Hakimiyyət demokratiya vədinə əməl edəcəkmi?

«Azərbaycanın gerçəkdən Avropaya inteqrasiya, demokratikləşmə istiqamətində addımlar atmaq üçün gözəl şansları var»

Gültəkin Hacıbəyli: «Avropa Şurası Nazirlər Komitəsində sədrlikdən gözləntilərimiz bu deyildi»

Xarici işlər naziri Elmar Məmmədyarov Avstriyanın paytaxtı Vyanada Avropa Şurası Nazirlər Komitəsində Azərbaycanın sədrliyi dövrünün prioritetlərini  təqdim edib. Nazirliyin mətbuat xidmətindən “Media forum” saytına verilən məlumata görə, nazir növbəti altı ay müddətində Azərbaycanın Avropa Şurasının üç əsas sütunu – insan hüquqları, qanunun aliliyi və demokratiyaya güclü dəstək verəcəyini və səylərini əsirgəməyəcəyini deyib. Bu müddət ərzində Avropa Şurasının əsas dəyərlərinin dəstəklənməsi və təşviqi bütün fəaliyyət və öhdəliklərin mərkəzində duracaq.

Azərbaycanın sədrliyinin əsas prioritetləri Azərbaycanın müsbət xarakteristikası və müqayisəli üstünlükləri ilə yanaşı Avropa Şurasının gündəliyində duran aktual və təxirəsalınmaz məsələlərin nəzərə alınması ilə müəyyən edilib.

Nazir qeyd edib ki, korrupsiya ilə mübarizədə güclü əməkdaşlıq Azərbaycanın sədrliyinin əsas prioritetlərindən biri olacaq. 

Qeyd edək ki, Azərbaycan Nazirlər Kabinetinə sədrliyə başlaması ölkədə repressiyaların artması ilə yadda qaldı. Hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunusa qarşı edilənləri, NİDA-çı gənclərə hökm oxunmasını, bu hökmə etiraz edənlərin cəzalandırılmasını göstərmək olar. 

Belə olan halda Azərbaycanın açıqladığı prioritetlərə əməl edəcəyi nə dərəcədə gözlənilən və inandırıcıdır?

Milli Şuranın Beynəlxalq Əlaqələr Komissiyasının Gültəkin Hacıbəyli nazirin açıqlamasının səmimiyətdən uzaq olduğunu deyir. Çünki Elmar Məmmədyarov Azərbaycanın sədrlik müddətində üstünlük verəcəyi prioritetlərlə bağlı avropalı həmkarları ilə fikir mübadiləsi apardığı bir zamanda Bakıda 8 günahsız gəncə amansız hökmlər oxundu. Belə olan halda xarici işlər nazirinin çıxışında ümumiyyətlə səmimiyyət axtarmaq yersizdir. 

G.Hacıbəyli Azərbaycanda insan haqları sahəsində vəziyyətin gündən günə pisləşdiyini, təzyiqlərin, təqiblərin artan xətlə davam etdiyini gedir. Prioritetlərə nəzərə salanda isə təzadlar nəzərə çarpır: «Elmar Məmmədyarov korrupsiya ilə mübarizəni Azərbaycanın prioriteti elan etdikdən cəmi bir gün əvvəl mandat alverində, dövlət hakimiyyətinin mənimsənilməsi ilə bağlı korrupsiyada ittiham olunmuş Gülər Əhmədova azadlığa buraxıldı. Başqa bir prioritet olaraq insan haqları, xüsusilə təhsil sahəsində insan haqları göstərilib. İnsan haqlarının durumu NİDA-çıların həbsindən, Leyla və Arif Yunusa olan təzyiqlərdən, digər fəallara olan təzyiqlərdən, beynəlxalq təşkilatların Azərbaycanda fikir və söz azadlığı ilə bağlı tərtib etdiyi indekslərdən bəllidir. Təhsilin səviyyəsi haqqında isə ümumiyyətlə danışmağa dəyməz. Təhsilin səviyyəsinin ildən ilə aşağı düşdüyünü TQDK-nın rəsmi hesabatlarından görürük. Belə olan halda hansı təhsil hüquqlarından danışmaq olar. Aydındır ki, bu sadəcə olaraq söz xətrinə, görüntüyü yaratmaq üçün deyilən sözlərdir».

G.Hacıbəylinin sözlərinə görə, Azərbaycanın gerçəkdən Avropaya inteqrasiya, demokratikləşmə istiqamətində addımlar atmaq üçün gözəl şansları var. Ancaq təəssüf ki, bu şanslar əldən buraxılır. Bu şansıların itirilməsi isə işğal altında olan torpaqların azad edilməsini bir qədər də uzaqlaşdırır: «Ancaq bizim Avropa Şurası Nazirlər Komitəsində sədrlikdən gözləntilərimiz bu deyildi. Əminəm ki, Avropanın da gözləntiləri bu deyil».

Fizzə