Əli Kərimli: “Hakimiyyəti zəbt edib, milyarder, oliqarx olmuşların harınlığına, azğınlığına görə heç kim vətən torpaqlarına küsməsin”
AXCP sədri Əli Kərimli Facebook səhifəsində Şuşanın işğalı və onun müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş Milli Qəhrəman Ramiz Qəmbərovu xatırlayan qeydlərini paylaşıb. Əli bəyin yazdıqlarını təqdim edirik:
“Bəli, “Torpaq, uğrunda ölən varsa, Vətəndir!”. Şuşa bizim üçün çox əzizdir. Həm də ona görə ki, Şuşanın müqəddəs torpaqları yüzlərlə azərbaycanlı şəhidin qanı ilə suvarılıb. Bu gün Şuşanın işğal günüdür. Birbaşa Şuşa uğrunda 10 saatdan artıq davam edən döyüşlərdə 480 azərbaycanlı həlak oldu, 1860 nəfər yaralandı, 22 min nəfər öz yurdundan didərgin düşdü. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur.
Şuşa xatırlanan zaman biz dərhal şəhid Milli Qəhrəmanımız Ramiz Qəmbərovu da xatırlayırıq. Ötən əsrin 90-cı illərinin əvvəllərində erməni işğalı miqyasını artırdıqca, vətənin qeyrətli övladları könüllü olaraq cəbhə bölgələrinə gedib, silaha sarılırdı. AXC-nin yerli təşkilatları hər yerdə rayonlarımızın, kəndlərimizin müdafiəsi təşəbbüsünü öz üzərinə götürürdü. Cəbhəçilər sərhəd bölgələrində özünümüdafiə batalyonları yaradırdılar. AXC Şuşa təşkilatının sədri Ramiz Qəmbərov da Şuşa könüllü özünümüdafiə batalyonunun yaradıcısı və komandiri idi. Onun komandir olduğu batalyonda (əksəriyyəti cəbhəçi olmaqla) 500-ə yaxın könüllü döyüşçü birləşmişdi.
Ramiz bəy AXC-nin iclaslarında hər zaman əminliklə deyərdi: “Erməni ancaq mənim meyitimin üstündən Şuşaya girə bilər”. Elə də oldu. Ramiz bəy özü Şuşanın işğalından qabaq – aprelin 30-da Kosalar və Kərkicahan kəndləri uğrunda döyüşlərdə şəhid oldu. Ermənilər onun yeddisi günü Şuşaya hücuma başladılar. Onun batalyonu Ramizsiz də qəhrəmancasına vuruşdu. Batalyon Şuşa uğrunda döyüşlərdə 158 nəfər şəhid verdi. Bilmirəm nə qədər haqlı idilər, amma o zaman Şuşa uğrunda döyüşmüş xeyli döyüşçü inanırdı ki, Ramiz sağ olsaydı, Şuşanı daha uzun müddətə qorumaq olardı, bəlkə gözlənilən kömək də gəlib çatardı…
Şuşanı və digər işğal olunmuş rayonlarımızı işğaldan azad etmək hamımızın namus, şərəf borcumuzdur. Vətənin dar günlərində ölkəyə gəlməyə belə cəsarət etməyən, indi isə hakimiyyəti zəbt edib, milyarder, oliqarx olmuşların harınlığına, azğınlığına görə heç kim vətən torpaqlarına küsməsin. Belələri zatən, bütün zamanlarda vətənə obyekt, neft-qaz mədənləri kimi baxıblar. Vətəni qorumaq vəzifəsi isə hər zaman və hər yerdə onu qarşılıqsız sevənlərin üzərinə düşür. Allah Ramiz Qəmbərova və bütün digər şəhidlərimizə rəhmət etsin. Bizləri şəhidlərimizin ruhu qarşısında gözükölgəli etməsin”.


