Milli nüvəmiz…

Dünən adi günlərdən biriydi. May girməmişdən başlanan şadyanalıq dünən də davam edirdi. Heç nə olmamış kimi. Dünən həm də Şuşanın işğal günüydü. Həmin gün (işğal günü) başlananda Gəncədə Türkiyədən gətirilən müğənnilər – Mustafa Ceceli və Hadisə ağız-ağıza verib “Sən elə bir zirvəsən” mahnısını oxuyurdular. Yox, “zirvə” deyəndə Şuşadan söhbət getmirdi. Bizim qəlbimizdəki zirvə – Şuşa 22 ildir işğaldadır və biz o zirvəyə çatmağa hələ də can atmırıq. Oxuduğumuz mahnılarda da başqa “zirvə”dən danışırıq. Baxmayaraq ki, hər il bol-bol vədlər verilir, boğazdan yuxarı bəyanatlar səsləndirilir. 

Dünən sosial şəbəkələrdə Şuşadan bir video yayılmışdı. Erməni qızı əsgərlərin və gənclərin əhatəsində mahnı oxuyurdu. Sözlərini başa düşməsəm də, o mahnıya həyəcansız baxa bilmirdim. Ox kimi deşirdi adamı. Elə Gəncədə türk müğənnilərin oxuduğu mahnı kimi…

Dünən dövlət başçısı “Milli Nüvə Tədqiqatları Mərkəzi”nin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncamda “nüvə texnologiyalarının müasir dövrün tələblərinə və milli mənafelərə uyğun dinc məqsədlərə istifadəsi…” zərurəti qeyd edilir. Nədənsə YAP iqtidarı “Milli” sözündən gen-bol yararlanır. Milli Elmlər Akademiyası, Akademik Milli Dram Teatrı, indi də Milli Nüvə… Millətə qarşı antimilli mövqedə dayananların bu “Milli” sevgisi heç başadüşülən deyil. Ölkənin Milli nüvəsi onun insanlarıdır. O insanların sayəsində ölkə dünyada yerini tutur, ad qazanır, özünü təbliğ edir. 

Bir neçə gün qabaq “Dünya Anaları – 2014″ hesabatı açıqlandı. 178 ölkəni əhatə edən hesabatda Azərbaycan Anaları 99-cu yerdə qərarlaşıb. Londondakı ”Uşaqları qoruyun” təşkilatı 15 ildir belə hesabat yayır. Ölkələrdə anaların durumu, doğuş vaxtı ölümü, 5 yaşadək uşaqlar arasında ölüm və s. hallar hesabata salınır. Azərbaycanda hər 1000 doğuşa 1 ana ölümü düşür. Təbii ki, burda söhbət heç kimin güvənmədiyi rəsmi statistikadan gedir. Ancaq bu rəqəm özü Azərbaycan rəsmilərinin müqayisə aparmağı sevdiyi Ermənistandan pisdir. Orada hər 1700 doğuşa 1 ana ölümü düşür. Başqa bir statistikada da Ermənistan Azərbaycanı qabaqlayır; Azərbaycanda hər doğulan 1000 uşaqdan 35-i 5 yaşadək yaşamır, Ermənistandasa bu rəqəm 16-dır.

Azərbaycanın nüvəsi olacaq uşaqlar beləcə korrupsiyaya bulaşmış səhiyyənin qurbanına çevrilir.

Azərbaycanın nüvəsi onun gəncləridir. Mayın 6-da həmin gəncliyin bir qrup fəal nümayəndəsinə hökm oxundu. Ədalətsiz, bütün qanunların tapdalanması yoluyla sifarişli hökm. Bu nüvələri bütün gücüylə məhv edənlərin “Milli nüvə…” yaradıcılığının kökündə görünür, başqa mətləblər dayanır. Bəlkə, nüvə dövləti olmaq iddiası? Hələ sərəncamda da vurğulayırlar ki, yeni qurum dinc məqsədlərə xidmət üçün yaradılır. Mayasında (siyasətində) dinclik olmayanlar, dinc insanlara qarşı vəhşi mübarizə aparanlar bununla kimsəni inandıra biləcəklərmi? 

Ötən il göyə peyk buraxdılar. Milyonlar xərcləndi, sən demə, burda başlıca məqsəd əhaliyə nəzarət etmək, onu daha çox kontrol altında saxlamaqmış. Ərazisinin 20 faizinə kontrolu itirmiş hakimiyyət onu qaytarmaq barədə heç düşünmür də. Bununçün pullar da xərcləmir, ancaq öz antimilli hakimiyyətini qorumaq üçün hər şeyindən keçir…

***

Dünən Şuşanın işğal günüydü. Ermənilər Şuşada və Xankəndidə bunu bayram elədilər. Biz bundan heç darılmadıq. Heç qəlbimiz də ağrımadı. Bayramlar ərəfəsindəyik axı. Ovqatımızı korlaya bilmərik. Bu gün 9 mayı, sabah 10 mayı bayram edəcəyik. Hələ “möhtəşəm” atəşfəşanlıq da olacaq. Ermənilərin acığına… Onların heç “Milli nüvəsi” də yoxdur… Olsa-olsa rus nüvəsidir… Di gedin!