Vergilər Nazirliyinin 23 il iş təcrübəsi olan əməkdaşı QHT-nin kommersiya qurumu olub-olmadığını bilmir
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli, qurumun icraçı direktoru Bəşir Süleymanlı və “Könüllülərin Beynəlxalq Əməkdaşlığı” Ictimai Birliyinin rəhbəri Elnur Məmmədovun işi üzrə məhkəmə prosesində şahidlərin dindirilməsi mərhələsi davam edir.
Dünənki məhkəmə iclasında SMDTM-in internet saytını yığmış, təşkilatın bölgə koordinatoru olmuş şəxslər şahid qismində dindirilib. Vergilər Nazirliyinin əməkdaşı Rafael Ağayevin dindirməsi daha maraqlı olub. Qeyd edək ki, o, Maliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Şurasının əməkdaşları ilə birlikdə SMDTM və “Könüllülərin Beynəlxalq Əməkdaşlığı” Ictimai Birliyinin fəaliyyətinə dair yoxlama apararaq, akt tərtib edib. Müdafiə tərəfi vəsatət verərək, o akta imza atanların məhkəmədə dindirilməsini istəmişdi.
Dindirmə zamanı məlum oldu ki, Rafael Ağayevin 23 illik iş təcrübəsi var. Amma o, vəkillərin, eləcə də təqsirləndirilən şəxslərin ən sadə suallarına belə, cavab verə bilmirdi. O, “mən həmin yoxlamadan əvvəl də, sonra da xeyli başqa yoxlamalarda iştirak eləmişəm. Ona görə detallar yadımda deyil” əsası ilə bir sıra suallardan yayınıb.
Bəşir Süleymanlının vəkili Əlibaba Rzayev:
– Aktda yazmısınız ki, Anar Məmmədli fiziki şəxs kimi, Milli Demokratiya Institutuna verdiyi qrant layihəsinin Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyəcəyindən ehtiyatlanaraq, onu hüquqi şəxs kimi “Könüllülərin Beynəlxalq Əməkdaşlığı” Ictimai Birliyinin adına qeydiyyatdan keçirmək istəyib. Siz hardan bilirsiniz ki, Anar Məmmədli ehtiyatlanıb? Və yaxud, fiziki şəxs kimi Anar Məmmədlinin adına olan qrant layihəsi niyə qeydiyyata alınmamalıydı? Fiziki şəxs qrant müqaviləsi bağlaya bilməz?
– Bağlaya bilər.
– O zaman niyə belə yazmısınız?
– Orada nə yazılıb, elədir, detallar yadımda deyil.
– Siz nəyə əsaslanaraq, hansı qanuna istinad edərək yazmısınız ki, Anar Məmmədli qanunsuz sahibkarlıqla məşğul olub?
– Qrant müqaviləsi qeydə alınmayıbsa, bu artıq qrant sayılmır, sahibkarlıq sayılır.
– Harada yazılıb bu? Göstərin bizə də.
Bu yerdə hakim Rauf Əliyev müdaxilə edib:
– Əlibaba müəllim, biz məgər bütün qanunları yadımızda saxlayırıq? Lazım olanda, açıb baxırıq da. Məsələn, siz əzbər deyə bilərsinizmi ki, Ailə Məcəlləsinin 20-ci maddəsində nə yazılıb?
Vəkil hakimin bu şəkildə müdaxiləsinə etiraz edib:
– Əgər bu adam nəyə əsaslandığını bilmirsə, niyə yazıb? Yaxud izah edə bilmirsə, o zaman niyə çağırmışıq bura?
Vəkil Əlibaba Rzayev bundan sonra da şahidlə sual-cavabı davam etdirib:
– Yaxşı, deyirsiz ki, sahibkarlıqdır. Bəs niyə məhz “qanunsuz sahibkarlıq” yazmısınız? Qanunsuz sahibkarlığın nədən ibarət olduğu ilə bağlı hallar qanunda öz əksini tapıb, bu əsaslardan hansını aşkar eləmisiniz ki, belə yazmısınız?
– Dediyim kimi, detallar yadımda deyil.
– VÖEN olub, lisenziya tələb edən fəaliyyət göstərməyib, dövriyyəsi qadağan olunmuş malların alqı-satqısı ilə də məşğul olmayıb. Belə olan halda, hansı əsasla qanunsuz sahibkarlıqla məşğul olduqlarını iddia edirsiz?
– Seçkilərin Monitorinqi Mərkəzinin dövlət qeydiyyatı olmadığına görə onun fəaliyyəti qanunsuz sayılır.
Vəkilin söylədiklərindən o da məlum olub ki, aktda yoxlamaların nəticəsi olaraq yazılmış rəqəmlər bir-birilə ziddiyyət təşkil edir. Vəkil Vergilər Nazirliyinin əməkdaşından bu ziddiyyətə də aydınlıq gətirməsini istəyib. Bu yerdə yenə hakim Rauf Əliyev müdaxilə edib:
– Məgər texniki səhv ola bilməz?
Müdafiə tərəfi hakimin şahidi yönləndirməsinə etiraz edib.
Təqsirləndirilən şəxslərdən Bəşir Süleymanlı Vergilər Nazirliyinin əməkdaşının nəzərinə belə bir məsələni çatdırıb: “Deyirsiniz ki, Milli Demokratiya Institutu ilə müqavilə əsasında verilmiş qrantı siz qrant saymırsız, çünki qeydiyyata alınmayıb. Amma Ədliyyə Nazirliyindən Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsinə göndərilmiş məktubda bizim təşkilatların aldığı qrantların siyahısı göstərilib. Axırda da qeyd olunub ki, hansı qrant layihələri qeydiyyata alınmayıb. Yəni, Ədliyyə Nazirliyi qeydiyyata alınmasa belə, yenə də onu qrant sayır. Siz də rəy verərkən, həm də bu məktubun da olduğu iş materiallarıyla işləmisiniz”.
Elnur Məmmədov da şahiddən bu ziddiyyətə aydınlıq gətirməsini istəyib: “Ədliyyə Nazirliyi deyir ki, qeydiyyatdan keçməsə də, qrantdır, siz isə deyirsiz ki, qrant deyil. Qrant məsələsinə münasibətdə nazirliklər arasında fikir ayrılığı var?”
Rəfael Ağayev suala heç bir cavab verməyib.
Elnur Məmmədovun vəkili Cavad Cavadovla şahid arasındakı sual-cavab da maraqlı olub:
– Sizcə, Qeyri-Hökumət Təşkilatı (QHT) kommersiya qurumudur, yoxsa qeyri-kommersiya qurumu?
– Bunu mən deyə bilmərəm.
– Necə yəni, deyə bilmərəm, siz rəy vermisiniz…
Yenə hakim müdaxilə edir:
– Deyir, mən deyə bilmərəm də…
Vəkil Iradə Cavadova:
– Bilmirsə, bəs bu aktı niyə yazıb? Necə yoxlama aparıb?
Vəkil Cavad Cavadov Vergilər Nazirliyinin 23 il iş təcrübəsi olan əməkdaşına ünvanladığı sualın cavabını da onun nəzərinə çatdırıb: “QHT-lər qeyri-kommersiya təşkilatıdır. Bundan xəbəriniz yoxdur…”
Məhkəmə prosesi bu gün də şahid ifadələrilə davam edəcək.
Aytən


