Builki “Eurovision”un başa çatdığını yarışmanın qalibi haqqında sosial şəbəkələrdəki qara-qışqırıqdan öyrəndim. Heç bir ciddi mədəniyyət yükü olmayan bu mənasız yarışda avstriyalı müğənni qalib gəlib, azərbaycanlıları isə qəzəbləndirən odur ki, həmin müğənni qızın saqqalı var.
Əvvəla, səbəbi nə olursa olsun, insanın xarici görünüşünü ironiya, lağlağı hədəfinə çevirmək ayıbdır. Siz bunu olsa-olsa, qəbul etməyə, xoş qarşılamaya bilərsiniz, bu haqda fikirlərinizi isə normal şəkildə ifadə etməkdə, əlbəttə sərbəstsiniz. Amma həmin insanla bağlı bütün dəyərləndirmələriniz yalnız bundan qaynaqlanarsa, həmin insana qarşı nifrət qusmaq, həqarət püskürmək üçün sizə əsas verərsə, bax, o zaman nə qədər dar düşüncəyə, çürümüş beyinə sahib olduğunuzu nümayiş etdirərsiniz, başqa heç nə.
Bir insan başda dərisinin rəngi olmaqla, heç vaxt cinsinə, etnik kimliyinə görə qınaq və tənə, nifrət və həqarət hədəfi ola bilməz. Çağdaş dünyada belə yanaşmaya əsla və əsla yer yoxdur.
Bir insan yalnız əməlləri, düşüncələri, beyni ilə dartışma mövzusudur.
Dəhşət isə orasındadır ki, indi “saqqallı qız”a qəzəblənən, küfr yağdıran, təhqir üstünə təhqir göndərən, ən yaxşı halda, onu bayağı formada ironiya hədəfinə çevirən, ən müxtəlif formada təhqir edən bizimkilərin böyük əksəriyyəti səhnəyə arvad geyimində çıxan Rafaellə Coşquna hırıldayan, onların şit, düşük, zövqsüz səhnəciklərinə qarnını tutub uğunanlardır. Amma indi səhnədə “saqqallı qız” görmək guya bunların qəlbini incidir, mentalitetinə toxunur.
Daha böyük dəhşət isə orasındadır ki, ölkədəki böyük çoxluq, Mirzə Cəlilin dili ilə desək, “saqqallı uşaq” vəziyyətindədir, amma “saqqallı qız”ı bəyənmirlər.
Ustad yazıçının təsvir etdiyi “saqqallı uşaq” günümüzün Azərbaycanında bizim qarşımıza hər addımda, üstəlik, müxtəlif pozalarda, nümunələrdə çıxır. Üstünə polis qışqıran kimi altını batırır, uşaq şirinquşa sevinən kimi “Gül bayramı”na sevinir, musiqili fəvvarəyə əl çalır, üzü ağardılmış binalara ağzının suyunu axıdır, bir sözlə, bu qədər dərdin, möhnətin, məhrumiyyətin içində laqeydcəsinə, uşaq kimi şən, qayğısız görünməyi bacarır. Sanki nə özü gələcəyi yox edilən, taleyi qaranlığa gömülən xalqın nümayəndəsidir, nə də sərvətləri bir ovuc adamın əlində talanan, yağmalanan, coğrafi və mənəvi əraziləri işğal altında inləyən ölkə onundur.
Gərək “saqqallı uşaqlar” ölkəsində bunu da əsla unutmasınlar: bir qadının üzündə saqqal olması ürəkaçan olmaya bilər, amma əsla faciə deyil; faciə qadının qoynunda saxta bülleten gizlətməsi və fürsət tapdıqca seçki qutusuna doldurmasıdır.
Bir qadının saqqallı, bir kişinin quyruqlu olması anormallıq kimi görünə bilər. Amma bir insanın yaltaqlıq etməsi qədər iyrənc ola bilməz.
Bir insanın şəxsi mənfəəti adına yalana köklənməsi, çığnanan haqlarına sahib çıxmaması, “ağa deyir sür dərəyə, sür dərəyə” zehniyyəti ilə yaşaması, ədalətsizliyə çəpik çalması, Şərə züy tutması qədər rüsvayçı, üzüntüverici ola bilməz.
“Saqqallı qız”ı topa tutarkən bir də bu barədə düşünməyi unutmayın.
Əsla unutmayın!