Bu küçə, bizim küçə…

Bir şəhərin əsl azadlığı küçələrindən keçir. Şəhərlərin bələdçisi, yolgöstərəni rolunu oynayır küçələr. Dünyanın hansı qitəsində sorğu keçirsəniz, insanlar milyonların yaşadığı bir şəhər üçün ən böyük önəmi geniş və sakit küçələrə verdiyini deyəcək, şübhəsiz. Böyük paytaxtlara gəlincə, məsələ daha da ciddiləşir. Insan hər şeydən öncə hüzur axtarır bu baş dumanlandıran məkanlarda. Indi Bakıda nə bu küçələrdən, nə də aradığımız hüzurdan əsər-əlamət qalıb.

Şəhər köntöy tikililəri ilə hər gün elə dəyişir ki, insan 10 gün əvvəl olduğu ünvana geri döndüyü zaman çaşıb qalır. Hələ buralara gəlib yeni düşən əcnəbi qonaqların nələr çəkdiyini düşünməyə dəyməz. Paytaxtın hansı küçəsində başdan-sona kimi ünvanların dəqiq yazılmış olduğunu görsəniz, özünüz üçün xüsusi qeyd götürün. Amma çətin ki, kimsəyə belə bir şans nəsib olsun. Bu şəhərdə meriya adlı qurum nə işlə məşğul olur, bilən var? Təsadüfən nabələd birinin gəlib aradığı ünvanı yerindəcə tapması möcüzə olar. Binaların üzərində ünvan adına heç nə yoxdur. Küçənin qırıq-tökük adı oxunursa, ona da şükür! Iki gün əvvəl Xocalı prospektində ünvan arayışına yarım saat vaxt itirməyim bunu bir daha sübut etdi. Təsəvvür edin ki, nə “Xətai” metrostansiyasındakı növbətçi polis, nə də yaxınlıqdakı biznes mərkəzinin qapıdakı işçiləri oturduqları ünvanı bilmir. Hələ bu da bir başqa bəladır… 

Əslində, küçələrin evini yıxan həm də şəhərin ara verməyən söküntü-tikinti işləridir. Hərənin öz fantaziyası var – divarı qaşıyan kim, rəngləyən kim, üzləyən kim… Böyük maşın yollarında isə vəziyyət vahiməlidir, göbələk kimi artan göydələnlər gəlib düz küçələrin ortasına girib. Hər kəs də yaşadığı ərazidə bu mənzərənin şahidi ola bilər. Bəzi yerlərdə insanların keçib getməsi üçün səki adına da bir şey qalmayıb.

Geniş keçid və yollar şəhər sakini üçün ən böyük komfort sayılar, doğru. Amma bəzən məni bir şey düşündürür: nədən bir zamanlar yolunu çaşa-çaşa dolaşdığımız Içərişəhərin dolanbac dalanları heç dar və sıxıcı gəlmirdi bizə? Niyə ulu babalarımızın bir fayton keçidi üçün ölçüb-biçib saldığı o daş yollar heç bir halda yormurdu insanları? Niyə indiki parlaq və bəzəkli tikililərin yerindəki o köhnə, bir biçimli sadə evlərin arasından keçib gedərkən quşlar qədər qanadlı hiss edərdik özümüzü? Səbəb aydındır, əslində. O zaman nə həmin keçidlərin içinə gəlib soxulmuş tikililər vardı, nə də stress qaynağı olan bezdirici maşın tıxacları. Indi bura nəyə bənzəyir? Tarixi qoruqdan çox biznes şəhərciyinə. Və bu gün şəhərin qədim arxitekturasını korlayan, havasını zəhərləyən, yollarını kəsən, düzənini pozan bütün səbəblər həm də insanın içini daraldır, gözünü çıxarır, qəlbini əzir. 

O şəhərlərin sakinləri xoşbəxtdir ki, orada hər şey insanların rahatlığı üçün nəzərdə tutulur. Binaların tikintisindən, yolların, küçələrin planlaşmasından tutmuş, marşrutların hərəkətinə qədər. Bakıda bu işlər görülərkən nələr əsas götürülür bilmirəm, amma sadə insanların rahatlığı üçün heç nəyin nəzərə alınmadığı tam dəqiqdir. Özünüz bir anlığa gündəlik həyatınıza nəzər salım! Səhərdən-axşama paytaxt həyatı sizə nələr yaşadır?!