NİDA-çılarla bağlı hökmə qarşı çıxanlara 95 sutka həbs və 3500 manat cərimə…
Britaniyalı nazir də Azərbaycanın məhkəmə sistemindəki biabırçılıqlara etiraz edib
Mayın 6-da NIDA-çı fəallara oxunan hökmə etiraz etdikləri üçün zorakılığa məruz qalaraq saxlanılan fəallar polis bölmələrində işgəncəyə məruz qalıblar. Qeyd edək ki, ümumilikdə 30-a yaxın adam saxlanılmış, onların bir qismi sonradan azad edilmişdi. On üç nəfər isə gecəni polis bölmələrində keçirib. Dünən onlar məhkəmə qarşısına çıxarılıb. Nəsimi Rayon Məhkəməsində saxlanılan fəalların bir qismi yüksək məbləğdə cərimə olunub, qalanı isə inzibati həbs cəzası alıb. Cəzalandırılan fəalların siyahısını təqdim edirik:
Kəmalə Bənənyarlı (AXCP) – 30 sutka həbs
Orxan Eyyubzadə (NIDA) – 20 sutka həbs
Tural Abbaslı (Müsavat) – 15 sutka həbs
Şəfi Şəfiyev (NIDA) – 15 sutka həbs
Hacı Zeynallı (Dalğa GT) – 15 sutka həbs
Toğrul Ibrahim (AXCP) – 600 manat cərimə
Türkel Azərtürk (AXCP) – 400 manat cərimə
Orxan Rüstəmzadə (AGT) – 400 manat cərimə
Nicat Məmmədbəyli (NIDA) – 400 manat cərimə
Rəhman Məmmədli (NIDA) – 400 manat cərimə
Füzuli Ovçiyev (AXCP) – 300 manat cərimə
Şamil Beydullayev (Müsavat) – 500 manat cərimə
Kamran Zeynalov (AXCP) – 500 manat cərimə
Mayın 6-da saxlanılan fəallardan Cəmil Hacıyev “Azadlıq”a polis əməkdaşları tərəfindən qeyri-insani münasibət barədə bəzi məqamları danışıb.
Cəmil Hacıyev deyir ki, saxlanılanlar Nəsimi rayon 21 və 22-ci polis bölmələrinə aparılıb. Sonradan onu, Çilənay Türkeli və Nəcmin Kamili Nəsimi Rayon Polis Idarəsinə aparıblar: “Orada 22-ci polis bölməsindən gətirilmiş daha dörd nəfər var idi. Rəis Musa Musayev və onun köməkçisi saxlanılanları tək-tək qəbul edib, hədə-qorxu gəlirdi. AXCP fəalı Kəmalə Bənənyarlıya da növbə çatdı. Onu içəridə incitməyə başladılar. Mən buna kəskin etiraz etdim. Polislər qarşımı kəsib içəri daxil olmağa qoymadılar. Idarə rəisinin müavini ”aparın bunları gətirdiyiniz yerlərə” əmrini verdi. Bizi (Cəmil Hacıyev, Çilənay Türkel və Nəcmin Kamil) yenidən 21-ci polis bölməsinə gətirdilər. Öncə bizə Inzibati Xətalar Məcəlləsinin 298.2-ci maddəsilə ittiham elan etsələr də, sonradan 296-cı maddə tətbiq edilərək, bildirdilər ki, 50 manat cərimə olunuruq. Dedilər ki, cəriməni bu gün (dünən-red.) “Kapitalbank”a ödəməli, qəbzi polisə təhvil verməliyik. Yoxsa qərarlarını dəyişib, işi məhkəməyə göndərəcəklər”.
Qeyd edək ki, həbs olunan 8 NIDA-çı barəsində hökm çıxarılandan sonra gənc fəallar, müxalifət partiyalarının təmsilçiləri məhkəmə binası qarşısında “Azad et!” şüarı səsləndirərkən polislər, mülki geyimlilər onlara hücum edib. Onlar gənclərlə yanaşı, hadisəni işıqlandıran jurnalistlərə qarşı da amansız olub.
ATƏT-in Media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç Bakıda ictimai etirazları işıqlandıran jurnalistlərə qarşı zorakılıqları pisləyib.
“Bu jurnalistlər ictimai etirazçıları işıqlandıran zaman hücuma məruz qalıb. Media nümayəndələrinə qarşı bu sonuncu zorakılıq aktı Azərbaycanda media azadlığı sahəsində onsuz da artıq həyəcan doğuran vəziyyətdən xəbər verir”, – deyə Dunya Miyatoviç ATƏT-in internet səhifəsində yayılan bəyanatında bildirib.
Qeyd edək ki, “Turan” xəbər agentliyinin jurnalisti Etimad Budaqov polis tərəfindən hücuma məruz qalıb, “Yeni Müsavat” qəzetinin reportyoru Məhəmməd Türkmən, “Azadlıq” qəzetinin əməkdaşı Xalid Qarayev və “mediaforum”dan Amid Süleymanov isə polislər tərəfindən saxlanılıb. Polis “Turan” agentliyi və “Amerikanın Səsi” radiostansiyasının müxbiri Pərvanə Bayramovanı da saxlamağa çalışıb.
Mayın 7-də “Obyektiv TV”nin jurnalisti Hüseyn Əzizoğlu məhkəmədə etirazçılara qarşı məhkəmə prosesini işıqlandıran zaman polisin qarşısında naməlum şəxs tərəfindən hücuma məruz qalıb. Əzizoğlu xəsarət alıb, onun kamerası da zədələnib.
“Hüquq-mühafizə orqanları media nümayəndələrinin müdafiə edilməsinə görə məsuliyyət daşıyır və onların hücum etməsi, ya da kimisə jurnalistlərə hücuma təhrik etməsi qəbuledilməzdir. Bu insidentlərin tez bir zamanda və şəffaf şəkildə təhqiq ediləcəyinə ümid bəsləyirəm”, – deyə Dunya Miyatoviç bəyanatında bildirib.
***
Bu arada, Britaniya hökuməti də NIDA Vətəndaş Hərəkatının 8 üzvü haqqında 6 ildən 8 ilə qədər həbs cəzası çıxarılmasıyla əlaqədar Azərbaycanın məhkəmə sistemilə bağlı narahatlığını ifadə edib.
Britaniyanın Avropa məsələləri üzrə naziri David Lidingtonun sözlərinə görə, Britaniya rəsmiləri bu məhkəmə prosesini yaxından izləyiblər.
Britaniyanın Xarici Işlər Nazirliyinin saytında yayılan bəyanatda Lidington bildirib ki, o, məhkəmə prosesində qeydə alınmış çatışmazlıqlardan xüsusilə narahatdır. Onun sözlərinə görə, Britaniya Azərbaycanda siyasi xarakterli saxlanılma və həbs hallarının artması ilə bağlı narahatlığını ifadə etməkdə davam edəcək.
İnformasiya şöbəsi