AXCP Gənclər Komitəsinin təşəbbüsü ilə mayın 8-də, saat 18:00-dan Facebook və Twitter sosial şəbəkələrində Azərbaycanda siyasi məhbuslara azadlıq tələbilə kampaniya başlayıb. Kampaniya #susma #dontbesilent haştaqları ilə aparılır.
Mayın 14-də Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrlik dövrü başlayır. Ancaq bu sədrlik elə bir dövrə təsadüf edir ki, Azərbaycanda müxalif fikrin daşıyıcıları repressiyaya məruz qalır. Son olaraq isə NİDA hərəkatının 8 üzvü heç bir sübut olmadan, şərlənərək 6-8 il müddətinə azadlıqdan məhrum edildi. Bu həbslərə etiraz edən fəallar isə müxtəlıif formada cəzalandırıldı.
Gənclər hesab edir ki, demokratiyanı özünün başlıca dəyəri kimi qəbul edən beynəlxalq ictimaiyyət, o cümlədən Avropa Şurası baş verənlərə biganə qalmamalıdır.
Kampaniyanın əsas məqsədi yerli və beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanda insan haqlarının acınacaqlı durumuna, o cümlədən siyasi məhbuslar probleminə cəlb etmək, insanları baş verənlərə biganə qalmamağa səsləməkdir.


