Sevil Əliyevadan məddahlara mesaj

«Nə istəyirsiniz edin, ancaq mənim atamın adını hallandırmayın, sizin buna haqqınız çatmır»

“Nə qədər ağır da olsa gəlin Heydər Əliyevin həyatının ən ağır və dramatik dövrlərindən birini yada salaq. Onun vəzifədən çıxarıldığı Moskva dövrünü. Onda onun yuxarı çəkdiyi, vəzifə verdiyi adamlar Heydər Əliyevdən üz döndərdilər. Həmin adamlar öz sifətlərini göstərdilər”.

Bu sözləri eks-dövlət başçısı Heydər Əliyevin qızı, hazırda Londonda yaşayan Sevil Əliyeva Space telekanalına müsahibəsində deyib. O, daha sonra bildirib: “Biz artıq  bunları görmüşük, bu mərhələni keçmişik. Onda atamın pensiyada olduğu illər idi. Ancaq bu gün görəndə ki həmin adamlar necə yaltaqlanır, kitablar yazır, onun adından istifadə edib özlərinə piar qururlar… Nə istəyirsiniz edin, ancaq mənim atamın adını hallandırmayın, sizin buna haqqınız çatmır, buna layiq deyilsiniz. Qoy kim nə istəyir eləsin, ancaq öz adından. Ancaq yaltaqlanmaq və mənim atamın adından öz maraqları üçün istifadə etmək lazım deyil”.