“Qarabağ” çempion oldu

Son 3 mövsümdə olduğu kimi yenə də Azərbaycan çempionu mövsüm başa çatmamış müəyyənləşdi. Stadium.az xəbər verir ki, ardıcıl 3 dəfə “Neftçi” vaxtından əvvəl çempionluğun sevincini yaşamışdısa, Topaz Premyer Liqasının 2013/14 mövsümündə “Qarabağ” qızıl medallara sahib çıxıb.

Ağdam təmsilçisi 34-cü turda “İnter”i məğlub edib və bunun sayəsində son iki turun nəticələrindən asılı olmayaraq qızıl medallara yiyələnib.

Bu uğur “Qarabağ”ın Azərbaycan çempionatlarında 2-ci qələbəsidir. Ağdamlılar ilk dəfə 1993-cü ildə – 21 il əvvəl bunu bacarmışdı. Bununla da komanda qızıl medalların sayında eyni qədər uğuru olan “Şəmkir”, “İnter” və “Bakı”ya çatıb. Bu komandalardan başqa, “Neftçi” 8, “Kəpəz” 3,“Turan” və “Xəzər Lənkəran” hərəyə 1 dəfə çempion olub. Əyalət təmsilçisi qızıl medallara sahib çıxmaqla son 6 mövsümdə çempion olan paytaxt təmsilçilərinin seriyasına da son qoyub.

Futbolçu kimi 4 dəfə Azərbaycan çempionu olan Qurban Qurbanov baş məşqçi postunda ilk dəfə bu uğura imza atıb.