“Dilarə Kazımovanın ifası özünəməxsusluğu ilə seçilir”. Bu sözləri Norveç təmsilçisi Karl Espen deyib. ANS PRESS-in məlumatına görə, bildirib ki, Azərbaycan müsabiqəyə iştirakından az müddət keçsə də, həmişə güclü ifalar, performanslarla yadda qalır. Bu da ölkənizin hər bir işə nə dərəcədə ciddi yanaşdığını göstərir.
Finala vəsiqə qazanmaq üçün əlindən gələni əsirgəməyəcəyini qeyd edən K.Espen budəfəki səhnə tərtibatının və ifasının bütün Avropanın zövqünü oxşaya biləcəyini və “Eurovision” mahnı müsabiqəsinin bir daha Norveçə qayıdacağını bildirərək deyib: “Musiqi ilə öz hisslərimi tamaşaçı auditoriyasına çatdırmağa çalışıram. Zənnimcə, musiqini təkcə eşitmək kifayət deyil, onu hiss etmək və yaşamaq lazımdır. Hər bir gənc müğənni “Eurovision” mahnı müsabiqəsində iştirak etmək istəyir. Azərbaycanı salamlayıram. Azərbaycanın builki nömrəsi həqiqətən güclüdür. Düşünürəm ki, Azərbaycandan olan tamaşaçılar müsabiqədəki mahnımı bəyənəcək və mənə ən yüksək səsini verəcək.
Azərbaycan təmsilçisi ilə bağlı onu deyə bilərəm ki, Dilarə Kazımovanın da şansları yüksəkdir. Səhnə performansını gördükdən sonra isə bir daha bu il favoritlərin sırasında sizin təmsilçinizin də olduğunu anladım. Dilarə Kazımovanın xoreoqrafiyası, şou ilə ahəngdarlığı gözəldir”.