May çal-çağırlı, gül-çiçəkli aydır. Həm də kədərli. Uşaqlıqdan ağlımda özünə yer eləmiş fikirdir bu. Nə o illərin işıqlı xatirələrində qalmış parlaq rənglər, nə də sonrakı yolların yorğun ayaq izləri dəyişə bilib o fikrimi.
Gözəl xəyallarla qanadlandığımız o zamanlarda mayın ləzzəti ayın 1-dən başlardı elə. O gün bizim üçün böyük bayramdı, həqiqətən. Bəlkə yeganə bayramdı ki, o günü yaşıdlarımızla yığışıb xüsusi qeyd etməyə izin verərdilər evdəki böyüklər. Amma zamanla may təqvimindəki tarixi günlərin sırası uzandı. 8 may gəldi, sonra 9 may, 10 may, 15 may, 28 may… Amma necə gəldi? Sadəcə, ilk üç gün haqqında bəzi qeydlərimi yazmaq istəyirəm. Bu üç kədərli gün…
Bizim düşüncəmizdə 9 may böyüklərin bayramıydı. Bəlkə yaşadıqları müharibə acılarını dönə-dönə onların dilindən duyduğumuza görə belə qənaətə gəlmişdik. Kiminin atası, kiminin qardaşı ölmüşdü o davada. Bizim bu təsəvvürlərimiz kitab və filmlərlə məhdudlaşırdı ancaq. Amma sonra bizə də dava gəldi. Ölüm qoxusu, qan-qada, vahimə sardı çevrəmizi.
Say sırasını bilərəkdən dəyişik yazdım. Çünki 8 may həmin 9 may tarixindən sonra gəlir mənim yaddaşımda. Təqvimə nazlı Şuşanın əsirlik tarixi kimi düşən 8 may… Şuşada heç olmamışam. Onu ancaq nənəmin dadlı-duzlu hekayətlərindən tanımışam. Sinədəftər nənəm bu qədim qalanın təməlini atmışdı sanki. Şəhərin qan damarını da gözəl bilirdi. Nə zarafat, qadının neçə nəsil babalarının adı bağlıydı Şuşayla. Hər yerdə bir az da ədayla “Şuşa Cavanşirlərin əsəridir” deyirdi. Bəlkə də, o zaman ən böyük xəyallarımdan biriydi o sehirli şəhəri görmək. Amma mən çata bilmədim. Qarı düşmən daha tez çatdı o yerlərə. Yollara dağılmış sonsuz arzularımız kimi o da bizdən çox uzaqlarda qaldı…
8 may Azərbaycan tarixinin ən qara səhifəsidir bəlkə də. Ondan sonra 9 may tarixində Qələbə günü adlı bir bayram qeyd etməyi özünə sığışdıra bilməzdi kimsə. Sovet zamanından qalma bir təntənə kimi beləcə unudulub getdi o gün. Amma deyəsən Şuşa daha tez yaddan çıxdı və biz bu ölkədə arsızlığın hər üzünü görməyə alışdıq sanki. Hökumət də keçmiş sovet ənənələrinə sadiqlik nümayiş etdirib, 9 may gününün yenidən bayram edilməsinə qərar verdi. Daha sonra 10 may Gül bayramı qondu təqvimimizə. Cənnət qoxulu çiçəkləri solmuş Şuşanın qəlbini tapdaq altına alıb, plastik “gül bağçası” qurdular Bakının ortasında. O güllər Şuşanın ətrini verə bilməzdi. Hərəsi dünyanın bir ucundan gətirilmişdi, böyük pullar bahasına. Hər il on minlərin xərcləndiyi bu birgünlük “gül bağçası”ndan geriyə qalan tör-töküntünü hamınız görmüsünüz paytaxtın mərkəzində. Lakin o pullarla əsirlikdə qalmış qədim qalanın geri alınması üçün bir iş görmək olardı. Heç olmasa, təbliğata yarayan bir iş…
Mənim üçün indi bu üç gün ayın ən kədərli üç günüdür. Çünki o üç günün içində bu xalqın kədərindən başqa ürəkaçan heç nə yoxdur. Şuşanın çiyinlərimizdən ağır yük kimi asılmış əsirlik damğası var o günlərin qaranlığında. Heç bir süni bəzək-düzək, heç bir “salyut” atəşfəşanlığı aydınlada bilməz o qaranlığı. Bu qədər qaranlıq kədər içində heç bir halda çiçək açmaz, yüz milyonlar xərclənsə belə…