Bu gün Anar Məmmədli məhkəmədə ifadə verəcək

Məhkəmə prosesində şahidlərin dindirilməsi mərhələsi yekunlaşdı

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədlinin, qurumun icraçı direktoru Bəşir Süleymanlı və “Könüllülərin Beynəlxalq Əməkdaşlığı” Ictimai Birliyinin sədri Elnur Məmmədovun işi üzrə məhkəmə prosesində şahidlərin dindirilməsi mərhələsi başa çatdı. Son şahidlər dünənki məhkəmə iclasında ifadə veriblər.

Dünən əvvəlcə Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin eksperti Emin Məmmədli dindirilib. O, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Şurasının ekspertlərinin birgə hazırladığı yoxlama aktı və digər istintaq sənədləri əsasında rəy verib. Həmin rəydə bir sıra anlaşılmazlıqlar var. Vəkillər də bu anlaşılmazlıqlara aydınlıq gətirilməsini istəyirdilər.

Məsələn, SMDTM və “Könüllülərin Beynəlxalq Əməkdaşlığı” Ictimai Birliyilə əməkdaşlıq edərək, xidmət haqqı almış adamların vergi borcu da təqsirləndirilən şəxslərin üzərinə yazılıb. Halbuki, həmin şəxslər özləri aldıqları məbləğdən vergi ödəyiblər. Ekspert rəydə bu haqda yazdıqlarını heç cür izah edə bilməyib.

Vəkillər eyni zamanda, ekspertin nəzərinə çatdırıblar ki, qanuna görə, qrant pulundan Əlavə Dəyər Vergisi (ƏDV) tutula bilməz. Ekspert qeydiyyatan keçmədiyinə görə bu pulu qrant hesab etməsə də, fikrini qanunla əsaslandıra bilməyib.

Ekspertin dindirilməsindən sonra hakim Rauf Əliyev Penitensiar Xidmətdən məhkəməyə daxil olan məktubu elan edib. Məktubda bildirilir ki, istintaqa bu iş üzrə ifadə vermiş Ələkbər Ismayılov hazırda məhkumluq həyatı yaşayır və vərəm xəstəliyindən əziyyət çəkir. Vəziyyəti qənaətbəxş olmadığına görə onun məhkəmədə ifadə verməsi mümkün deyil.

Belə olan halda, vəkillər bu şahidin ifadəsinin ittiham tərəfinin sübutları siyahısından çıxarılması haqda vəsatət qaldırıb. Prokuror isə bu vəsatətin əleyhinə çıxıb və Ələkbər Ismayılovun istintaqa ifadəsinin elan olunmasını istəyib. Məhkəmənin bu məsələ ilə bağlı qərarı prokurorun mövqeyinə uyğun olub. Hakim ifadəni elan edib.

Daha sonra müdafiə tərəfinin əlavə şahid qismində dindirilməsini istədiyi yeddi nəfərin ifadələri dinlənilib. Onlardan Ramil Süleymanov, Asimə Nəsirli, Sevinc Sersan, Ziya Quliyev, Günay Ismayılova, Cavid Nəbiyev bildirdi ki, SMDTM və “Könüllülərin Beynəlxalq Əməkdaşlığı” Ictimai Birliyilə müxtəlif layihələr çərçivəsində əməkdaşlıq ediblər. Onlara gördükləri işlərin müqabilində xidmət haqqı verilib. Bu məbləğ rəsmi şəkildə ödənilib. Bütün şahidlər bildirdilər ki, təşkilata təqdim etdikləri mədaxil qəbzində hansı rəqəm yazılıbsa, həmin məbləği də alıblar. Aldıqları xidmət haqqıdan vergi də ödəyiblər.

Daha bir şahid Samir Kazımlı müxtəlif layihələr çərçivəsində SMDTM və “Könüllülərin Beynəlxalq Əməkdaşlığı” Ictimai Birliyilə əməkdaşlıq edib. O, vəkillərin suallarına cavab olaraq bildirdi ki, ATƏT-in qrant layihəsində də iştirak edib və aylıq 300 avro xidmət haqqı alıb. Samir Kazımlının sözlərinə görə, həmin layihədə onunla yanaşı, Həsən Həsənli və digər şəxslər də iştirak edib. Bu məsələ ilə bağlı vəkil Iradə Cavadovanın şahidə müəyyən sualları olub:

– ATƏT-dən verilən pulu necə alırdınız?

– Həsənlə və digər əməkdaşlarla birlikdə gedib birbaşa oradan alırdıq.

– Aldığınız 300 avronu kimə verirdiniz?

– Necə yəni kimə? Heç kimə, özümüz xərcləyirdik.

Vəkil Elçin Sadıqov:

– Ötən məhkəmə iclaslarının birində dindirilən Həsən Həsənov bildirmişdi ki, ATƏT-dən pulu alıb gələndən sonra həmin məbləği sizdən alırdılar ki, ofisin saxlanmasına sərf olunacaq. Siz bu barədə nə deyə bilərsiniz?

– Xeyr, belə bir hal olmayıb. Əksinə, Həsən hər dəfə pulu alandan sonra deyirdi ki, gedək, yeyib-içək. Neçə dəfə Elnurun özü ilə pivə qonaqlığı olub, yeyib-içiblər. Məni də bezdirmişdi ki, gəl gedək…

Dindirmə zamanı o da məlum olub ki, istintaqın sorğusuna cavab olaraq, Xaçmaz, Tovuz, Göyçay rayon polis şöbələrindən arayış verilib ki, guya, bu rayonlarda seçki mövzusunda təlimlər keçirilməyib. Lakin şahidlər ifadələrində bu barədə deyilənləri də təkzib etdilər. Onlar bildirdilər ki, özləri həmin təlimlərdə iştirak ediblər. Hətta Xaçmazda təlimin baş tutmaması üçün polislər təlimçiləri şöbəyə apararaq, bir neçə saat orada saxlayıblar. Həmin dövrdə bu barədə bir sıra mətbuat orqanları yazıb. Bu faktın özü polis şöbəsindən verilən arayışın yalan olduğunu sübut edir.

Məhkəmə prosesi bu gün davam edəcək. Bugünkü iclasda Anar Məmmədli, Bəşir Süleymanlı və Elnur Məmmədov ifadə verəcək.

Aytən Məmmədova