Ziya Məmmədovun xalası oğlu narazılıq yaratdı

Mənsur Məmmədovun yeni bazar açması sahibkarları ayağa qaldırdı FOTO

Göyçay rayonun mərkəzində yerləşən, 300 nəfərin işlədiyi Ticarət Mərkəzindən satıcılar çıxarılır. Səbəb kimi ərazinin antisanitariya qaydalarına riayət olunmadığı bildirilir. Satıcılara alternativ yer kimi rayonun Cəyirli kəndində inşa olunan bazarı təklif edirlər. Sahibkarlar isə bundan narazıdır.

“Cəyirliyə getmək üçün ən azı 2-3 manat xərcləməliyik, biz nə qazanırıq ki, onu da yolpuluya verək?”

Ötən gün bazarda işləyən satıcıları sözügedən ünvandan çıxartmağı plana almışdılar. Səhər saat 5-6 radələrində Göyçay rayon polis şöbəsinin əməkdaşları bazara gedən bütün yolları bağlayaraq satıcıların qarşısını kəsirdilər. Ara yollarla bazara daxil olan satıcılarla bir neçə dəfə polislər arasında kiçik insidentlər yaşandı. Sonradan geri çəkilərək sahibkarların bazara girişinə şərait yaratdılar. Ancaq yolun kənarında piştaxtalarda alver etməyə imkan vermədilər. 

“Azadlıq”a danışan satıcılar deyirlər ki, köçürülmə rayonun icra başçısı Mənsur Məmmədovun göstərişi ilə həyata keçirilir. Onların sözlərinə görə, icra başçısı Cəyirli kəndində yaratdığı Ticarət Mərkəzinə sahibkarları cəlb etmək istəyir.

“Ora getmək bizə sərf etmir. Bu bazar şəhərin mərkəzindədir. İşləyib beş-on manat evimizə çörək pulu aparırıq. İndi deyirlər ki, çıxın Cəyirlidə işləyin. O kəndə getmək üçün ən azı 2-3 manat xərcləməliyik. Biz nə qazanırıq ki, onu da yolpuluya verək? 4-5 manat xeyirimiz ola, ya olmaya”, – deyə sahibkarlar bildirilər.

Satıcılar onu da deyir ki, Cəyirli kəndinə getməli olsalar da, orada alver olmayacaq: “Kim 1 kilo xiyar, pomidordan ötrü 4-5 kilometr yolu qət edib Cəyirliyə gedəcək? Elə marketlərdən alarlar. İcra başçısının əsas məqsədi monopoliya yaratmaqdır. Çünki bizdən burada gündəlik 1-2 manat yer haqqı alırlar, bir də vergi veririk. Ancaq yeni bazarda yer haqqı baha olmaqla yanaşı, həm də satırlar. Belə qayda-qanun harada yazılıb. Sən yeri mənə sat, üstəlik gündəlik yer haqqı da al, vergini də və başqa xərcləri də ödəyim. Əgər obyekti almışamsa, bu artıq mənim mülkiyyətim sayılır, buna görə sənə niyə əlavə haqq ödəməliyəm? Hamı kasıb camaatın vayına oturub”.

“Günə 5-6 manat alver edirik, bu pulla təzə bazarda yer götürmək olmaz”

12 ildir bu bazarda işləyən satıcı Şükür Mamedov deyir ki, yeni bazarda piştaxtalar 200-300, dükanlar isə 5 min manata satılır: “Orada mütləq yer almalı, yer haqqını da gündəlik ödəməliyik. Bu qədər pul bizdə hardandır. İndi işlədiyimiz yerdə 1 manat yer haqqı ödəyirik. Camaat yazıqdır, zəhmətimizi hədər verməsinlər. Burada işləyənlərin biri şəhid anası, biri ağsaqqal, biri xəstə, hərənin bi dərdi var. Heç kim kefinin kökündən alver etmir.  zəhmətini həyatını hədər verməsinlərş biri şəhid anasıdır, biri ağsaqqaldır, bir xəstədir. Bizi işimizdən eləməsinlər. Camaat mərkəzi qoyub kəndə getməyəcək”.

Başqa bir satıcının sözlərinə görə, bazarı özləri qurub-yaradıblar: “Əziyyətimizlə buranı təmir etmişik, iş görmüşük. Qəpik-qəpik pul yığıb evimizə bir tikə çörək aparmaq üçün özümüzə şərait qurmuşuq. Əgər bura yaxşı deyilsə, təmir etsinlər işləyək. Başqa yerə -kəndə getmək fikrimiz yoxdur”.

“Sakitcə alverimi etmək istəyirəm, xəstə adamam dəqiqəbaşı üstümə Təcili Yardım gəlir. Qucaq-qucaq dərman atıram. İmkanım yoxdur, bizə toxunmasınlar, şərait yaratsınlar işləyək”, – bunu şəhid anası Svetlana Nəsirova deyir.

Başqa bir satıcı isə 15 ildir bazarda işlədiyini və indiyə qədər 1 manat da yer haqqı ödəmədiyini söyləyir. Onun sözlərinə görə, yeni bazara getsə mütləq yer haqqı ödəməlidir: “Deyəcəklər ki, 4-5 manat haqq ödə. Hardan o pulu ödəyim? Günə 6 manat alverim olmur. Yağ-bal içində yaşamırıq. Səhər saat 4-5-də durub mal almağa gedirik. Min bir əziyyətlə evimizə bir tikə çörək aparırıq”.

“Pul qazanmaq, bizi soymağı düşünürlər”

Qarabağ veteranı Sahil Əkbərova piştaxta da alver etməyə imkan vermirlər. Onun sözlərinə görə, polislər bunun yasaq olduğunu bildiriblər: “Səbəb kimi deyirlər bazarın yolunu kəsirsən. İndiyə qədər hörmət edib məndən yer haqqı almayıblar. Cəyirliyə getmək heç cürə bizə sərf etmir. Göyçayda sözümü eşidən yoxdursa, bir məmur, bir “Bazarkom” mənə diqqət etmirsə gedib Şəhidlər Xiyabanında oturacağam”.

Vətəndaş İbad Zeynalova da problemlər yaradılıb. Ona deyilib ki, dükanın qarşısına mallarını yığmasın, o isə bundan narazıdır: “Bu dükan mənim mülkiyyətimdir. Bütün sənədləri qaydasındadır. Vaxtı-vaxtında vergini ödəyirəm, dövlətə bir manat da borcum yoxdur. Sənəddə də yazılıb ki, dükanımın qarşısındakı ərazi mənimdir və ora mal yığmaq ixtiyarına sahibəm. Ancaq buna imkan vermirlər”.

“Bizə deyirlər ki, burada qeyri-qanuni fəaliyyət göstərirsiniz. 12 ildən çoxdur bu bazarda çalışırıq. İndiyə qədər harada idilər? Niyə gəlib demirdilər ki, çıxın? Təzə bazar açılıb deyə hamımızı ora köçürmək istəyirlər. Ancaq pul qazanmaq, bizi soymağı düşünürlər. Çanaq isə kasıb-kusubun başında çartlayır”.

 

 

İcra hakimiyyəti təkzib edir

Məsələylə bağlı Göyçay rayon İcra hakimiyyətinə yollandıq. İcra başçısı Mənsur Məmmədovla görüşmək istəsək də öncə rayona giriş-çıxış üçün ezamiyyət vərəqəsinin olmadığını bəhanə gətirdilər, daha sonra isə başçının yanında adam olduğunu söylədilər. Suallarımızı cavablandırmaq üçün müavin Rəxşəndə Rəcəbovayla görüşdük. O, bildir ki, yeni bazarın icra başçısına heç bir aidiyyəti yoxdur: “Nə bazarın sökülməsi, nə də yeni bazarın açılmasının başçıya bağlılığı var. Köhnə bazar yerində qalacaq, “Avtonəqliyyat” ASC-nin balansında olan torpaqlar boşaldılacaq. İndiyə qədər qeyri-qanuni fəaliyyət göstərib. Camaatı da küçəyə atmırlar, yeni tikilən bazarada onlara yer veriləcək və heç kimdən əlavə pul alınmayacaq. Küçə ticarətinin yığışdırılmasıyla bağlı ölkə başçısının sərəncamı var. Həmin yerlər də yığışdırılır”.

Qeyd edək ki, Mənsur Məmmədov Ziya Məmmədovun xalası oğludur.

 

Ramin DEKO

Bakı-Göyçay