“Hakimiyyət NİDA-çılarla qəddar davrandı…”

İctimaiyyət nümayəndələri rejimi ittiham etdi

«Hakimiyyət istənilən etirazdan, narazılıqdan çox qorxur, xüsusən də gəncliyin fəallığından…»

Bakı Ağır Cinayətlər Məhkəməsində dünən NIDA-çılara hökm oxundu. Zaur Qurbanlıya 8 il, Rəşadət Axundova 8 il, Rəşad Həsənova 7 il 6 ay, Məmməd Əzizova 7 il 6 ay, Ilkin Rüstəmzadəyə 7 il, Bəxtiyar Quliyevə 7 il, Üzeyir Məmmədliyə 7 il, Şahin Novruzluya 6 il həbs cazası verilib. Bu qərar siyasətçilərin, ictimai fəalların, gənclərin etirazına səbəb olub.

“Hakimiyyət belə humanistdirsə, onda…”

Tanınmış vəkil Aslan Ismayılov “Facebook” səhifəsində bunları yazıb: “Bu gün (dünən – red.) Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əlisultan Osmanov, Eldar Ismayılov və Cavid Hüseynovun sədrliyi ilə NIDA-çı gənclərə ağır cəza verib.
Dünən isə (srağagün – red.) dövlət cinayəti olan mandat alverində, milyon dollar rüşvət almaqda ittiham olunan Gülər Əhmədova məhkəmə zalında həbsdən azad olundu, Ramiz Mehdiyevin oğlu da FHN-nin müavini təyin olundu.
Bu müqayisəni heç də təsadüfi saymıram. “NIDA”çılar demokratik düşüncəli (Qərbyönlü), digər iki nəfər isə avtoritar düşüncəli (Rusiyapərəst) şəxslərdir. Nəticə odur ki, hakimiyyət nə qədər bizi inandırmağa çalışsa da, hələ ki, Azərbaycanda söz sahibi Rusiyadır!
Bir məqamı da qeyd etməyə bilmərəm. Bütün günü hakimiyyət KIV-ləri Gülər Əhmədova ilə kiçik oğlunun görüşməsi epizodunu tirajlamaqla hakimiyyətin humanistliyini vurğulayırdılar. Istənilən azyaşlı körpənin valideyninə qovuşmasının tərəfdarıyam. Ancaq doğrudan da hakimiyyət belə humanistdirsə, onda Rəşadətin 1 yaşlı körpə oğlunu üzünü görmədiyi atası ilə görüşdürməsi daha humanist addım olardı”.

İlqar Məmmədov hiddətini 8 nidayla ifadə etdi

Həbsdə olan ReAL Hərəkatının sədri Ilqar Məmmədov gənclərə oxunan hökmü hiddətlə qarşılayıb. O, hiddətini yalnız 8 nida işarəsi ilə ifadə edib: “10 il əvvəl bir-iki gəncə ilyarım iş verilirdi. 5 il əvvəl iki gənc 2-2,5 il müddətinə azadlıqdan məhrum edilirdi. Indi 8 gənc 8 illik həbsə atıldı. 5 ildən sonra kimə nə verə biləcəklər?!!!!!!!!”

“Əliyev rejimi gənclərə qarşı gedirsə, öz məğlubiyyətini, iflasını sürətləndirir”

Müsavat Partiyasının başqanı Isa Qəmbər “Media forum” saytına açıqlamasında deyib ki, gənclərə qarşı mübarizə aparan bütün hakimiyyətlər məğlubiyyətə məhkumdur: “Hazırkı hakimiyyət cinayətlər içərisindədir, ölkədə qanunsuzluq, rüşvətxorluq, insanlara qarşı total haqsızlıq hökm sürür. Hakimiyyət istənilən etirazdan, narazılıqdan çox qorxur, xüsusən də gəncliyin fəallığından, fədakarlığından çox çəkinir. Ona görə də Azərbaycan gəncliyinin öndə gedən qüvvəsi olan ”NIDA”çılara qarşı çox qəddar repressiyalara başladı.

Siyasi sifarişli bu ittiham məhkəmədə tamamilə iflasa uğrasa da, yalan üzərində qurulmuş işi davam etdirib gənclərə çox ağır cəza verildi, əsassız hökm oxundu. Bu hökm Azərbaycanın hüquq mühafizə sisteminin, hakimiyyətinin yalnız hüquqi deyil, mənəvi cəhətdən də iflasa uğraması deməkdir. Mən əminəm ki, həmin gənclər tezliklə azadlıqda olacaqlar”.
Müsavat başqanı hesab edir ki, gəncliyə qarşı düşmənçilik siyasəti yürüdən, gəncliyin qarşısında dayanan heç bir qüvvə uğur qazana bilməz: “Bu hakimiyyət, Əliyev rejimi gənclərə qarşı gedirsə, öz məğlubiyyətini, iflasını sürətləndirir. Gənclik qalib gələcək”.

“Bugünkü hökm Azərbaycan reallığına uyğun bir haldır”

Hüquqi Dövlət Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxışov. “Sübutların olub-olmamasından asılı olmayaraq o ittihamlar üzrə iş məhkəməyə gedibsə, hər hansı bir məhkəmə olsun, o ittiham üzrə də hökm çıxaracaqdı. Bu, Azərbaycanda siyasi işlər üzrə 1993-cü ildən qoyulmuş bir qaydadır, o qaydaya da əməl olunur”.

“Nə edirsinizsə, özünüzə edirsiniz!”

Milli Şuranın Beynəlxalq Əlaqələr Komissiyasının rəhbəri Gültəkin Hacıbəyli “Facebook” səhifəsində qərara belə münasibət sərgiləyib: “17-18 yaşlı uşaqlarımızı (Cabbar Savalanlı, Şahin), qadınlarımızı (Nigar Yaqublu), ağır xəstələrimizi (Elnur Seyidli, Zaur Qurbanlı) həbs etdirməklə, qadınlarımızın şərəf və ləyaqəti ilə oynamaqla (Xədicə Ismayıl, Leyla Yunus, Gültəkin Hacıbəyli), 60 yaşlı qadınımıza işgəncə verməklə (Leyla Yunus), körpələrimizi əsəb xəstəsinə çevirməklə (Toğrul, Zeynəb), mandat alverçisi və dələduz Güləri azadlığa buraxıb onun şərlədiyi Əvəz Zeynallını həbsdə çürütməklə öz taleyinizi yazırsınız! Siz uşaq, körpə, qadın, qoca demədiniz! Nə edirsinizsə, özünüzə edirsiniz!”.

Ramin DEKO