Əli Kərimli və AXCP təhlükədə

AXCP sədrini həbs etmək, partiyanı bağlamaq, ona qarşı  total qara piara başlamaq planı işlənib  

Müxalifətin sıradan çıxarılması ilə bağlı hakimiyyət mətbəxində hazırlanmış bir plan barədə məlumat almışıq. İqtidar yenidən qorxulu bir ssenarinin bəlkə birinci,  bəlkə də növbəti addımına hazırlaşır. Söhbət yenidən AXCP sədri Əli Kərimli üçün ciddi bir provakasiyanın, yaxud həbsin və ya ola bilsin, şiddətli qara piar dalğasının hazırlanmasından gedir. Bu barədə daxil olan məlumat məcbur etdi ki, vəziyyətin kritikliyini hər kəsə çatdıraq.
Əslində, “Azadlıq” qəzetinin redaksiyasına olan bir zəng bu sətrlərin müəllifinə əsas verdi ki, buna qədərki bir neçə məlumatı da gözardı etsin. Bütün olanları bir məntiqi sxem üzrə düzəndə isə qarşımıza çıxan mənzərə çox qorxunc oldu.  Zəng və məlumat haqqında yazacağıq.

Cəbhəçilərin müşahidəsi

Əli Kərimli ilə tədbirlərə gedib-gələn cəbhəçi dostlar son 20 gündə fərqli bir izləmə ilə rastlaşdıqlarını deyirdilər. Bildirirdilər ki, həmişə izləniblər, amma bu dəfə izləyənlər bir yox, 4-5 avtomobildə və sanki hərəkətə mane olurmuş kimi nümayişkaranə hərəkət edirlər. Bu izləmənin sadəcə “hara gedib-gəldiyindən xəbər tutmaq” məqsədli olmadığı da aşkardır. Çünki, bunu bilmək üçün 4-5 avtomobildə 10-12 adamla izləməyə ehtiyac yoxdur.

Əli Kərimli əleyhinə ifadə almaq

AXCP fəalı Kəmalə Bənənyarlını həbs edib işgəncə veriblər. Vəkili ilə görüşdə cəbhəçi fəal deyib ki, ondan Əli  Kərimli əleyhinə yalan ifadə almaq istəyiblər. Təxminən bu məzmunda: “Əli Kərimli Kəmalə Bənənyarlı və bir neçə fəala  maaş verir ki, onlar  ictmai asayişi pozan, ixtişaşa səbəb olan hərəkətlər etsinlər. Həm də Əli Kərimli bu pulları ABŞ və  Fransa hökumətlərinə yaxın olan fondlardan əldə edirmiş”.
Belə bir ifadə alınacağı təqdirdə Əli Kərimlini həbs etnək üçün “əsas” yaranmış olacaqmış. Bu məlumat bizi həm də vadar etdi ki, əvvəlki iki faktı (məlumatı) da xatırlayaq. Birincisi, AXCP Ali Məclisinin üzvü, jurnalist və hüquq müdafiəçisi  Pərviz Həşimli aylardır MTN-də Əli Kərimli əleyhinə ifadə vermək üçün işgəncə görür. Hətta Pərvizə iki kəskin fərqli təklif gəlib. Ya Əli Kərimli əleyhinə ifadə verib 1 milyon manat almaq, ya da silah qaçaqmalçısı kimi rəsmiləşən cinayət işi ilə 6 il həbs yatmaq. Pərviz bəy, hələ ki, dözür. Pərviz Həşimli ilə Kəmalə Bənənyarlı arasında AXCP Gənclər Komitəsi İdarə Heyətinin üzvü Türkel  Azərtürkdən (Əlisoy) də Əli Kərimli əleyhinə ifadə almağa çalışmışdılar. Və təxminən eyni məzmunda – güya Əli Kərimli xarici fondlardan əldə etdiyi vəzaitlə cəbhəçiləri qanunsuz hərəkətlərə istiqamətləndirir.  

Nə deyirdi o zəng edən?

İlk növbədə, biz bu naməlum zəngə niyə inanırıq? Bundan əvvəl bir dəfə də belə hadisə olmuşdu. 2011-ci ilin yaz aylarında bu cür bir zəng almışdıq. Həmin şəxs bizə Əli Kərimliyə qarşı müxtəlif planların qurulduğunu və onun həbs təhlükəsi ilə üz-üzə olduğunu demişdi. Daha sonra bu məsələ Əli Kərimlini dəfələrlə istintaqa cəlb etməklə yadda qaldı. Bir epizodda isə onun evinə basqın edildi. İndi həmin şəxs olduğunu iddia edən naməlum bələdçi yoldaki yeni “minalar”dan xəbər verir. O, iddia edir ki, Əli Kərimli üçün çox ciddi planlar qrulub. Bu planlar iki istiqamətdən biri (bəlkə ikisi də) seçilməklə yaxın günlərdə start götürəcək.  
Birinci istiqamət: Əli Kərimli əleyhinə ifadəyə nail olmaq və həbs üçün “əsas” yaradıb onu həbs etmək. Bundan sonra partiyanın fəaliyyətini rəsmən qadağan etməyə qədər gedən bir proses aparmaq.
İkinci istiqamət: Birinci variant üçün “əsas” təmin etmək mümkün olmasa, çox  iyrənc və şok yaradacaq qara piar kampaniyasına start vermək. Bir müddət bu kampaniya ilə qarşılıqlı gərginlik mühiti yaratmaq, mümkün olarsa bunu bir qədər də dərinləşdirmək.
“Naməlum dost” deyir ki, bu plan ümumi şəkildə MTN-də hazırlanıb, amma icrasında başqa orqnlardan da istifadə ediləcək və iki istiqamətdən birini həyata  keçirmək üçün ciddi hazırlıq gedir. Bu informasiya imkan verir ki, yuxarıda  təqdim etdiyimiz cəbhəçi müşahidələrini də belə şərh edək: görünür, bu qədər açıq və çoxluqla izləməyin səbəbi odur ki, Əli Kərimliyə hər an basqın edib, onu həbs  edə bilərlər. Məhz bu ani əmrə hazır olmaq üçün onu daimi və bu qədər çox  adamla izləyirlər.  

Əliyevin şəxsi iradəsi var

MTN-də hazırlanan planın həyata keçməsində polis də aktiv rol oynayırsa (cəbhəçilərdən Əli Kərimli əleyhinə ifadə almağa cəhd etməklə), deməli, bu, hakimiyyətin mərkəzindən birbaşa gəlmiş tapşırıqdır. Yəni bu iki qurumu birlikdə işləməyə ancaq Prezident Administarsiyası, daha doğrusu dövlət başçısı İlham Əliyevin şəxsi iradəsi məcbur edə bilər.

ABŞ və Fransa, diqqətli ol!

Motivin niyə həm də Qərb ölkələri ilə bağlı qurulması maraqlı sualdır, deyilmi?  Ona görə ki, söhbət həm də hazırki vəziyyətdən istifadə edib, antidemokratik hücum cəbhəsini genişləndirməkdir. Demokratik dünyanı bununla şantaj etməkdir. Yəni doğurdan da hansısa bir (düşmən əlindəki) cəbhəçinin dözümü çatmasa və bu cür ifadə versə ki, Əli Kərimli ABŞ-dan, Fransadan maliyyə alıb hakimiyyətə  qarşı istifadə edir, bu,  təkcə Əli Kərimlini həbs etmək üçün “əsas” olmayacaq, həm də həmin dövlətləri Azərbaycanda şantaj etmək üçün “əsas” olacaq.  Buna görə də adı çəkilən dövlətlərin diplomatik missiyaları da ayıq davranmalıdırlar.

Azərbaycan cəmiyyətinə də bir mesaj

Azərbaycan ictimaiyyəti də diqqətli olmalıdır. Bu, elə bir prosesdir ki, ola bilsin yuxarlda da dediyimiz kimi, kiminsə dözümü çatmadı və hakimiyyətə lazım olan ifadəni verdi. Cəmiyyət bu versiyaya hazır olmalıdır. Çünki bu qədər cəbhəçinin və ya Əli Kərimlinin çevrəsində olanların hamısı eyni dərəcədə güclü iradəyə malik şəxs ola bilməz. Onlardan kimsə bu təzyiq və işgəncələrə dözməyə bilər. Bu mənada biz qarşıdaki günlərdə ola biləcəklərdən sizi məlumatlandırıq.

P.S. Yəqin ki, 2012 ci ilin payızında MTN-nə bağlı birindən Əli Kərimlini öldürmək tapşırığı aldığını, amma bunu icra etmədiyi üçün həbs olunduğunu deyən dünya çempionu Bəhlul Muradovu xatırlayırsız. Ola bilməzmi ki, indi bu əmri yerinə yetirəcək adam tapılsın?

Seymur Həzi