«Fransa prezidenti Azərbaycan hakimiyyətinin son vaxtlarda atdığı repressiv addımlara münasibət bildirəcək»
Moskva ilə Qərb arasında münasibətlərin gərginləşdiyi, həmçinin Avropanın Rusiyanın qaz asılılığından azaldılması məsələsin gündəmdə olan bir vaxtda Fransa prezidenti Fransua Olland Bakıya gəlir. Mayın 11-də baş tutacaq səfərdə enerji məsələsi ilə yanaşı ölkədəki insan haqları durumunun da müzakirə ediləcəyi gözlənilir. Artıq bununla bağlı beynəlxalq insan haqları təşkilatı «Human Rights Watch» Fransa prezidentinə müraciət edib və Azərbaycanda insan haqlarının ağır vəziyyəti ilə bağlı məsələni qaldırmağa çağırıb.
Həmçinin Azərbaycanın Avropa Birliyi ilə münasibətlərinin də müzakirə predmeti olacağı şübhəsizdir.
Bu halda Fransua Ollandın Bakıya müəyyən mesajlarla gələcəyi istisna edilmir.
Ekspertlər Ollandın Cənub Qafqaz regionuna səfərinin kifayət qədər mürəkkəb dövrə təsadüf etdiyini deyir. Səfər zamanı Fransa-Azərbaycan, Avropa Birliyi-Azərbaycan münasibətləri müzakirə olunacaq. Məlum olduğu kimi, Rusiyanın Krımı işğalından sonra Avropanın Rusiyadan qaz asılılığını azaltmaq üçün ciddi səylər göstərdiyi müşahidə olunur. Avropa rəsmilərinin bildirdiyi kimi, Azərbaycan bu məsələdə kifayət qədər ciddi əhəmiyyət kəsb edir. Deməli Avropa ilə Azərbaycan arasında enerji sahəsi ilə bağlı Fransa prezidentinin görüşü zamanı ciddi müzakirələrin aparılacağı şübhəsizdir. O da aydındır ki, müzakirələr zamanı Qarabağ məsələsinə də toxunulacaq. Eyni zamanda Avropanın aparıcı dövlətlərindən birinin rəhbəri kimi Fransa prezidenti Azərbaycanda-Avropa Birliyi münasibətlərini də ciddi şəkildə müzakirə etməyə çalışacaq. Güman olunur ki, Azərbaycan hakimiyyətinin son vaxtlarda atdığı repressiv addımlar Azərbaycanı Avropadan daha da uzaqlaşdıracaq məsələ olduğundan Fransa prezidenti bu məsələyə də müzakirələr vaxtı münasibət bildirəcək.
Fizzə


