Mayın 6-da 8 işıqlı gəncə 59 il həbs gəzası verildi. Bəli, elmə məlum olmayan bir qrup yeni canlı növü bu ölkəni canından çox sevənləri cəzalandırdı. Ölkədəki inkişafı yavaşlatmaq istəyən Ilham Əliyev hökuməti sürət həddini aşdı. Ona görə də bizi idarə edən bu dəstəyə “siyasi avtoşlar” da demək olar. Ancaq sürət həddini aşmaq sonunda mütləq qəza ilə nəticələnir. Belə qəzalarda isə ən yaxşı halda şikəst qalmaq olur. Görünür, bu hakimiyyət “təhlükəsizlik yastığı”na çox güvənir. Ancaq anlamırlar ki, partlayış zamanı həmin yastıqlar yalnız kül ola bilir.
NIDA-çıların məhkəməsində biz yalnız haqsız qərarların şahidi olmadıq. Həm də bu hakimiyyətin xalqa bəslədiyi dərin nifrətin şahidi olduq. Əgər belə omasaydı, məhkəmə önündə duranlara qarşı vəhşi münasibət sərgilənərdimi? Azərbaycan himnini oxuyan gənclərə qarşı zorakılıq edilərdimi? Cəbhəçi xanım Kəmalə Bənənyarlını gecə bölmədə saxlayıb, işgəncəyə məruz qoyub, sonra sutkalıq həbsə göndərərdilərmi?
Deməli, bunların hədəfi həmin 8 gənc deyil. Bunların qəzəbinə səbəb “Molotov kokteyli” deyil. Bu hakimiyyət onun oğurluğuna şahidlik edən hər kəsi məhv etməkdə israrlıdır. Dünənə qədər “bunlar yeyib doyublar” deyənlər, indi bunların ac olduğunu gördümü?
Doymuş adam bütün fəaliyyətini şər-böhtan kampaniyasına həsr edə bilməz. Doymuş adam anaların göz yaşından feyziyab ola bilməz. “Bundan sonra gələn, bundan da pis olacaq” deyənlər indi nə düşünür? Sizlər bundan da pisin necə təsəvvür edirsiniz? Bir valideynin 9 ay bətnində gəzdirib, 20 il əziyyətlə böyütdüyü övladını şərləyib zindana atmaqdan daha pis nə ola bilər? Hakimiyyət bu ölkənin gəncliyinə o qədər nifrət edir ki, məhkəmənin qarşısında NIDA-çı gənclərə dəstək olanları da cəzalandırmaq istəyir.
Insanlar anlamalıdır ki, bu rejim cəmiyyət üçün böyük təhlükədir. Bu rejim hər gün bir qurban tələb edən əjdahaya çevrilib. Sərvətinizi oğurladılar, hüququnuzu oğurladılr, taleyinizi oğurladılar. Indi də övladlarınızı oğurlayırlar. Inanın, bu diktatura deyil, bu, avtoritarizm də deyil. Bu, yeni canlı növüdür və bütün dünyanı təəccübləndirir.
Dünyanın hansı ölkəsində atanı şərləmək üçün qumbaranı övladının beşiyinə qoyurlar? Dünyanın hansı ölkəsində yaltaq olmadığı üçün, cinayət törətmədiyinə görə adama “vətən xaini” damğası vururlar?
Bu, icma dövrünün ənənəsi deyil. Bu, quldarlıq quruluşuna da uyğun gəlmir. Bu, “insanlıqdançıxma” prosesidir. Aristotel deyirdi ki, bütün ədalətsizliklər arasında ən dözülməzi qanun adı altında törədilən ədalətsizlikdir. Biz isə ən dözülməz olana ən dözümlü münasibət göstəririk. Bu ölkədə baş verənlər o qədər aydındır ki, bunu görməzlikdən gəlmək də ədalətsizlikdir. Yalanlara inanmağa haqqımız yoxdur. Heraklit “Ədalətsizliyin qarşısını yanğından daha tez almalıyıq” deyirdi.
Biz isə ədalətsizlik yanğınının hamımızı yandırmasını seyr edirik. Bu yanğının miqyasının artmasına icazə vermək olmaz. Bu rejim insanlara məzar kimi baxır və bu məzarın üstünə qoyulan qərənfilləri də oğurlamaq istəyir. 2 gündən sonra insanların ah-naləsi üzərində “Gül bayramı” keçiriləcək. ADNA faciəsindən bir neçə gün sonra xüsusi təmtəraqla “Gül bayramı” keçirildi. NIDA-çı gənclərin həbsindən 4 gün sonra yenə də daha təmtəraqlı “Gül bayramı” keçiriləcək. Sanki bu bayram Azərbacan gəncliyinin məhv olması şərəfinə keçirilir.
Görünür, xalq təhqir olunaraq yaşamağı qəbul edəndə, rejim də təhqirlərindən zövq alır. Yeni canlı növünə qalib gəlmək üçün yeni xalq hərəkatına ehtiyac var.