Abutalıbovun 50 qəpiklik “parkinq”i

Samir Əliyev: «Bizdə xidmətin keyfiyyəti, müştərilərin razı salınmasından çox, qiymət məsələsinə üstünlük verilir»

Yığılacaq pulların hara gedəcəyi bilinməyəcək

“Bakıya tıxac probleminin aradan qaldırılması məqsədilə 7 terminal – ”Park-manat” gətirilib”. Bunu Bakı Şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib. Onun sözlərinə görə, terminallardan 6-sı quraşdırılıb, 7-cisi isə Heydər Əliyev Sarayının arxasında quraşdırılacaq.

H.Abutalıbov deyib ki, ilin sonuna kimi Bakıya daha 1000 terminal gətiriləcək, bununla da paytaxtda tıxac problemi aradan qaldırılacaq.

H.Abutalıbov deyib ki, mərkəzi küçələrdə maşınların dayanmasına icazə verilməyəcək.

Onun sözlərinə görə, “Park-manat”lar bir qədər kənar küçələrdə quraşdırılacaq. Orada xüsusi geyimli oğlan və qızlar xidmət edəcək. “Park-manat”lar pulla və kartla işləyəcək, yarım saatı 50 qəpik olacaq. Pul ödənməsə, maşınların sürücüləri hər saat üçün ikiqat cərimə olunacaq. Bu barədə bildirişlər avtomobillərin üzərinə yapışdırılacaq.   

Bildiyiniz kimi “park manat”ların tətbiqinə Ilham Əliyevin müşavirədəki çıxışından sonra start verildi. Prezident həmin çıxışda bildirmişdi ki, dayanacaqlarda yığılan 20 qəpiklərin kimlərin cibinə getdiyi bilinmir. O eyni zamanda müasir dövrdə adamların əl ilə (“əli çubuqlular”) maşın “parkovka” etməsinin düzgün olmadığını bildirmişdi.

Amma prezidentin budəfəki müşavirədə səsləndirdiyi fikirlər də həmişəki kimi sadə vətəndaşların ziyanına işləməkdədir.

Belə ki, indiyə qədər insanlar maşınlarını saatından asılı olmayaraq 20 qəpik müqabilində dayanacaqda saxlaya bilirdilər. Yeni qaydalara görə isə bu dayanacaqların yarım saatı 50 qəpiyə başa gələcək. Deməli, bir şəxs maşınını 3 saatlıq “parkovka” etmək üçün 3 manat ödəməli olacaq.

Iqtisadçı ekspert Samir Əliyev hesab edir ki, tənzimlənmə prosesi mühüm amildir, ancaq bu prosesin Azərbaycanda necə həyata keçirilməsi sual altındadır. Ekspert bildirdi ki, dünyanın müxtəlif yerlərində bu üsuldan istifadə edilir: “Həm şəhərdəki tıxacları tənzimləmək, həm də avtomobillərin təhlükəsizliyi baxımından yeni tətbiq olunan qaydalar normaldı. Ancaq biz bir qayda olaraq xaricdəki təcrübənin pis tərəfini götürürük. Yəni xidmətin keyfiyyəti, müştərilərin razı salınmasından çox, qiymət məsələsinə üstünlük veririk. Digər tərəfdən, bizdə ”parkovka” üçün münasib yerlər yoxdur. Ümumiyyətlə, bu terminalların öz təyinatı üzrə işləyəcəyi, əldə olunan vəsaitin büdcəyə ödəniləcəyi sual altındadır”.

Ekspert onu da əlavə etdi ki, “parkovka”larla daha çox bələdiyyələr məşğul olmalıdır. Çünki insanlar bələdiyyələrdən tələb edə bilərlər, yığılan pulların taleyi ilə bağlı hesabat istəyərlər. Indi bu terminallar BŞIH-nin nəzarətindədir və bu qurumun əhali qarşısında heç bir hesabatlılığı yoxdur.

Akif