Əliyevlər rejiminin son vaxtlar haqqında ağızdolusu danışdığı, tərifini yerə-göyə sığdırmadığı “ASAN-xidmət” haqqında dünən bir xəbər oxudum. Xəbərdə deyilirdi ki, qurumun 144 əməkdaşı YAP-a üzv olub. Nə gözəl, nə gözəl!
Əslində, YAP-a üzv olmaq özü bir növ “ASAN-xidmət”dir. YAP-a üzv olursan, istər-istəməz, həyatın asanlaşır, hara getsən, qarşında “yaşıl işıq” yanır. Istədiyin qədər, ye-dağıt, çal-çap, yüksəl, zənginləş, kim sənə “gözün üstə qaşın var” deyə bilər?!
Düzdür, biz bəzən YAP üzvlərinin də qarşılaşdıqları hansısa haqsızlıqdan, rüşvətxorluqdan, məmur heyvərəliyindən şikayətləndiyini, hətta bir də görürsən, qəzəblənib üzvlükdən imtina etdiyini görürük. Amma belələri günahı ilk növbədə özlərində axtarmalıdır. Yəqin oğurlamaq, yaltaqlanmaq bacarıqları azdır ki, yap-çı olmaqları belə, onların heç bir yaralı barmağına dərman olmur.
Ümumiyyətlə, yapçı olmaq hər hansı yarışa qoşulmaq kimi bir şeydir. Burada çəpik çalarkən tez yorulana, tərif oxuyarkən azacıq dili dolaşana əsla və qətiyyən yer yoxdur. Belələrini YAP sıralarında heç bir uğur, işıqlı günlər gözləmir. Biz inanmaq istəyirik ki, YAP-a keçən ASAN-xidmət işçiləri qoşulduqları bu ümummilli, şirin dilli, siyah telli, bizim elli, allı-güllü yarışdan alnıaçıq, üzüağ çıxacaq, öz aralarından xalqımıza yeni Siyavuşlar, Mübariz Qurbanlılar bəxş edəcəklər.
Dəqiqləşdirmək lazımdır, kim bilir, bəlkə də “ASAN”ın göstərdiyi xidmətlərdən biri elə budur: ölkəmizin Siyavuş Novruzovlarla, Mübariz Qurbanlılarla, Əli Əhmədovlarla daha da zənginləşməsini asanlaşdırmaq! Hazırda bu, partiya və hökumətimizin qarşısında duran bir nömrəli məsələdir. Rəva deyil ki, büdcəmiz ildən-ilə artsın, amma tutaq ki, Siyavuş Novruzov elə bir dənə olaraq qalsın.
Mən bunu tam ciddi yazıram, indi Azərbaycan məhz bu yolda inamlı, iri, iti addımlarla irəliləyir. Hər şey ona hesablanıb ki, ölkədə Siyavuş, Mübariz, Əli Əhmədov… olmayan heç kim qalmasın.
Yeri gəlmişkən, haqlarını yeməyək, “ASAN-xidmət” yaptokratiyanın az-maz istedadla uydurduğu yalanlardan, miflərdən biridir. Hansısa dövlət idarəsində beş-üç sənəd-mənədi almağı asanlaşdıraraq, korrupsiyanın kökünü kəsmək istədiklərinə bəzən, hətta ictimai ayıq insanları da inandırırlar. Əvvəllər “korrupsiya ilə mübarizə” yalanını camaata meşəbəyiləri, qatar bələdçilərini-zadı tutmaqla yedirmək istədilər, baxdılar, alınmır, hətta əks-effekt verir, xalqda gülüş, ikrah doğurur, valı dəyişdilər, düşünüb-daşınıb “ASAN”ı icad etdilər.
Bəli, xeyli adam indi bu mifin təsiri altına düşüb. Dərin düşünəndə isə bu əslində, xalqı ələ salmaqdan, onunla məzə çırtlatmaqdan başqa bir şey deyil. Guya, ölkədə korrupsiyanın mənbəyi, mərkəzi ikinci-üçüncü dərəcəli dövlət idarəsi, yaxud onun verdiyi əl boyda kağız parçasıdır…
Birincisi, artıq bunlar o qədər şişiblər ki, belə xırım-xırda (əlbəttə, bizim üçün yox, onlar üçün!) rüşvətlərə ehtiyacları qalmayıb. Hansısa sənəd almaq üçün alınan üç-beş manatın indi onların gözündə konfet kağızı qədər də dəyəri yoxdur.
Ikincisi, axı hansısa sənəd-sünəd işindəki rüşvət Azərbaycanı ağuşuna alan korrupsiyanın çox kiçik, iynəucu boyda parçasıdır. Korrupsiya anlayışı özündə daha geniş anlamlar, mənalar ifadə edir. Bu mənada, ofşor şirkətlərin meydan suladığı, milyardlıq büdcə investisiyalarının qeyri-şəffaf, qondarma tenderlərlə üç-beş adamın yaxın ətrafı arasında bölüşdürüldüyü bir ölkədə yeni şəxsiyyət vəsiqəsi almağı asanlaşdırmaq, sonra da durub bunu tarixi nailiyyət, analoqu olmayan icad kimi qələmə vermək komediya deyilsə, bəs nədir?
Guya, kim bilmir ki, bizim həyatımızın asanlaşmasının vur-tut bircə yolu var. O da qurduğunuz bu çağdışı, anti-demokratik, anti-insani rejimdən qurtulmağımızdır.
Düşsünlər belimizdən, əl çəksinlər yaxamızdan. Bu, onların bizə ən asan xidməti olardı.