gətiriləcək və şəhər kənarındakı xüsusi bir qərargahda məsləhətləşmələr keçirəcəklər.
Məqaləni qəzet çapa hazır olarkən, yəni gec saatlarda yazdığım üçün Ejen Ioneskonun açıqlamaları və özü haqqında geniş məlumat verə bilməyəcəyəm. Bu haqda http://www.ionesco.org/ saytından ətraflı məlumat ala bilərsiniz və inanıram ki, bu tələskənliyə görə məni başa düşəcəksiniz. Fransa səfirliyində xəbərlə bağlı mövqe öyrənmək istədik, lakin bütün telefonlar avtomata birləşdirilmişdi və “Le solitaire” sözünü təkrar edirdi. Amma biz səfirliyin mövqeyini dərc etməyə hazırıq. Hətta “Azadlıq” qəzetinin bütöv bir sayı onların cavabına həsr edilə bilər.