Vəkil Bəhruz Bayramov: «Yuxarıdan neçə il iş istəsələr, hakim onu da oxuyacaq»
Ötən ilin sentyabrından həbsdə olan jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin məhkəməsi yekunlaşmaq üzrədir. Artıq iş üzrə məhkəmə istintaqı başa çatıb və mayın 11-də prokuror çıxış edərək, jurnalistə cəza istəyəcək.
Pərviz Həşimlinin vəkili Bəhruz Bayramov “mediaforum”a açıqlamasında bildirib ki, müdafiə tərəfi çıxışlara hazırlaşır: “Məhkəməni uzatmağın mənası yoxdur. Bu günə qədər məhkəmə heç bir vəsatətimizi təmin etməyib. Yuxarıdan neçə il iş istəsələr, hakim onu da oxuyacaq. Yəni, obyektiv məhkəmə araşdırmasından söhbət gedə bilməz”.
Bəhruz Bayramov mühakimə prosesinin qeyri-obyektiv olduğunu vurğulayıb: “Elə sübutlarımız var idi ki, onu məhkəmənin sorğusu ilə əldə edə bilərdik. Lakin məhkəmə işin obyektiv, ədalətli araşdırılmasında maraqlı olmadı. Kamera görüntüləri, silahların hazırlandığı zavoda sorğu verilməsi, onlarda olan 2800 ABŞ dollarının üzərində Pərviz Həşimlinin əl-barmaq izlərinin olub-olmaması barədə ekspertiza təyin edilməsilə bağlı vəsatətlər verdik. 2013-cü il sentyabrın 18-də Təvəkkül Qurbanovun telefonunun Biləsuvar rayonunda olub-olmaması barədə Rabitə və Informasiya Texnologiyaları Idarəsinə sorğu verilməsini xahiş etdik. Əgər Pərviz Həşimlinin evində olan kameranın yaddaş kartını əldə edə bilsəydik, məlum olardı ki, silahları Pərvizin evinə, həyətinə kim yerləşdirib. Özü yerləşdiribsə, cəzasını da alardı. Bunlar birbaşa sübutlar idi. Məhkəmə prosesi boyunca digər vəkillərlə birlikdə 15 vəsatət verdik, heç biri də təmin olunmadı. Məhkəmədən ədalətli hökm gözləmirəm.
Pərviz Həşimli onu nəyin gözlədiyini bilir. Ədalətli hökmə inanmır. Sadəcə, hökmün tez oxunmasını və MTN-nin Istintaq Təcridxanasından Bakı Istintaq Təcridxanasına köçürülməsini istəyir”.
Xatırladaq ki, Pərviz Həşimli ötən il sentyabrın 17-də həbs olunub. Ona qarşı qanunsuz silah-sursat saxlama və silah qaçaqmalçılığı ittihamları irəli sürülüb. Pərviz Həşimli isə ittihamları qəbul etmir, evinə silah-sursatın MTN əməkdaşları tərəfindən qoyulduğunu bildirir. Onun üzünə duran Təvəkkül Qurbanova gəlincə, onun MTN-nin adamı olduğunu bəyan edir. Həbsini isə siyasi sifarişin nəticəsi hesab edir və jurnalist, hüquq müdafiəçisi kimi peşə fəaliyyətilə əlaqələndirir.
“Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı Pərviz Həşimlini “vicdan məhbusu” kimi tanıyıb.


