“Bir pəncərə”dən baxış

“Zəngin ölkə” demək, hələ zəngin insanların yaşadığı məmləkət anlamına gəlməz. Nə çox dünyanın sərvəti başından aşan bənzər məkanlarında yoxsulluq səviyyəsindən aşağı düşüb zülm içində can çəkən insanlar. Təbii sərvət bir ölkənin qənimətidir, yoxsa lənəti, bunu söyləmək də zor. Əsrlərdir torpağı “qızıl bitirən” “odlar yurdu”nda başımıza nə odlar ələnir!.. 

Dünyada hər il ən zəngin insanların siyahısı elan olunur. Bizim ölkədə elə şəffaf bir siyahı yox. Ola da bilməz. Bir ölkədə gərək güclü sahibkarlar olsun ki, onların arasından milyoner və milyarderlər də çıxsın ortalığa. Monopoliya və özbaşınalıq sayəsində yurdun var-yoxu bir ovuc güc sahibinin cibinə axırsa, hansı sahibkarlıqdan söhbət gedə bilər? Bu baxımdan, Azərbaycan, bəlkə də, keçmiş sovet respublikaları arasında sahibkarlıq mühitinin ağır şərtlərinə görə birinci yerdə dayanır.   

Bu günlərdə Qazaxıstan hökuməti investorları 10 illik korporativ gəlir vergisi ödənişindən azad edəcəyini açıqlayıb. Prezident Nazarbayev investorlar üçün daha münbit şərait yaratmaq məqsədlə yeni qanun qəbul edəcəyini deyib. Prezident qeyd edib ki, bu işi daha sadə üsulla, “bir pəncərə” prinsipi ilə həyata keçirmək niyyətindədirlər.  Qazaxıstanla bir çox bənzərliklərimiz olsa da, orada biznesə yaradılan şəraiti heç bir baxımdan bizim ölkədəki mühitlə müqayisə etmək olmaz. Hətta orada özünə əngəlsiz olaraq biznes qurub, böyük sərvət qazanan həmyerlilərimiz də az deyil. 

Elektron hökumətin əsas elementlərindən hesab edilən “bir pəncərə” prinsipi xeyli vaxtdır Azərbaycanda da tətbiq olunmaqdadır. Sahibkarlıq mühitində bürokratik əngəllərin azaldılmasını və biznesin inkişafını nəzərdə tutan bu prinsipin iş adamlarına nə dərəcədə faydası toxunduğunu bilmirəm. Amma görünən fakt odur ki, onun böyük mənada sahibkarlığa bir köməyi dəyməyib. Sanki bizdə bu prinsipi kontekstdən çıxarıb, başqa “bir pəncərə”yə yönəldiblər. Bütün hesablar o tək pəncərədən gəlir, o pəncərədən də çıxır. Məlum yerdə növbə tutub gözləyənlərə isə, demək olar ki, heç nə çatmır. 

Şübhəsiz, ölkədə bolluğun və zənginliyin açarı olan sahibkarlığın çiçəklənməsi üçün ilk növbədə onların yolundakı əngəllər aradan qaldırılmalı, azad rəqabət mühiti yaranmalıdır. Hər kəs bilir ki, illərdir bizdə bunun tam əksi baş verir. Azacıq başını qaldırmaq istəyənin layiqli “payı” verilir, başından basılır və yerindəcə oturdulur. Bütün bu təkbaşınalıq hikkəsinin çomağı da yenə sadə insanlara dəyir. Qiymət artımı gündən-günə yuxarı qalxır və insanlar yoxsullaşmaqda davam edir. 

Xalqı bu yollarla yoxsullaşdıran hökumətin həyata keçirdiyi heç bir sosial proqram köklü yaraları sağaltmağa yetməz, əlbət. Amerikan iqtisadçı alimi Artur Ouken bu kimi proqramları “deşik vedrə” adlandırırdı. Alim deyirdi ki, hökumətin yoxsulluğun aradan qaldırılması üçün həyata keçirdiyi bu sosial proqramları deşik bir vedrəyə bənzəyir. Onun içinə su doldurub ən yüksək sürətli qaçışla məlum nöqtəyə çatmaq istəsəniz belə, faydası yox.ÿYetişdiyiniz yerdə vedrəni boş görəcəksiniz. Məncə, artıq gerisini anlatmağa da gərək yox.