Səbailin icra başçısının müavini üç piyadanı vurmaqda ittiham edilir
Səbail rayon Icra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyev mayın 12-də 10 AS 509 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil ilə yol kənarında dayanan 3 piyadanı vurub. Rəsmi məlumata görə, 10 AS 509 dövlət nömrə nişanlı avtomobil Salyan şossesində yüksək sürətlə hərəkət edərkən yolun kənarında olan 3 piyadanı vurub. Piyadalardan biri hadisə yerindəcə vəfat edib.
Şəhər Kliniki Xəstəxanasından verilən məlumata görə, xəsarət alanlar Zəfər Xəlilov və Xalid Cəbrayılovdur. Yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən piyadanın şəxsiyyəti isə məlum deyil.
Hadisənin baş verməsindən sonra isə, Icra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyev məsuliyyətin üzərində qalmaması üçün günahı sürücüsünün üzərinə atıb. O avtomobili sürücünün idarə etməsi ilə bağlı yalan məlumatlar ortaya çıxardaraq, istintaqı çaşdırmağa çalışıb.
Hadisənin şahidi olan Emil adlı şəxs azxeber.com-a baş verənlər barədə bunları deyib: “Qəzanı törədən maşın təxminən saatda 130-140 km sürətlə hərəkət edirdi. Əgər mən də 20-30 metr qabaqda getsəydim, həmin maşın məni də vuracaqdı. O sürəti azaltmağın əvəzinə piyadaların üstünə doğru hərəkət etdi. Ilk olaraq səkinin üstündə hərəkət edən 3 piyadanı vurdu. Daha sonra həmin sürətlə reklam lövhəsinə çırpıldı. Onun sürəti o qədər çox idi ki, hətta avtomobil reklam lövhəsinə dəydikdən sonra 3-4 metr hündürlüyə qədər göyə qalxdı. Sonda isə 5-6 metr irəliyə gedib dayandı”.
Hadisə şahidinin sözlərinə görə, avtomobili idarə edən şəxs elə Yavər Allahverdiyevin özü olub: “Mənim gördüyüm adam sizin hadisə ilə bağlı verdiyiniz sonuncu xəbərdəki şəkillə eynidir. Mən tez yaralılara kömək etməyə qaçdım. Demək olar ki, onlara heç kim kömək etmirdi. Bir neçə dəfə təcili yardıma da zəng vurdum. Onlar isə hadisə yerinə çox gec gəldilər. Demək olar ki, hadisə ilə maraqlanmaq da istəmirdirlər. Piyadalardan biri artıq keçinmişdi. Digərlərinin vəziyyəti isə çox ağır idi”.
O, Yavər Allahverdiyevin hadisədən sonra kiməsə zəng etdiyini və bir müddət sonra 909 nömrəli ağ rəngli Land Cruiser markalı avtomobilin hadisə yerinə gəldiyini söyləyib: “Nömrənin əvvəli yadımdan çıxıb. Amma sonu 909-la bitən ağ rəngli Land Cruser onun zəngindən bir müddət sonra hadisə yerinə gəldi. Land Cruser əzilən maşının yanındaca dayandı və onlar nəsə aralarında söhbət etməyə başladılar. Onu da deyim ki, onların ilk işi avtomobilin nömrəsini çıxarıb, gizlətmələri oldu”.
Hadisə şahidi deyib ki, piyadalardan birinin anasının hadisə yerindəcə ürəyi gedib: “Xəsarət alan piyadalardan birinin anasının fəryadı hələ də qulaqlarımdadır. Çox ağrılı və gözyaşardıcı hadisə idi”.
Səbail Rayon Icra Hakimiyyətinin informasiya təminatı və təhlili şöbəsinin müdiri Israfil Kərimov 10 AS 509 dövlət nömrə nişanlı avtomobilin icra başçısının müavini Yavər Allahverdiyevin xidməti maşını kimi istifadə olunduğunu təsdiqləyib.
Səbail rayon Icra Hakimiyyəti də ölümlə nəticələnmiş qəza ilə bağlı rəsmi açıqlama yayıb. “Elektron informasiya vasitələrində Səbail rayon Icra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyev tərəfindən ölümlə nəticələnən qəza törədilməsi barədə verilən məlumatlarla bağlı bildiririk ki, bu məlumatlar yalandır və həqiqətə uyğun deyildir.
Qəza hadisəsini törədən şəxs saxlanılıb və hazırda istintaq aparılır”, – deyə açıqlamada deyilir.