Sədərək gömrük-keçid məntəqəsinin keçmiş müdiri Mübariz Pənahov uzun fasilədən sonra dövlət qulluğuna qayıdıb.
Yerli mətbuatın yazdığına görə, M.Pənahov ötən həftə ARDNŞ Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.
Azərbaycanda hamının “Laba” ləqəbi ilə tanıdığı M.Pənahov Sədərək gömrük-keçid məntəqəsinə müdir təyin olunmuş, 10 ilə yaxın bu vəzifədə çalışmışdı.
2004-cü ildə MR rəhbərliyi ilə münasibətlərində yaranmış anlaşılmazlığa görə vəzifəsindən istefa verərək Bakıya köçən M.Pənahovun burda yüksək vəzifəyə təyinatı gözlənilsə də bu barədə çoxsaylı məlumatlar öz təsdiqini tapmamışdı. Əksinə, o, kölgəyə çəkilərək bizneslə məşğul olmağa başladı.
Bununla belə, Azərbaycan mətbuatının M.Pənahova marağı heç vaxt tam itmədi. Bu illər ərzində o, dəfələrlə mətbuatın gündəmində ön sıralarda yer almışdı.
M.Pənahovun vəzifəyə təyinatı onunla Naxçıvan rəhbərliyi arasındakı münasibətlərdə gərginliyin tam aradan qalxdığını göstərir. Məlumata görə, Pənahovun qısa müddətdən sonra daha yüksək vəzifəyə təyinatı da istisna deyil.
Qeyd edək ki, M.Pənahov virtualaz.org saytının müxbiri ilə söhbətində ARDNŞ-də vəzifə alması xəbərini təsdiq edib.


