Ağrılı, ağlamalı

Bu günlərdə 19-cu əsr fransız şairi Beranje (1780-1857) haqqında oxuyarkən maraqlı bir detal diqqətimi çəkdi.  1822-ci ildə Beranje “Kilsəni, dini, kralı və ictimai əxlaqı təhqir edən” nəğmə yazdığına görə ittiham olunur və 3 aylıq həbs (üstəlik, 500 frank cərimə) ilə cəzalandırılır.

Onun yatdığı həbsxana qısa vaxtda parislilərin ziyarətgahına çevrilir. Eyni hal 6 il sonra, şair yenidən həbs edilərkən də təkrarlanır. Bu dəfə Beranje Burbonlar əleyhinə yazdığı pamflet və “din əleyhinə” nəğməsinə görə yenidən mühakimə edilir, sonda 9 aylıq həbsə və on min frank cəriməyə məhkum edilir.

Parislilər bu dəfə Beranjenin yatdığı həbsxananı ziyarətgaha çevirməklə kifayətlənmirlər.  Tələbələr ona kəsilmiş cəriməni ödəmək üçün kampaniya başladırlar.

Şairə qarşı bu hədsiz ehtiram və sevgi onunla nəticələnir ki, Fransa kralı axırda məcbur olub Beranje ilə dostlaşmaq qərarına gəlir.

Beranje yüksək dövlət ordeni ilə təltif edilir. Üstəlik, ona təqaüd kəsilir. Şairin reaksiyası gözlənilən olur, hərçənd yəqin bizdə bunu “gözlənilməzlik” qəbul edərdirlər. O, ordeni qəbul etməyəcəyi barədə bəyanat verir. Kral təqaüdünü isə rədd edir.

Bunu niyə yazdığımı uzun-uzadı şərh etmək fikrində deyiləm. Yalnız onu yazım ki, bu bir faktda dərs alınmalı çox məqam var.

Bir tərəfdən kütləvi laqeydliyin bir parçasına çevrilənlər bunu oxuyub xəcalət təri axıtmalıdırlar. Ölkədə az qala hər gün yeni bir ədalətsiz mühakimə qurularkən, fikirlərinə, düşüncələrinə görə insanlar dəmir barmaqlıqlar ardına atılarkən biganə, səssiz qalmaq, hər hansı formada dəstək göstərməmək utancvericidir. Unudulmamalıdır ki, bu biganəlik, səssizlik yalnız həbs edilənlərə qarşı deyil, eyni zamanda Azərbaycanın gələcəyinə, onun azad, ədalətli, hər kəsin rifah içində, ləyaqətlə, hürcə yaşaya biləcəyi bir ölkəyə çevrilməsinə qarşıdır.

Antonio Qramşi yazırdı: “Laqeydlik – həyat deyil, iradəsizlik, parazitlik, qorxaqlıqdır. Buna görə də mən laqeydlərə nifrət edirəm”.

Özünü belə bir nifrətə layiq görənlərə deyəcək başqa söz yoxdur. Qramşi hər şeyi dəqiq, birbaşa izah edhib.

Beranje ilə bağlı faktdan dərs almalı olan bir başqa təbəqə bizim ələbaxımlılığa, mütiliyə, şahsevənliyə, ictimai maraqları şəxsi mənfəətlərə dəyişməyə, öz sənətkar kimliyi ilə alver etməyə öyrəşmiş, adətkarda olmuş yaradıcı adamlardır. Fərqi yoxdur, şair, yazıçı, yoxsa bəstəkar. Rəssam, yoxsa aktyor. Hansı sənətkar kimliyini daşıyır daşısın, yaradıcı adam ləyaqətini paltar kimi əynindən soyunub bir kənara ata bilməz. Özünə maddi qiymət biçə bilməz. Hansısa ordenə və yaxud təqaüdə hesablaya bilməz. 

Bir anlıq təsəvvür edək: Beranje bütün olanlardan sonra kral sarayı ilə dil tapır. Ona uzadılan qanlı əli sıxır. Ona verilən ordeni də, təqaüdü də qəbul edir.  

Nə baş verərdi? Əlbəttə, Fransa xəritədən silinməzdi. Paris dağılmazdı. Burbonlar sülaləsinin sonu fərqli olmazdı.  

Amma əvəzində ictimai əxlaq ciddi yara alardı. Minlərlə insan üçün ürəkbulandıran örnək ortaya çıxardı. Hətta ən sadə insanların belə, haqsız və qəddar güclə anlaşması, barışması üçün utancverici bəhanə yaranardı.

Beranje bunu bildiyi, dərk etdiyi üçün kral sarayının ona uzanan kirli əlini geri çevirmişdi.  Bizdə isə böyük çoxluq yəqin buna görə onu “fərsiz” adlandırar, “ağılsız” hesab edərdi. Kamyu “Badam tarlaları”nda yazırdı: “Biz bir şey istəyirik: ruha xidmət etməyən gücü qəbul etməmək”. Ruha deyil, pula, mədəyə xidmət edən gücün və ona tapınan, qeyd-şərtsiz itaət edən çoxluğun ölkəsində oturub Beranje nümunəsindən danışmaq, Kamyunun adını ağzına almaq nə qədər gülməli görünür.

Gülməli və ağrılı. Ağrılı və ağlamalı.