“Sərhədsiz Reportyorlar” Ollandı Əliyevə təpinməyə çağırdı

“Ona götürdüyü öhdəlikləri xatırladın; jurnalist və bloqerlərin azadlığına nail olun”

Fransa prezidenti Fransua Ollandın Azərbaycana səfəri ərəfəsində “Sərhədsiz Reportyorlar” təşkilatı ona müraciət edib. Müraciətdə deyilir.

Hörmətli Cənab prezident

Sizin Azərbaycana səfəriniz ərəfəsində dünyada informasiya azadlığını dəstəkləyən Sərhədsiz Reportyorlar diqqətinizi Azərbaycanda söz azadlığının ciddi problemlərinə yönəltmək istərdi. 2014-cü ildə Azərbaycan söz azadlığının reytinqinə görə dünyanın 180 ölkəsi arasında 160-cı yerdə dayanır. Hakimiyyətin əsasən kontrol altına aldığı medya müstəvisində müstəqil KİV-lərə, bloqqer və jurnalistlərə qarşı repressiyalar güclənməkdədir. Audiovizual informasiya vasitələrinə reklam verilməsi də hakimiyyətin tam nəzarəti altındadır. BBS, Azad Avropa kimi əsas beynəlxalq radiostansiyaların fəaliyyəti hələ 2009-cu ildən qadağan edilib. Cəmi bir neçə müstəqil qəzet qalıb ki, onlar da mövcudluq uğrunda mübarizə aparırlar. Bunların arasında ən başlıcası olan Azadlıq qəzeti daimi olaraq astronomik cərimələr altında olduğu üçün iqtisadi boğulma həddindədir.

Tənqidçi jurnalistikaya qarşı bütün vasitələrdən istifadə edilir. Jurnalistlər təhdid edilir, hücumlara məruz qalır, şantaj və böhtanla üzləşir, uydurma ittihamlarla heç bir hüquqa və qanuna uyğun gəlməyən məhkəmə proseslərinə cəlb edilirlər. İndi bu cür fəaliyyətə görə həbsdə olan jurnalistlərin sayı 10 nəfərdən az deyil. Onların bəzilərini, xüsusilə, Xural qəzetinin baş redaktoru Əvəz Zeynallının sağlamlığı ciddi narahatlıq doğurur.

Mayın 12-də, siz Azərbaycanda olduğunuz gün məhkəmə jurnalist Pərviz Həşimlinin barəsində hökmünü elan edəcək. Bizim Yol qəzetinin əməkdaşı və Moderator informasiya saytının redaktoru olaraq onu İranla silah alverində ittiham edirlər, amma məhkəmə prosesinin gedişində bu ittihamın saxtalığını, eləcə də ittihamın siyasi sifariş olduğunu gizlətmək mümkün olmayıb. Müxalifətdə olan Xalq Cəbhəsi Partiyasının üzvü olan Pərviz Həşimli, eyni zamanda insan haqları müdafiəsi təşkilatının rəhbəridir.

Mart ayının 17-də, bir il istintaq dövründə təcridxanada saxlanılan, Yeni Müsavat qəzetinin köşə yazarı və Müsavat Partiyası rəhbərinin müşaviri olan Tofiq Yaqublu İsmayıllı rayonunda sosial iğtişaşlarda ittiham olunur. Amma videogörüntülər və başqa faktlar sübut edir ki, o, İsmayıllı rayonunda hadisələr baş verəndən sonra, olaylar, demək olar ki, sakitləşəndən sonra jurnalist olaraq ezam edilərək gəlmişdir.

Jurnalistlərə qarşı təhdidlər onunla nəticələnib ki, onlardan bir çoxu ölkədən qaçmağa məcbur olublar. Azərbaycanda jurnalist ovu misilsiz həddə çatmışdır. 2014-cü il aprel ayının 18-də müstəqil Zerkalo qəzetinin Türkiyə üzrə müxbiri Rauf Mirqədirov Türkiyədən Azərbaycanda ona qarşı qaldırılan cinayət işinə görə ekstradisiya olunmuşdur. Azərbaycanda onu Ermənistanın xeyrinə casusluqda ittiham edirlər.

Cənab prezident. Xahiş edirik, Azərbaycana səfəriniz zamanı həmkarınızla görüş imkanından yararlanaraq bu faktları onunla müzakirə edin, jurnalist və bloqerlərin azadlığına nail olun və ona Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri və Avropa Şurası Nazirlər Kabinetinə rəhbərlik dövrünün onların üzərinə qoyduğu məsuliyyəti xatırladın.

Məktubu Sərhədsiz Reportyorlar təşkilatının baş katibi Kristaf Deloire imzalayıb.