Sadiq oxuücularımız xatırlayar, bir həftə əvvəl böyük yazıçı Viktor Hüqonun Fransa parlamentinin üzvü olarkən etdiyi bir çıxış haqqında yazmışdım.
Həmin çıxışında Hüqo büdcənin yüngülləşdirilməsi, xərclərinin azaldılması ilə bağlı qanun təklifi haqqında danışır və elm, ədəbiyyat, incəsənət xərclərinin azaldılmasına qarşı çıxır. O deyirdi: “Mənəvi xəstəlik, dərin bir mənəvi xəstəlik canımıza yeriyir, bizə əzab verir. Bu mənəvi xəstəlik isə qəribə görünsə də, maddi sərvətə hərislikdən yaranır. Yaxşı, bu maddi sərvət hərisliyinə necə qalib gəlmək olar? Ancaq mənəvi sərvət hərisliyi ilə. Deməli, gövdədən kəsib qəlbə calamaq lazımdır”.
Bəs mən indi niyə yenidən Hüqonun həmin çıxışını, oradakı bu sətirləri xatırlatmalı oldum?
Məsələ burasındadır ki, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bir neçə gün əvvəl Bakıdakı bəzi kitabxanaların qapadılacağının anonsunu verib. Sitat: “Azərbaycanda dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinə qənaət etmək üçün işləməyən kitabxanalar bağlanacaq. Belə kitabxanalar buna hazır olmalıdır”.
Əvvəla, Qarayevin gözümdən qaçan bu açıqlamasından bəndənizi xəbərdar edən dəyərli oxucularımızdan Hikmət bəyə təşəkkür edirəm. Eyni zamanda onun elektron ünvanıma nazirin dedikləri ilə bağlı qəzəbli reaksiyasını bölüşürəm.
Oxucu qeyzlənərək yazır ki, ona qalsa, gərək bütün dövlət idarələri bağlansın, çünki orada işləməklə yox, büdcə pullarını basıb-yeməklə məşğuldurlar. Elə Əbülfəz Qarayevin nazirliyinin qapısından yekə qıfıl asmaq lazımdır, çünki həmin nazirliyin fəaliyyətsizliyi sayəsində indi Azərbaycanda əsl, ciddi mədəniyyət məhv edilib, şou-biznesin meydanı genişlənib, Səməd Səmədov kimilərə “xalq artisti” fəxri adları verdirməklə məşğuldurlar.
Hikmət bəy haqlıdır. Amma bir məqamı unudur ki, Azərbaycanda mədəniyyətin məhvi yalnız bir nazirliyin xidməti deyil, bütövlükdə sistemin məqsədyönlü siyasətinin nəticəsidir. Bu rejim azərbaycanlıları bütün mənəvi-mədəni dəyərlərdən arındırıb, yalnız mədəsindən ibarət bir topluluğa çevirmək üçün gecə-gündüz çalışmaqda, böyük ölçüdə öz istəyinə nail olmaqdadır. Indi Azərbaycan bilginin, elmin yox edildiyi, kitaba nifrətin hökm sürdüyü, ədəbiyyatın yalnız məddahlıq sənəti kimi təsəvvür olunduğu, rejimin diqtəsindən kənarda yaranan azad ədəbiyyatın və incəsənətin düşmən görüldüyü, zövqsüzlüyün, bayağılığın, cəhalətin meydan suladığı bir ölkəyə çevrilibsə, bu, məhz sistemin xidmətidir. Çünki belə rejimləri yalnız dəyərlərin dəyərsizləşdirildiyi, dəyərsizliklərin isə dəyərə çevrildiyi bir ortamda ayaqda saxlamaq, uzunömürlü etmək mümkündür.
Əbülfəz Qarayevin dediklərinə qayıdaq. Axı “dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinə qənaət etmək” üçün niyə “işləməyən” kitabxanalar bağlanmalıdır? Insanların kitabxanalardan nə üçün uzaq düşdüyünü, kitabın həyatımızdakı yerini, dəyərini niyə itirdiyini dartışmaq, kitabxanaları yenidən müqəddəs məbədə çevirməyin yollarını aramaq, kitabxanaların sayını artırmaq və xalqı ora cəlb etmək haqqında düşünmək əvəzinə çıxış yolunu kitabxanaları qapatmaqda görmək hansı məntiqə və vicdana sığır? Niyə mənasız “Gül bayramı”na milyonlar xərcləmək, bir yolu dünən çəkib bu gün sökərək sabah yenidən çəkməklə neft milyardlarını havaya sovurmaq olar, amma sıra kitabxanalara çatanda büdcəyə qənaət etmək lazım gəlir?
Bu, bir daha onu təsdiqləmirmi ki, Azərbaycandakı rejim, Hüqonun təbirincə desək, maddi sərvət hərisliyinə qalib gəlinməsini istəmir, bundan qorxur, ona görə də mənəvi sərvət hərisliyinin önünə keçir, gövdədən kəsib qəlbə calamaq yerinə, qəlbdən kəsib gövdəyə calamaq yolunu seçir.
Qarayevin dedikləri onu göstərdi ki, son illərdə Azərbaycanda kitabxanaların kababxanalara çevrilməsi ilə müşahidə olunan proses hazırda yeni mərhələyə qədəm qoyur: çoxlu pullarının olması ilə öyünənlər indi də kitabxanaları “büdcəyə qənaət” adı ilə qapatmağa hazırlaşırlar. Bununla da bizim uzun zamandan bəri yazdıqlarımız təsdiqini tapdı: biz maddiyyat hərisi və mənəviyyata qarşı bir güclə üz-üzəyik. Sistemin yaratmaq istədiyi, böyük ölçüdə isə yaratmağa nail olduğu insan tipində qəlbə, beyinə, ruha, ağıla yer yoxdur, o – sadəcə mədəsindən ibarət olmalıdır.
Bu qədər sadə və bəsit.