Ziya Məmmədov səlahiyyətlərini itirir

Nəqliyyat nazirinin bankında da böhran yaşandığı bildirilir

Nəqliyyat naziri Ziya Məmmədovun səlahiyyətləri yavaş-yavaş əlindən alınır. Bir müddət əvvəl paytaxtda sərnişindaşıma sahəsi Nəqliyyat Nazirliyin tabeliyindən çıxarılaraq Bakı Şəhər Icra Hakimiyyətinə verildi. Az sonra isə iri tonnajlı maşınlara nəzarət funksiyası Daxili Işlər Nazirliyi ilə Nəqliyyat Nazirliyi arasında bölüşdürüldü. Indisə Nəqliyyatın Intellektual Idarəetmə Mərkəzi Nəqliyyat Nazirliyindən alınır.

“Azadlıq”a daxil olan məlumata görə, mərkəzin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, yaxud da Bakı Şəhər Icra Hakimiyyətinə veriləcəyi müzakirə edilir. Sərnişindaşımanın Bakı Şəhər Icra Hakimiyyətinə verildiyini nəzər alsaq, o zaman mərkəzin də bu qurumun tabeliyinə veriləcəyini güman etmək olar.

“Son bir neçə gündə Bank of Azerbaijan”da kütləvi ixtisarlar aparılıb. Ötən həftənin cümə günündən başlayaraq bu günə qədər 100-ə yaxın şəxs işdən çıxarılıb. Səbəb kimi isə bankın ciddi maliyə problemləri yaşadığı göstərilir”.
Bunu isə “AZƏRFAKS”a “Bank of Azerbaijan”dakı mötəbər mənbə məlumat verib. Onun sözlərinə görə, bankın baş ofisindən yerli şöbələrə işçiləri öz hesablarına məzuniyyətə göndərmək barədə tapşırıq verilib: “Artıq xeyli müddətdir ki, əməkdaşlara məvaciblərin verilməsi ləngiyir. Işçilərə böyük məbləğdə borc yaranıb. Baş ofis maliyyə probleminin olduğunu gizlətmir. Açıq şəkildə deyirlər ki, bank atıq ayaqda dura bimir, kim istəyir özünə yeni iş tapsın. Aydındır ki, hərə özünə bir iş tapacaq. Problem işçilərə məvaciblərin verilməməsindədir. Fakt odur ki, bankımız müflis olmaq üzrədir. Bunun göstəriciləri artıq ortadadır”.

Mənbə əlavə edib ki, əməkdaşların məvacibi verilməsə onlar pullarını bankın sahibindən tələb edəcəklər.
“Bank of Azerbaijan” nəqliyyat naziri Ziya Məmmədovun nəzarəti altındadır.
Mənbə onu da bildirib ki, bankın yerli filiallarının fəaliyyətinin dayandırılacağı da gözlənilir.
“Bank of Azerbaijan”ın səhmlərini böyük hissəsi “Baglan Group”un rəhbəri, Nəqliyyat naziri Ziya Məmmədovun şəriki “Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədovun oğlanlarına məxsusdur: Məmmədov Kənan Hafiz oğlu 21,817.500 AZN (43.63%) Məmmədov Sənan Hafiz oğlu 21,817.500 AZN (43.63%) Məmmədov Mübariz Məcid oğlu 6,030.000 AZN(12.07%) NEM Holdinq 335.000 AZN(0.67%) Bankın Müşahidə Şurasının sədri də elə Hafiz Məmmədovdur.