Mühacirətdəki Əliyev nəğməkarlarının macəraları
Bu yazı Azərbaycanın, yox, bəlkə də dünyanın acı bir gerçəyinə aiddir. Mövzumuz mühacirət barədədir. Milli azadlıq hərəkatının vüsət alan vaxtları kimin yaşı imkan veribsə onlar xatırlamağa çətinlik çəkməyəcək. O vaxtı bir “Vətən” adlı qəzet çıxırdı. Bu qəzetdə Sovet zülmündən qaçıb dünyanın dörd bir yanına səpələnən azərbaycanlılardan bol bol bəhs olunurdu. Yazıların ümumi ruhu mühacir sözünə ölkəmizdə xüsusi simpatiya yaratmışdı. Bizim çoxumuz bu sözün heç dərin qatlarına da enmədən, sadəlövhcəsinə bütün mühacirlərin yaxşı adam olduğunu, vətəni bizim hamımızdan çox sevdiyini düşünürdük. Sonra dərsliklərimizə “mühacirət ədəbiyyatı” deyilən bir bölmə düşdü və biz orda Rəsulzadə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Almaz İldırım və s. kimilərini oxuyub mühacirlərə aşiqliyimiziı birə beş yüksəltdik.
Amma indi necə deyərlər, sən saydığını say. Zəmanə bizi başqa reallıqla üz-üzə qoydu. Yəqin, indi ən azı sosial şəbəkədəki fəalların mühaciət sözünü hansı allergik reaksiya ilə qarşıladığına şübhə etməzsiniz. Mühaciət, əlbəttə yaxşı hadisə deyil. Bir mühacirin üstünlüyü onun daşıdığı mənəvi yük ola bilər. Görünən budur ki, bizim ölkədən bu statusda gedənlərin bir çoxunun o yükü daşımağa ya gücləri çatmır, ya da heç buna həvəs də göstərmirlər. Mühacirlərimizin adı son vaxtlar ən müxtəlif maxinasiyalarda hallanır, belələrinin sayı o qədər çoxdur ki, abır- həya və əqidəsi ilə qürbətdə ömür keçirənlər də onların badına gedir. İş burasındadır ki, mühacir adı ilə ölkədən əkilmək istəyənlərin sayı artmaqdadır və bu işin arxasında ciddi bir şəbəkə durur. Hərdən, hətta, çox übhəli bir şəbəkə. O şəbəkə ən ağla gəlməz yolla sizi Avropanın, Amerikanın göbəyinə yollamağa hazırdır. Təki cibinizdə 5-6 min dollar olsun, gerisini həll etməyə nə var. Bu cür ictimai tüfeylilərin hesabına ən xoş ideyaların da üzərinə toz qonur. Fəqət bu gün bizim mövzumuz bu məsələnin mənəvi tərəfin qabartmaq deyil. Bizi daha ciddi problem düşündürür. O problem ki, Azərbaycanda kök salan bir dəstə “hüquq müdafiəçi”sı faktıkı cinayət törədərək, saxta sənəd və arayışlar hazırlamaqla dünya birliyinə mühacir idxal etməkdədilər. Özü də yorulmadan. Konkret nümunə üzərinə keçək.
Bir müddət əvvəl yazmışdıq ki, 2005-ci ilədək Penitensiar Xidmətin Bakı şəhəri, Böyük Şorda yerləşən xəstəxanasında (dustaqlar oraya ,,Sentral,, deyirlər) həkim işləyən biri ABŞ-dan mühacir oturumu alıb. “Qəhrəmanımız” zirək adamdır, bir il əvvəl yoldaşını və qızını Kaliforniyaya yollayır, özü isə heç cürə ABŞ-a viza ala bilmədiyindən Mexikadan qaçaq yolla ora gedir. O, bacarıqlı adamdır, belə olmasaydı ABŞ kimi super dövlətdən “ay aman, məni Azərbaycanda siyasi əqidəmə görə öldürürdülər” deyib oturum ala bilməzdi. Görəsən o hansı əqidədir ki, pentensiar xidmətdə çalşarkən məhkumlara əziyyət verməkdə ona ad qazandırıb? Bu necə əqidədir ki, narkobaronların sifarişi ilə saxta arayışlar verdiyinə görə pentensiar xidmətdən qovulub? Görünür, ABŞ miqrasiya xidmətini belə suallar narahat eləmir. Ya da sadəcə qəhrəmanımızın işini hazırlayan “qht”çilər elə mahircəsinə “sənədlər” hazırlayıblar ki, Sem dayının ona şübhə etmək ağılının ucundan da keçməyib. Belə sənədləri hazırlamaq isə zəhmət və pul istəyir. O pulu isə bizim qəhrəman “əqidəsi” ilə çox yaxşı qazanmışdı. Zarafat deyil, okeanın o tayına getməzdən əvvəl bu cənab təkcə Qara Qarayevdəki obyektini 1 milyon dollara satıb.
Amerikada isə siyasi mühacirətə meydan oxumaqdadır, onlara Əliyevlər ailəsinin adı ilə hədə- qorxu gəlməkdədir.
Əlbəttə, mühacirətə müxtəlif motivlərlə yollanırlar. Kəmiyyət etibarı ilə siyasi məhbuslar onların arasında ən azdır. Heç zaman siyasətlə ilgilənməyənlər daha çox axışır ölkə xaricinə və kimsəni qınamalı deyil. Azərbaycan yaşanılmaz hala gətirilib. Sıravi insanlar da bu ölkədə nəfəs çatışmazlığından əziyyət çəkərək ilk fürsətdəcə aradan çıxır və qürbətə yollanır. Amma yaşaya biımədiyini, təqib olunduğunu söyləyərək Avropa ölkələrində, Amerikada oturum alanların siyasi mühacirlərə kontrol etmək iddiası ilə oralarda meydan sulaması da geniş yayılan tendensiyadır və bu yazıda haqqında söhbət gedən adam da onlardan biridir. Bu cür tiplər gedib yerləşdikləri ölkədə ,,şəkərbura icması,, yaratmaqla kifayətlənməyib Azərbaycandakı rejimin tərənnümçüləri olur və inzibati terrorun oralardakı şəbəkəsinin əlavələrinə çevrilirlər.
Biz bu cür tiplərin haqqında şikayətləri araşdırmaq və yerləşdikləri ölkələrdə uyğun dövlət strukturlarına sorğular göndərməklə bu tendensiyanın qarşısını almağa çalışırıq. Kaliforniya diktaturası haqqında sorğuların nəticələrini isə oxucuları təqdim edəcəyik.
Azad Akifoğlu


